AZ EN RU

Qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir

    Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrin genişlənməsinə, yerli məhsulların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb. Təsdiq edilmiş Dövlət proqramlarının uğurla yekunlaşması və icrasının davam etdirilməsi, eləcə də həyata keçirilən davamlı islahatlar nəticəsində muxtar respublika iqtisadiyyatının möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilib.
    Bu gün 400-dən çox sənaye sahəsinin fəaliyyət göstərməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edən aqrar-sənaye diyarına çevrilib. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Bu da daxili bazarın qorunması, xaricə valyuta axınının qarşısının alınması, idxaldan asılılığın aradan qaldırılması və istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.
    Son illər Naxçıvanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçı hüquqlarının qorunmasına, əhali tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb.
    Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası işini günün tələblərinə uyğun şəkildə davam etdirir. Məhz bunun nəticəsidir ki, 2022-ci ilin ötən dövrü ərzində 566 halda hüquqi və 779 halda fiziki şəxslər tərəfindən daxil olmuş 58 mal çeşidini əhatə edən 342 halda səyyar və 1345 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri, əsasən, 1048 yerli istehsal və 297 idxal məhsullarını əhatə edib. Nəticədə, 1339 halda məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 6 halda mal nümunəsinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin aşağı olduğu müəyyən edilib.
    Muxtar  respublikada istehsal olunan məhsulların ixracı məqsədilə “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Cahan Tabak Beynəlxalq”, “Düdəngə-Şərab”, “Gəmiqaya Taxıl Məhsulları”, “Ordubad Quşçuluq”, “Gəmiqaya Plastmas Kapsul və Qapaq”, “Nehrəm Sənaye”, “Reges İnşaat Consulting Company”, “Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi”, “Sumqala Tikinti-Təchizat”, “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə və fiziki şəxs Məmmədov Ziyafəddin Məcid oğluna müvafiq mənşə sertifikatları verilib. 2022-ci ilin ötən dövrü ərzində 120 halda mənşə sertifikatının verilməsi təmin edilib. Bunlardan 85-i CT-1, 35-i isə ümumi forma mənşə sertifikatlarıdır.
    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 15.08.2022 18:00