AZ EN RU

Qərbi Azərbaycanla bağlı həqiqətlər gənc nəsilə təbliğ olunur

Naxçıvan Muxtar Respublikasında ali təhsil müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Qayıdış: Qərbi Azərbaycan” mövzusunda seminar keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatı və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirin məqsədi tarixi Azərbaycan torpaqlarının tədqiqi və qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətlərində görülən işlərdən gəncləri xəbərdar etmək, bu müstəvidəki həqiqətlərin təbliğində onların roluna zəmin yaratmaqdan ibarət olub. 

Tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı Azadə Əliyeva 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi qələbəni xatırladaraq deyib ki, regionda və bütövlükdə dünyada geosiyasi vəziyyət dəyişib və Qərbi Azərbaycanla bağlı atılan addımların əsas məqsədi bir zamanlar orada yaşayan soydaşlarımızın hüquqlarının bərpa edilməsinə hesablanıb. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində ciddi işlər gedir və bu prosesdə gənclərin informasiya bazasının genişləndirilməsi önəmli məsələdir. 

Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara bu sahədə aparılan tədqiqatlar, görülən işlər və gələcək perspektivlər haqqında məlumat verib. Qeyd olunub ki, xalqımız ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Buradakı türk-müsəlman abidələrinin çox böyük bir hissəsi məhv edilib, yerdə qalanları isə saxtakarlıqla özününküləşdirilib. Bütün bu haqsızlığa rəğmən müasir Azərbaycan dövləti öz soydaşlarının hüquqlarını bərpa etmək üçün çox ciddi addımlar atır. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşünü xatırladan Elçin Zamanov bu hadisənin tarixi, siyasi, eyni zamanda, mənəvi baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: Əlavə olunub ki, dövlət başçısının Qərbi Azərbaycana qayıdışımızla bağlı proqram xarakterli çıxışı hər birimizin qarşısında çox böyük vətəndaşlıq məsuliyyəti yaradır: “Hamılıqla bu haqq mübarizəsinə qoşulmalı və Qayıdış Konsepsiyasının uğurla həyata keçirilməsinə töhfə verməliyik”.   

Tədbir diskussiya formatında davam edib. 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.05.2023 17:53