AZ EN RU

Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş olub

    Avqustun 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşü keçirilib.
    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva “Vətəndaş cəmiyyəti institutlarının hüquqlarının müdafiəsi: Ombudsman və qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edib. Qeyd edilib ki, Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu məqsədlə Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən qeyri-hökumət təşkilatları ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir.  
    Vurğulanıb ki, ötən dövr ərzində Müvəkkil tərəfindən qeyri-hökumət təşkilatlarının hüquqi maarifləndirilməsi istiqamətində mühüm tədbirlər keçirilib, o cümlədən Müvəkkil təsisatı tərəfindən keçirilmiş tədbirlərdə onların nümayəndələrinin iştirakı təmin olunub. Həmçinin tədbirdə qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarının insan hüquqları pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayət vermək hüququ da izah olunub.
    Ombudsman Günay Rzayeva əlavə edib ki, 15 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlaması yeni reallığa qədəm qoymuş ölkəmizdə QHT-lərin, ümumbəşəri və milli dəyərlərə önəm verən, dövlətin və xalqın maraqlarını hər bir şeydən üstün tutan vətəndaş cəmiyyətinin formalaşmasının göstəricisidir.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan 
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 
mətbuat xidməti

Nəşr edilib : 30.08.2023 18:52