AZ EN RU

Qərbi Zəngəzur ərazisi Ermənistan SSR-nin tərkibinə necə verildi

    Ermənistan adlandırılan dövlət tarixi Azərbaycan ərazilərində yaradılmışdır. Tarixin müxtəlif dövrlərində, xüsusilə XIX və XX əsrlərdə ermənilər bu ərazilərə köçürülmüşlər. Onlar bu ərazilərdə möhkəmləndikcə yerli azərbaycanlıları öz tarixi torpaqlarından çıxarmağa çalışmışlar. Ermənistan ərazisində qədim türk mənşəli tayfaların yaşaması barədə tarixi məlumatlar azərbaycanlıların orada miladdan əvvəl I minillikdə və erkən orta əsrlərdə yaşadığını göstərir. Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur. Tarixi İrəvan əyalətlərinin, İrəvan xanlığının və İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar, hamısının türkmənşəli olması bununla bağlıdır.

    XIX əsrin əvvəllərində Rusiyanın Qacarlar İranı və Osmanlı dövlətləri ilə apardığı müharibədən sonra ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmüşdür. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”. Şavrova görə, ermənilərə məskən salmaq üçün hökumət tərəfindən 200 min desyatin xəzinə torpağı ayrılmış və müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı alınmışdır.
    Köçürülən ermənilər, əsasən, Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və başqa ərazilərdə yerləşdirilirdi. Həmin dövrdə ermənilərin dövlətləri olmamışdır. Onların əsas məqsədi bu ərazilərdə erməni millətindən olan əhalinin sayını artırmaq idi. Bu işdə onlara böyük dövlətlər, xüsusilə çar Rusiyası, daha sonra isə Sovet Rusiyası kömək edirdi.
    1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər yarandı. Belə dövlətlərdən biri də İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası idi. Bu respublika yaradılarkən onun sahəsi 9 min kvadratkilometr idi. Bununla kifayətlənməyən erməni daşnakları qonşu ərazilərə – Azərbaycan torpaqlarına göz dikir və bunları da Ermənistan dövlətinin tərkibində görmək istəyirdilər.
    Belə ərazilərdən biri də Zəngəzur idi. Türkmənçay müqaviləsindən sonra Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılmış, beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti yeridilmişdir.
    Zəngəzur qədim və tarixi Azərbaycan ərazisidir. Ərazinin Zəngəzur adlanması da təsadüfi deyildir. “Zəngəzur” toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən “zəngi” tayfalarının adı ilə bağlıdır. Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Bu boyla bağlı Azərbaycan ərazisində Zəngilan, Zəngəran, Zəngidərə, Zəngi çayı, Zəngilər, Zəngibasar və başqa onlarla coğrafi adlar mövcuddur. Ərazinin aborigen əhalisi də Azərbaycan türkləri olmuşdur. Ümumiyyətlə, Zəngəzur ərazisində minlərlə türk mənşəli coğrafi adlar məlumdur.
    Erməni daşnakları 1917-ci ilin martından Zəngəzur türk-müsəlman əhalisinə qarşı soyqırımına başlamış, yüzlərlə kənd yerləyeksan olunmuş, on minlərlə insan məhv edilmiş, doğma yurdlarından didərgin salınmışdır.
    1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında azərbaycanlılar 55 faiz, ermənilər isə 44,3 faiz təşkil edirdi. 1918-ci ildə Zəngəzur qəzasında mövcud olan 222 yaşayış məntəqəsindən 116-sı azərbaycanlılara məxsus idi. Daşnaklar hakimiyyətə gəldikdən sonra azərbaycanlılara qarşı soyqırımını dövlət siyasəti səviyyəsində həyata keçirməyə başladı. Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Zəngəzura basqınları 1918-ci ildə 115 Azərbaycan kəndinin viran qoyulmasına və yandırılmasına, yüz minlərlə insanın qətlə yetirilməsinə, 40 min nəfərdən artıq dinc sakinin öz doğma yurdunu tərk etməsinə səbəb oldu.
    Ermənistan hökuməti tərəfindən ruhlandırılan, maliyyələşdirilən və təchiz olunan Andronik və onun quldur dəstəsi Zəngəzurda yeni-yeni özbaşınalıq və vəhşiliklər törədirdi.
    Andronikin Zəngəzurdakı “etnik təmizləmə” fəaliyyəti 1918-ci il noyabrın ikinci yarısında özünün yeni, azərbaycanlı əhali üçün daha faciəli mərhələsinə başladı. Onun quldur dəstələrinin 1918-ci il noyabrın 22-də Zəngəzur qəzasının mərkəzi olan Gorusa soxulması, qəzanın kəndlərini viran etməsi, əhaliyə divan tutması nəticəsində qısa müddətdə burada 30-dan çox azərbaycanlı kəndi dağıdıldı.
    Erməni silahlı dəstələrinin azğınlığı getdikcə daha dəhşətli xarakter alırdı. Bu özbaşınalıqlara qarşı qətiyyətli mübarizə aparmaq üçün Xalq Cümhuriyyətinin Nazirlər Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti general-qubernatorluğa fövqəladə səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu.
    Nazirlər Şurasının iclasında Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edildi.
    Erməni silahlılarına cavab vermək üçün Zəngəzurun bir sıra müsəlman kəndlərində özünümüdafiə dəstələri təşkil edildi. Həmin dəstələr arasında X.Sultanovun qardaşı Sultan bəyin dəstəsi daha yüksək döyüş qabiliyyətinə malik idi. Avqust ayındakı döyüşlərdə ermənilər xeyli itki vermişdilər.
    Azərbaycan hökuməti Zəngəzurda yaranmış qarışıqlığı, ermənilərin pozuculuq hərəkətlərini aradan qaldırmaq üçün müəyyən hərbi-siyasi xarakterli addımlar atmalı, bölgəyə müəyyən sayda hərbi qüvvə göndərməli oldu.
    Bu zaman Azərbaycan hökuməti Qərb dövlətlərinin təklifi ilə mübahisəli məsələlərə dair konfransda iştirak etməyə razılıq verdi. Bu məsələ Dövlət Müdafiə Komitəsində də müzakirə olundu. Qəbul edilmiş qərarda silahlı qarşıdurmanın aradan qaldırılması bildirildi.
    1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin sədrləri görüşdülər. ABŞ nümayəndələrinin vasitəçiliyi ilə təşkil edilmiş bu görüş başlıca olaraq ərazi məsələlərinin müzakirəsinə həsr edilmişdi. Azərbaycanla-Ermənistan arasında saziş imzalanır. Sazişi Azərbaycan tərəfdən N.Yusifbəyli, Ermənistan tərəfdən A.Xatisyan, ABŞ nümayəndəsi, müttəfiqlərin Ali komissarının müavini C.Rey və Gürcüstanın Xarici İşlər naziri Gekoçkori imzalayırlar. Saziş 5 bənddən ibarət idi:
    1. Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürlər.
    2. Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və açılması, onlarla dinc hərəkətlər üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.
    3. Ermənistan və Azərbaycan hökumətləri sərhəd haqqında məsələlər də daxil olmaqla, bütün mübahisəli məsələləri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürlər. Dinc saziş qeyri-mümkün olduğu halda, hər iki hökumət üçüncü tərəf-münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs seçməyi və onun qəzalarını məcburi qəbul etməyi razılaşdırırlar: hazırkı dövrdə belə bir bitərəf şəxs kimi polkovnik Rey tanınır.
    4. Ermənistan-Azərbaycan konfransını 1919-cu il noyabrın 26-da Bakıda açmaq qərara alınır.
    5. Bu saziş imzalandığı gündən həqiqi sayılır və respublikaların parlamentləri tərəfindən təsdiq olunduğu vaxtdan isə qüvvəyə minir.
    Bu saziş müvəqqəti xarakter daşıyırdı. Çünki sazişə görə dövlətlərarası mübahisəli məsələlərin bütün kompleksini yalnız qarşıdakı Ermənistan-Azərbaycan konfransı həll edə bilərdi. Sazişin nəticələrinə gəldikdə isə onlar Azərbaycan tərəfi üçün faydalı olmadı, əksinə, onun siyasi və hərbi maraqlarına xələl gətirdi. Ermənilərin səmimi olmalarına inanan müttəfiqlərin müraciətlərini əsas tutan Azərbaycan hökuməti razılaşdırılmış məsələlərin həllini gözləmədən öz qoşun hissələrini Zəngəzurdan çıxartdı. Saziş ərəfəsində və onun bağlandığı günlərdə belə Zəngəzurda hərbi əməliyyatları davam etdirən Ermənistan hökuməti bu şəraitdən faydalanaraq dərhal bölgəyə əlavə nizami silahlı qüvvələr yeritdi. Nəticədə, Zəngəzur mahalının azərbaycanlı əhalisinə divan tutuldu. Zəngəzurun Oxçu, Şabadin, Pirdavdan, Atqız, Oxçudərə və başqa kəndlərinə amansız cəza verildi, talanlar edildi.
    Vəziyyətin gərginləşməsi Azərbaycan Xalq Cümhuriyyətini və mahalın əhalisini ciddi əməli addım atmağa məcbur etdi. Qəzanın əhalisindən ibarət partizan dəstələri yaradılaraq cəbhə xəttində yerləşdirildi. Gəncə batalyonu Zəngəzura göndərildi. Bu tədbirlər sayəsində qısa müddətdə sakitlik yaransa da, bu, çox çəkmədi.
    1920-ci il aprelin əvvəllərində Tiflisdə keçirilən konfransda Azərbaycanın konfederasiya yaratmaq və onun sərhədlərini birgə müdafiə etmək haqqında təklifinə cavab olaraq Ermənistan nümayəndəsi A.Aqoranyan açıq şəkildə bildirdi ki, Ermənistan İrəvan qəzasından ibarət olan müstəqil Ermənistanın indiki sərhədləri ilə razılaşa bilməz.
    1920-ci il aprelin 28-də Bakıda dövlət çevrilişi nəticəsində bolşeviklər hakimiyyətə gəldilər. Rusiyanın ordu hissələri Bakını tutduqdan sonra Azərbaycanın Naxçıvan, Zəngəzur və başqa bölgələrini də yenidən işğal etmək üçün xüsusi hərbi əməliyyatlar hazırladılar. Bu dövrdə Ermənistanın həmin bölgələrə dair ərazi iddiaları davam etdiyindən onunla Azərbaycan arasında hərbi-siyasi qarşıdurma nəinki səngimədi, əksinə, daha da qüvvətləndi.
    1920-ci il aprelin 30-da Azərbaycan SSR XXİK-in müavini M.D.Hüseynov Ermənistan hökumətinə nota göndərdi. Bu notada aşağıdakı tələblər irəli sürülmüşdü: Üç gün müddətində Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləmək; öz sərhədlərinə çəkilmək və millətlərarası qırğına və ədavətə son qoymaq.
    Ermənistan İnqilab Komitəsi bu notanı aldıqdan sonra Rusiyanı məlumatlandırır, Qarabağda və Zəngəzurda erməni qoşunu olmadığını bildirir. Ermənistan həm də bu məsələdə sovet Rusiyasının vasitəçilik etməsini istəyirdi. Ermənistan Qarabağı və Zəngəzuru özlərininki saydığından yalan məlumatlar verirdi. Onlar həm də Qarabağ və Zəngəzur mahallarının Türkiyə ilə birləşmə ehtimallarını irəli sürməklə Rusiyaya müəyyən eyhamlar çatdırırdı.
    Sovet Rusiyası Ermənistanı da özünün asılılığına keçirmək üçün sovet Azərbaycanının torpaqları hesabına onu sovetləşdirmək istəyirdi. Bunun üçün Azərbaycanın bir sıra ərazilərini mübahisəli sayırdı. Çiçerin Orconikidzeyə ünvanlandığı teleqramda bildirirdi ki, “Bakıdakı böyük nüfuzundan istifadə edib Azərbaycan hökumətinin Şərur-Dərələyəz qəzasının deyil, Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi etirafına nail olmağı xahiş edirik”. İyunun 19-u teleqramında bildirirdi ki, Qarabağ, Zəngəzur, Naxçıvan, Culfa nə Ermənistana, nə Azərbaycana birləşdirilməli, yerli sovetlərin razılığı ilə Rusiya qoşunlarının işğalı altında olmalıdır.
    N.Nərimanovun, Gürcüstan və Ermənistan rəhbərlərinin Çiçerin və Orconikidzeyə göndərdikləri məlumat maraq doğurur: “Artıq sovet Azərbaycanının tərkibinə daxil olan, guya mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə bildiririk ki, bu yerlər mübahisəlidir və bundan sonra da Azərbaycanın hüdudlarında yerləşdirilməlidirlər. Başdan-başa müsəlmanlarla məskunlaşan, bir ildən artıqdır ki, ayrı düşən və yerli əhalinin qüvvələri ilə daşnak hökumətindən müdafiə olunan Culfa və Naxçıvan rayonları həm hərbi cəhətdən, həm də Türkiyə ilə bilavasitə əlaqə məqsədilə bizim qoşunlarla tutulmalı və Azərbaycana birləşdirilməlidirlər”.
    Orconikidze iyun teleqramında Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul etdiyi halda, Çiçerinə vurduğu iyul teleqramında Zəngəzuru mübahisəli ərazi elan edərək digər bölgələrin... Ermənistana birləşdirilməsi fikrini irəli sürmüşdü.
    Zəngəzurda sovet hakimiyyəti elan edilsə də XI ordunun loyal mövqeyi nəticəsində Njde və Dronun silahlı qüvvələri bildiklərini edir, nəticədə, ermənilər qəza inqilab komitəsi yaratdılar. Azərbaycan Gorusda Zəngəzur qəza komitəsi yaratdı və komitənin sədri Şirvani, onun müavini isə milliyyətcə erməni olan Qaragözov təyin edildilər. Ancaq, təəssüf ki, Zəngəzura sovet hakimiyyəti tərəfindən heç bir kömək və yardım göstərilmədi.
    Moskvaya Zəngəzurun kimin torpağı olması o qədər də maraqlı deyildi. Ona Ermənistanda sovet hökumətini qurmaq maraqlı idi. Sovet Rusiyası Azərbaycanda sovet hökuməti qurulduqdan sonrakı aylarda Zəngəzuru, Qarabağ və Naxçıvanı hər bəhanə ilə Azərbaycana qaytarmağın zəruriliyini qeyd edirdisə, artıq Ermənistanda sovet hökuməti qurulduqdan sonra sovet rəhbərliyi başqa bir tezislə “yalnız sovet hakimiyyəti Zəngəzuru Ermənistana birləşdirə bilər və Qarabağa muxtariyyət hüququ verə bilər” tezisi ilə çıxış etməyə başladı.
    Ermənistanda sovet hakimiyyəti qurulana qədər Stalin “Zəngəzur və Naxçıvanı Ermənistanın indiki hökumətinə vermək olmaz” deyirdisə, Ermənistanda sovet hakimiyyəti qurulduqdan iki gün sonra-dekabrın 1-də Stalin Bakı sovetində keçirilən iclasda N.Nərimanovu Zəngəzurun sovet Ermənistanına verilməsi barədə bəyanatla çıxış etməyə məcbur etmişdi. Həmin bəyanatda Zəngəzur və Naxçıvan qəzaları sovet Ermənistanının ərazisi elan edilirdi.
    Stalin və Orconikidze bu “bəyanatı” tamamilə bəyəndiklərini bildirmişdilər. Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” kimi qiymətləndirmişdi. Stalin isə fikrini belə ifadə etmişdi: “Dekabrın 1-də sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir. Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın sovet Ermənistanına verilməsini elan edir”.
    N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini etiraf etmiş, onu millətçilikdə günahlandıranlara cavab olaraq demişdir: “Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti... millətçilik əhvali-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı, Gürcüstana müftə neft verilməzdi”.
    Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşmış, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi – 4,5 min kvadratkilometr ərazisi Ermənistana ilhaq edilmişdi. Bu tarixi səhvin nəticəsində Zəngəzur mahalının qərb hissəsi itirildi və hətta Azərbaycanın 1921-ci ildə tərtib olunan xəritələrində belə Ermənistanın ərazisi kimi verildi.
    Qərbi Zəngəzurun itirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir: “XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
    Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR 9-cu qəza olan Zəngəzur qəzasını yaratdı. Zəngəzur qəzasının tərkibində indiki Sisyan, Qafan, Gorus rayonları və Meğri (Mehri) rayonunun bir hissəsi daxil edildi. Zəngəzur bir tarixi vilayət kimi ləğv edildi.
    Zəngəzurun Ermənistana verilməsi prosesi sonrakı illərdə də davam etdirildi. 1927-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Azərbaycanın Mehri-Cəbrayıl qəzasının 27 kəndi, Zəngəzur-Kürdüstan qəzasının isə 10 min desyatindən çox yaylaq ərazisi Ermənistana peşkəş edildi. 1929-cu il fevralın 18-də isə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Zəngilan rayonunun daha 3 kəndi – Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni rayonu – Menru rayonu təsis edildi.
    Tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana ilhaq edilməsi ilə birgə Azərbaycana daha bir zərbə vurulmuş, Naxçıvan Azərbaycandan ayrı salınmışdı. Ermənilərin məqsədi Naxçıvanı ilhaq etmək idi. Naxçıvanın qəhrəman övladlarının sayəsində ermənilər buna nail ola bilmədilər. 1923-cü ildə Ermənistanın ilk baş naziri O.Kaçaznuni öz hesabatında bunu açıq etiraf etmişdir.
    İkinci Dünya müharibəsi ərəfəsində Zəngəzur ərazisindən keçməklə Naxçıvan ərazisinə dəmir yolu çəkilmişdir və onun fəaliyyəti XX yüzilliyin 90-cı illərinin əvvəlinə kimi davam etmişdir. Lakin Ermənistanın Dağlıq Qarabağı Ermənistana birləşdirmək siyasəti Azərbaycan-Ermənistan qarşıdurmasına və müharibələrinə gətirib çıxarmışdır. Bundan istifadə edən Ermənistan Naxçıvana gələn kommunikasiyaları Zəngəzur dəhlizində kəsmiş, nəticədə, Naxçıvanın Azərbaycanla quru əlaqəsi pozulmuş, ərazi blokada vəziyyətinə düşmüşdür. Otuz ildir ki, Naxçıvan blokada şəraitində yaşayır.
    Dağlıq Qarabağın və onun ətrafındakı rayonların azad edilməsi üçün 44 gün davam edən Vətən müharibəsi – İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Zəngəzuru bir daha gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il 10 noyabr Bəyanatının sonuncu, 9-cu bəndində göstərilirdi ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Bəyanatda ümumi şəkildə ifadə edilməsinə baxmayaraq, bu maddənin mərkəzi məsələsini Zəngəzur dəhlizi təşkil edir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsindən bəhs edərkən demişdir: “... Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik. Bu, eyni zamanda bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq, bu, beynəlxalq leksikona da daxil edilibdir”.
    Tarixi Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinə xüsusi yer verilmişdir. Bəyannamədə deyilir: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.
    Zəngəzur dəhlizi məsələsi ilə birgə, işğaldan azad edilmiş ərazilərin iqtisadi baxımdan rayonlaşdırılması istiqamətində də ciddi addım atıldı. Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yenidən bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı.
    Zəngəzurla bağlı mühüm geosiyasi və iqtisadi məsələlərin gündəmə çevrilməsi onun tarixini də aktuallaşdırmışdır.
    Göründüyü kimi, sovet hakimiyyəti illərində həyata keçirilən erməni yönlü siyasət, etnik təmizləmə prosesi indi Ermənistan deyilən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların didərgin salınmasına səbəb oldu.
    Yaradılarkən, hətta on min kvadratkilometr əraziyə malik olmayan Ararat Respublikası 1920-ci ilin ortalarında dövlətin adını Ermənistan Respublikasına çevirməklə Azərbaycan torpaqlarına yiyələnmək üçün himayədarlarının köməyi ilə mərhələ-mərhələ öz məqsədlərinə nail olurdu. Təbii ki, sovet Rusiyası, sonra isə SSRİ deyilən imperiya və onun ermənipərəst rəhbərləri bu sahədə onlara hər cür kömək və yardım göstərirdilər. Ərazinin qədim sakinləri həmin ərazilərdən deportasiya olundu, qaçqın və məcburi köçkünə çevrildi. Azərbaycanlılara məxsus tarixi torpaqlarda ermənilər məskunlaşdırıldı. Bundan sonra ermənilərin Zəngəzura, Naxçıvana, İrəvana, Qarabağa, Dərələyəzə torpaq iddiaları artdı. Bunların bir qisminə nail olub, yiyələndilər. “Böyük Ermənistan” uydurması ilə tarixi torpaqlarımıza yiyələnmək arzusundan əl çəkmədilər.
    Lakin bu ədalətsizlikləri Azərbaycan xalqı unutmur, öz tarixi torpaqlarına qayıtmaları üçün fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq etdi. Sərhədlərin delimitasiya və demarkasiyası itirilmiş torpaqlarımızın qaytarılması üçün əsas verir. Bununla da, iki yüz ildən artıq davam edən erməni ideologiyasına son qoyulacaqdır. Başqa ərazilərlə yanaşı, Qərbi Zəngəzur torpaqları da ana Vətənlə birləşəcəkdir.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Nəşr edilib : 22.09.2023 19:50