AZ EN RU

Qərbi Azərbaycanın tarixinə həsr edilmiş konfrans

    AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
    Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, əsrlər öncə ermənilər əzəli ərazilərimizə məqsədli köçürülmüş, sonralar tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirmiş, öz məkrli niyyətlərini həyata keçirmək üçün xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətmiş, deportasiyaya məruz qoymuşlar. Havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda 499 Azərbaycan kəndini dağıtmış, 704 kəndin türkmənşəli adını dəyişmiş, bölgəni süni şəkildə erməniləşməyə məruz qoymuşlar.
    Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün apardığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bölmə sədri ölkə başçısının 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq bildirib ki, həmin tədbirdə Prezident cənab İlham Əliyev geniş nitq söyləmiş, həmin çıxış Qərbi Azərbaycana qayıdışın təməlini formalaşdırmış, geri dönüşün reallaşması üçün istiqamətləndirici amil olmuşdur. Alim Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının artıq hazırlandığını və bu istiqamətdə bir çox işlərin görüldüyünü deyib. Akademik Naxçıvanda da Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, toponimləri və folkloru, Qərbi azərbaycanlıların bu qədim diyarda məskunlaşması ilə bağlı çoxsaylı elmi-tədqiqat işlərinin aparılmasından da danışıb. 
    Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təsvirlərinin Naxçıvan paralelləri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Qərbi Azərbaycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, elmi işçi Aysel İsmayılova “Qərbi Azərbaycanın tarixi-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzularında məruzə ediblər.
    Məruzələrdə Dərələyəz və Göyçə mahallarının əzəli Azərbaycan torpaqları olması faktına diqqət çəkilib, bölgənin tarixən türklərə məxsusluğu, buradakı türkmənşəli toponimlər,mövzu ilə bağlı tədqiqatlar diqqətə çatdırılıb. 
    Konfransa akademik İsmayıl Hacıyev  yekun vurub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 15.09.2023 19:24