AZ EN RU

Qəsəbə və kəndlər abadlaşır, içməli su problemi həll olunur

Muxtar respublikanın sosial-iqtisadi inkişafına mühüm töhfələr verən Babək rayonu son illərdə abad yaşayış məntəqələri sırasına qoşulub, rayonun qəsəbə və kəndlərində aparılan tikinti-quruculuq işləri bölgənin simasını əhəmiyyətli dərəcədə dəyişib. 2023-cü ildə də rayonda müxtəlif sahələri əhatə edən təmir-tikinti, abadlıq işləri uğurla yerinə yetirilir, yeni infrastruktur layihələri icra olunur. “Nəqşicahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırda Babək şəhərinin Q.Əkbərov, M.P.Vaqif, M.Ə.Sabir və 20 Yanvar küçələrində təmir işləri həyata keçirilir. Asfalt örtük üçün yol qatı hamarlanıb, yol kənarlarına beton arx salınır, divarlarda suvaq işləri görülür.

Cari il mayın 1-dən etibarən Babək şəhər mərkəzində rayon şəhidlərinin əziz xatirəsinə həsr olunan abidə kompleksi yaradılır. Artıq abidənin hörgü, beton-konstruksiya işləri görülüb, şəhidlərin foto-şəkilləri daş üzərinə döymə üsulu ilə vurulur. Həmçinin komleksin ərazisində travertin üzləmə işləri aparılır, səkilər düzülür, yaşıllıq zolağında gülkarlıqların yerləri hazırlanır.

2020-ci ildə qəsəbə statusu alan Cəhri də Babək rayonunun abadlaşan yaşayış məntəqələri sırasındadır. Cari ildə qəsəbədə aparılan quruculuq tədbirləri çərçivəsində daha təhlükəsiz və rahat hərəkətin təmin edilməsi məqsədilə daxili avtomobil yolu genişləndirilib. Eyni zamanda ucqar yaşayış məntəqələrimizdən sayılan Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçatağ, Gülşənabad və Payız kəndlərini birləşdirən əvvəllər torpaq əsaslı olan yol da yenidən qurulub, asvalt örtük verilib, kənarlardakı hasarlar, damlar sökülərək yol ərazisi genişləndirilib. “Cahan İnşaat” MMC –nin inşaatçıları tərəfindən hazırda həm qəsəbə daxili, həm də birləşdirici yollarda təmir-tikinti işləri yekunlaşıb. Cəhri qəbiristanlığınadək uzanan yola astalt örtüyü verilməsi isə ilin bütün fəsillərində insanların öz doğmalarının məzarlarını rahat şəkildə ziyarət etmələrinə şərait yaradacaq.

Babək rayonunun Güznüt kəndində isə içməli su xəttinin çəkilməsi üçün nəzərdə tutulan məsafədə qazıntı işləri aparılıb, diametri 160 millimetrlik 6 atmosfer təzqyiqə davamlı 2700 metrlik plastik boru xətlərində diametri 150 millimetrlik siyirtmə qoyularaq qaynaq işləri görülüb. Reallaşdırılan su tikinti və quruculuq işləri rayonun Sirab kəndini də əhatə edir. Kənddə sakinlərin içməli su təminatına xidmət edən  əvvəlcədən qazılmış subartezian quyuları istismar müddətini başa vurduğundan, yenisi qazılıb. Dərinliyi 60 metr olan yeni subartezian quyusu saatda 25 kubmetr su vurmaq gücünə malikdir. Çəkilişi 5 min metr məsafəni əhatə edən su xətdinin artıq 2 min metrlik hissəsi yekunlaşıb, digər hissələrdə isə qaynaq işləri aparılır. Yenidənqurma, təmir-bərpa işləri çərçivəsində həm də istifadəyə yararsız borular diametri 160 milletr olan, 16 atmosver təzyiqədavamlı yeni borularla əvəzlənir.  Bu da imkan verir ki, su mənzilbaşına çatana qədər hər hansı itkiyə məruz qalmasın.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.10.2023 11:32