AZ EN RU

Qərbi Azərbaycanın qədim türk diyarı olması danılmaz bir həqiqətdir

Tarixi Azərbaycan torpaqları

      Tarixi həqiqətdir ki, əzəldən bəri Vətənimizə göz dikmiş mənfur erməni qonşularımız torpaqlarımızda kütləvi qırğınlar, soyqırımlar törətmiş və soydaşlarımızı yaşadıqları doğma yurd yerlərindən didərgin salmışlar. Xalqımızın tarixinə qara ləkə kimi yazılan nankor ermənilər daim bizə qarşı məkrli planları  ilə, sadəcə, xəyanətkarlıq və vandallıq nümunəsi olmuşlar. Bu, bir tarixi həqiqətdir ki, Qərbi Azərbaycanda vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə başqa yerlərdən axışıb gəlmişlər. Onlar məqam düşdükcə buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış, xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar. Fitnəkar ermənilər 1905-1906-cı illərdən 1988-1989-cu illərə kimi uzun bir müddət kütləvi deportasiya, repressiyalar həyata keçirmişlər. “Etnik təmizləmə” adlanan bu siyasi planlamanın məqsədi isə azərbaycanlıları dədə-baba torpaqlarından çıxarmaq, həmin torpaqlara sahib olmaq idi. Onların həyata keçirdikləri bu siyasət isə soydaşlarımızın müxtəlif ölkələr, yurdumuzun digər bölgələri və muxtar respublikamızda məskunlaşmaları ilə nəticələnib.
    Biz də Qərbi Azərbaycandan çıxarılan soydaşlarımızla görüşmək, onların bugünkü həyat tərzi ilə daha yaxından tanış olmaq üçün Kəngərli rayonunun Çalxanqala kəndinə yollandıq. Qərbi Azərbaycandan muxtar respublikamıza deportasiya edilmiş Çalxanqala kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Həsənov ilə həmsöhbət olduq. 1958-ci ildə Dərələyəz mahalının Əzizbəyov rayonunun Zeytə kəndində anadan olan, ömrünün 30 ilini həmin kənddə keçirən Bəxtiyar müəllim boya-başa çatdığı, uşaqlıq-gənclik illərini keçirdiyi doğma ocağından, kəndindən necə ayrıldığını dərin kədərlə danışır:
    – Kəndimiz Zeytə çayının sahilində yerləşir. Bildiyimə görə, ermənilər 1991-ci ildən bu kəndi “Zedsa” adlandırıblar. Zeytə zəngin təbiəti, saf havası, səfalı bulaqları, otlaqları, ucsuz-bucaqsız düzənlikləri, ərik və üzüm bağları ilə dillər əzbəri idi. 30 yaşına kimi yaşadıqları xatirələr barəsində danışdıqca sanki gözlərində doğma yurd həsrəti boylanırdı. Bəxtiyar müəllim deyir ki, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) təhsil alıb, 1987-ci ildən Gömür kəndində müəllim kimi fəaliyyətə başlayıb. Ermənilərin törətdikləri kütləvi deportasiyalar zamanı, yəni 1988-ci ilin dekabrında Naxçıvana gəlib. Bir il sonra isə Çalxanqala kənd tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 
    Bir qədər Qərbi Azərbaycanda yaşadığı günlərə qayıdan Bəxtiyar müəllim kəndin ağsaqqal və ağbirçəklərindən bir vaxtlar ermənilərin onlara qarşı olan münasibətləri barədə eşitdiklərini dilə gətirərək deyir ki, sovet hökuməti dövründə onlar əl altından iş görməyə başlamışdılar. Zahirdə biz gənclər bunu görmürdük. Ancaq yaşlılar tez-tez bu əsilsiz-köksüz millətdən özünüzü qoruyun, – deyirdilər. Sanki onlar nə isə xoşagəlməz hadisələr olacağını bilirmişlər. Və belə də oldu. 1988-ci ildə ermənilərin iç üzü yenidən göründü. Kənddə yaşayan azərbaycanlıların acınacaqlı günləri də elə o vaxt başladı. Xeyli məsləhətləşmələrdən sonra oradan çıxdıq...
    Müsahibim sözünə ara verib dayanır. Hiss edirəm ki, fikir-xəyalı o yerlərə qayıdıb. 
    Bəxtiyar müəllim fürsətdən istifadə edərək dövlətimiz tərəfindən gördüyü qayğıya görə özü və ailəsi adından minnətdarlığını dilə gətirir. Deyir ki, dövlətimizin Qərbi Azərbaycandan gələn vətəndaşları hərtərəfli himayə etməsi bizə göstərilən böyük diqqətin ifadəsidir. Doğma yurdlarından sürgün edilən müsahibimiz vurğulayır ki, ev və işlə təmin olunub. O da bir tarix müəllimi, yaşadığımız tarixin canlı şahidi kimi şagirdlərini bu barədə daha dolğun məlumatlandırır, dövlət siyasətini təbliğ edir. Qeyd edir ki, azərbaycanlıların əzəli torpaqlarımızdan deportasiya edilməsi Azərbaycan xalqına qarşı törədilmiş bir cinayətdir və gec-tez cinayətkarlar öz cəzalarına çatacaq, doğma yurd həsrətinə son qoyulacaq. Buna ölkə başçımız da əmindir: “Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız onların yaxınları, qohumları, nəvələri tarixi diyarımız, Qərbi Azərbaycana qayıdacaqlar. Bu gün gələcək və Qərbi azərbaycanlılar böyük coşqu, sevinc və həvəs ilə öz doğma torpaqlarına qayıdıb yaşayacaqlar”. 
    Bu sözlər hər bir qaçqın və məcburi köçkün olan soydaşımızın qəlbindəki yurd həsrətinə təsəlli, geri dönəcəyi günə isə böyük inamdır. 

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 13.09.2023 19:25