AZ EN RU

Qərənfildən xarıbülbülə uzanan tarixin baş qəhrəmanları

    Ötən günlərdə muxtar respublikada ilk olaraq Babək şəhərində şəhidlər abidə-memorial kompleksi istifadəyə verildi. Abidənin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin “Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir”, digər tərəfdə isə Prezident cənab İlham Əliyevin “Ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim bizim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır!” sözləri yazılıb. Kompleks və onun ərazisindəki “Tarix yazan qəhrəmanlar” guşəsi Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olmuş Vətən övladlarına böyük ehtiramın ifadəsidir. Həmin Vətən övladları ki öz canlarını torpaq uğrunda fəda ediblər. 

    Abidənin üzərində Babək rayonundan 64 şəhidin fotosu və məlumatları öz əksini tapıb. Şəhid valideynləri Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı tarixi Zəfər və bu Zəfərdə əvəzsiz payı olan oğullarla bağlı fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüblər. İlk olaraq “Tarix yazan qəhrəmanlar” guşəsinin önündə dayanan şəhidimiz Rasim Ramazanovun ailəsi ilə görüşdük. Şəhidimizin atası İsmayıl kişi və anası Tərlan xanım bildirdilər ki, bu abidədə oğulları Rasimin də şəkli əbədiləşib. Buranı ziyarət edən hər bir şəxs oğlum Rasim və digər qəhrəman övladlarımızı tanıyacaq. Yetişməkdə olan gənc nəsil də bu qəhrəmanlara baxıb özlərinə hər zaman örnək götürəcək. 

    Qeyd edək ki, Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək şəhərində dünyaya göz açmışdı. Vətən müharibəsində işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdi. Rasim Ramazanov oktyabrın 19-da Xocavənd döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.    

    Digər müsahibimiz Təranə Hümbətovadır. Təranə ana deyir ki, yaşadığımız qələbənin sevincini bizə bəxş edən igidlərimizin xatirəsini burada əbədiləşdirmək, gələcək nəsillərə tanıtmaq mühüm əhəmiyyət daşıyır. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbə bu abidəni ziyarət edən hər bir vətənsevərin yaddaşına həkk olunacaq. Vətən oğullarının və qızlarının şücaəti hər bir şəxsə nümunədir.
    İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olmuşdu. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri kimi İmaməddin Hümbətov Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətənə xidmətə görə”  medal­ları ilə təltif edilmişdi. 

    Babək rayon Vayxır kənd sakini, Birinci Qarabağ müharibəsi qazisi İsgəndər Əhmədov söhbət zamanı bildirdi ki, Sədərəkdə gedən döyüşlərdə yaralanıb. Həmçinin qazimiz 44 günlük Vətən müharibəsində iştirak etmək üçün dəfələrlə müraciət edib. O deyir ki, hər zaman torpaq, bayraq, Vətən, xalq uğrunda mübarizəyə hazırdır. Yaşından asılı olmayaraq, böyükdən-kiçiyə kimi hər bir azərbaycanlının qəlbində Vətən sevgisinin şövqü var. Bizə qalibiyyəti yaşadıb zəfəri bəxş edən qəhrəman oğulların ruhu qarşısında baş əyirik. 
    Şəhid Zamin Məmmədovun anası Nərgiz Həsənova: – Qəlbi daim Vətən sevdası, Vətən eşqi ilə döyünürdü. Bütün qəhrəman oğullarımız kimi Zaminin də bir amalı var idi: Əzəli yurdumuz Qarabağı azad etmək. Təəssüf ki, bu arzusuna sağ ikən çata bilmədi. Ancaq bu gün ruhu şaddır. Bütün bu yüksək duyğuları bizə Ali Baş Komandanımız və qəhrəman oğullarımız yaşadıb. Bu abidə isə həmin zəfərin simvoludur deyərdim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, bayrağımız daim ucalarda olsun.
    Şəhid baş leytenant Allahyar Telmanlının anası Nuriyə Əkbərova: – Oğlum Allahyar 2016-cı ildə Aprel döyüşlərində, silahdaşını döyüş meydanından çıxarmaq istəyərkən snayperlə başından vurulub. Göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. Yaralı olmasına baxmayaraq, ürəyindəki Vətən eşqi onu  Qarabağ uğrunda Vətən müharibəsində də iştirak etməyə sövq etdi. Allahyar kəşfiyyatçı idi. Cəbrayılın Nüzgar kəndinə üçrəngli bayrağımızı məhz övladım Allahyar sancdı. Bu abidədə övladımın şəklinin yer alması bizi qürurlandırır. 
    Xalqımız Vətən uğrunda canından keçən əziz övladlarını, tarix yazan qəhrəmanlarımızı heç zaman unutmayacaq. 

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 04.12.2023 18:06