AZ EN RU

Qərbi Azərbaycanın mədəniyyət izləri

  Dünya alimlərinin araşdırmaları sübut etmişdir ki, 
urartuların ermənilərlə heç bir etnik bağlılığı yoxdur

    Qərbi Azərbaycanda yerləşən qədim mədəniyyətlərin tədqiqi bu mədəniyyətlərin Azərbaycanda formalaşan mədəniyyətlərlə bağlı olduğunu deməyə imkan verir. Paleolit dövründən başlayaraq bu ərazilər Azərbaycanda məskunlaşan qədim tayfaların vətəni olmuşdur. Neolit və Eneolit dövrlərində Qərbi Azərbaycan Azərbaycanın cənub bölgələrində və Qarabağda məskunlaşan tayfaların yaylaqları olmuşdur. Tunc dövrünün müxtəlif mərhələlərində Qərbi Azərbaycanda yayılan mədəniyyətlər Urmiya hövzəsi, Naxçıvan və Qarabağda yayılan mədəniyyətlərlə ortaq xüsusiyyətlərə malikdir.
    Xalqımızın qürur mənbəyi olan 2020-ci ilin 44 günlük müharibəsi tarixboyu torpaqlarımıza, yurd yerlərimizə göz dikən erməni vandallarına layiqli cavab oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəsiyyətinə əməl edərək 2023-cü ilin 19 sentyabrında antiterror əməliyyatını müvəffəqiyyətlə başa çatdıraraq torpaqlarımızı yadelli işğalından azad etdi. Torpaqlarımızın yadelli işğalından azad olması XX əsrin əvvəllərində sovet dövləti tərəfindən ermənilərə bəxşiş edilən Qərbi Azərbaycan torpaqlarının geri qaytarılması məsələsini də gündəmə gətirmişdir.     Araşdırmalar göstərir ki, Qərbi Azərbaycanda yerləşən Göyçə mahalının tarixi Qədim Daş dövrünə gedib çıxır. Göyçə hövzəsində Quru Xarabadan aşkar olunan obsidian alətlər burada Paleolit dövründən yaşayış olduğunu göstərir. Lakin indiki Ermənistana qatılan Qərbi Azərbaycan torpaqlarının kimə məxsus olduğunu aydınlaşdırmaq üçün çox da qədimə getməyə ehtiyac qalmır. XIX əsr mənbələrində, xüsusilə rus tədqiqatçılarının əsərlərində Göyçə mahalındakı yer-yurd adlarının türk dilində olması bu baxımdan diqqətəlayiqdir. Rus tədqiqatçısı A.A.İvanovski Rusiya hakimiyyətinə aid ərazilərin təsvirini verərkən bu ərazini “Göyçə gölü hövzəsi” adlandırmışdır. Tədqiqatçı bu sözün “Göyçə”, yaxud “Göy çay” olduğunu və türk dilində mavi su anlamında işlədildiyini qeyd etmişdir. Göyçə gölü qərbdən Şorgöl, şərqdən Adtəpə burunlarının bir-birinə yaxınlaşması ilə iki qeyri-bərabər hissəyə ayrılır. Gölün şimal-şərq sahili boyunca uzanan Şahdağ, yerli əhali tərəfindən Güney, ondan qərbdəki dağlar isə Pəmbək adlanır. Hər iki silsilə Kömürlü dağın yaxınlığından keçir. Güney silsiləsinin ən yüksək zirvələri Maralcadağ (2606 m), Soyuqbulaq (2684 m), Kirkitdağ (2749 m), Əyricə (2660 m), Qaraarxac (3057 m), Ginaldağ (3370 m) və digərləridir. Gölün cənubundan şimala doğru Qarabağ silsiləsi uzanır. Gölün cənub-qərb tərəfində Bəkləmiş, Dərələyəz, Gözəldərə, Qaraxlı, Abdul-Hassar, qərbdə Əyricə, Ağdağ, Üçtəpə və digər dağ silsilələri vardır. Bu yer adlarının siyahısını daha da artırmaq olar və bunların içərisində heç bir erməni adına rast gəlinmir. Sadəcə, bəzi yer adları rus sözləri ilə əvəz edilib. 
    Göyçə hövzəsində yerləşən Göyhasar və Göyəm obsidian yataqları qədim dövrlərdən Azərbaycan ərazisində yerləşən I Kültəpə, Naxçıvantəpə, Uçan Ağıl, Ovçular təpəsi, Zirincli və digər yaşayış yerlərində məskunlaşan tayfalar tərəfindən istismar olunub. Daha doğrusu, bu yerlər Urmiya hövzəsi, Qarabağ və Naxçıvanda məskunlaşan tayfaların yaylaqları olub. Azərbaycanın Neolit dövrü tayfaları istehsal təsərrüfatını yüksək səviyyədə mənimsəmişdilər. Köçmə maldarlıqla məşğul olan bu tayfalar qonşu ərazilərlə əlaqə saxlaya bilmiş, Göyçə və Zəngəzuradək gedib çıxmışdır. Göyçə hövzəsinin və Zəngəzur obsidianlarının bu tayfalar tərəfindən istifadə olunması bunu təsdiq edir. I Kültəpə sakinləri Göyçə obsidianından eradan əvvəl VII minilliyin ikinci yarısından başlayaraq istifadə etmişlər. Obsidian yataqları Naxçıvanda və Şimal-Qərbi İranda yoxdur. I Kültəpə sakinləri başlıca olaraq Zəngəzur (49 faiz) və Göyçə hövzəsində yerləşən Göyhasar (50 faiz) obsidianından istifadə etmişdir. Naxçıvantəpədəki obsidian alətlərin araşdırılması Göyçə, Zəngəzur və Şərqi Anadolu obsidianından istifadə olunduğunu göstərmişdir. Son araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Zəngəzur obsidianı üstünlük təşkil edir. Digər yataqların obsidianlarından isə olduqca az istifadə edilmişdir. Qarabağda yerləşən Çalağantəpə və Töyrətəpə yaşayış yerlərinin sakinləri də Göyhasar obsidianından istifadə etmişdir. Qeyd etmək lazımdır ki, I Kültəpə yaşayış yeri Göyçə obsidianından istifadəyə görə Cənubi Qafqazda xüsusilə üstün mövqeyə malikdir. Buna görə də Kültəpədə məskunlaşan tayfaların obsidian yataqları ilə birbaşa əlaqəsinin olduğunu demək olar. Zəngəzur və Göyhasarın obsidian yataqları Eneolit dövründə də geniş istifadə olunmuşdur. Belə ki, Naxçıvantəpədə Zəngəzur obsidianı 42 faiz, Göyhasar obsidianı isə 37 faizdir. Ovçular təpəsi yaşayış yerində isə obsidianın 74 faizi Göyhasardan, 13 faizi isə Zəngəzurdan gətirilmişdir. Arazdan cənubda yerləşən yaşayış yerləri də Naxçıvandan 45 kilometr şimalda yerləşən Zəngəzur obsidianından (95 faiz) istifadə etmişdir. Urmiya hövzəsində Xoy ovalığındakı obsidianların analizi Nemrut Dağ və Zəngəzur obsidianının çoxluq təşkil etdiyini göstərmişdir. Dava Göz yaşayış yerində də Zəngəzur obsidianından istifadə çoxluq təşkil edir. Şübhəsiz ki, obsidian mənbələrinin istismar edilməsi regionlararası əlaqələrin yaranmasında müəyyən rol oynamışdır. İstər Dalmatəpə, istərsə də Ovçular təpəsi mədəniyyətinin yayılma arealı Naxçıvan torpaqlarının Azərbaycanın cənubda yaşayan tayfaları ilə şimalda yaşayan tayfaları arasında körpü rolu oynadığını göstərir. Bu vəsilə ilə Azərbaycanın cənubundakı mədəniyyətlər şimala doğru yayılaraq Ağrı bölgəsi, Göyçə hövzəsi və Zəngəzuru əhatə etmişdir.
    Bədxah qonşularımız uzun müddət, xüsusilə sovetlər dövründə Azərbaycanın cənub bölgələrində yayılan mədəniyyətləri öz adlarına çıxmağa çalışmış, abidələrin və mədəniyyətlərin adlarını belə saxtalaşdırmışlar. Neolit dövrünə aid olan Mahaltəpə və Xatunarx yaşayış yerlərini uyğun olaraq Arataşen və Aknaşen adlandırmışlar. Orta Tunc dövründə İrəvan yaxınlığındakı Təzəkənd kəndi ilə bağlı olan “Təzəkənd mədəniyyəti”ni Karmirberd mədəniyyəti kimi qələmə vermişlər. Lakin onların bu saxtakarlığı elm aləmində möhkəmlənə bilməmişdir. Azərbaycan tədqiqatçılarının Şərur rayonundakı Qızqala yaşayış yerində apardığı araşdırmalar Orta Tunc dövrü “Boyalı qablar mədəniyyəti”nin Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda məskunlaşan oturaq və köçmə həyat tərzini mənimsəmiş tayfalar tərəfindən yaradıldığı, Göyçə hövzəsinə doğru uzanan yaylaqların Naxçıvanda yaşayan tayfaların məskəni olduğu sübut edilmişdir. Qızqala kurqanlarındakı insan skeletlərinin dişlərindən götürülən izotopların analizi Orta Tunc dövrü tayfalarının Şərur rayonunda Arpaçay vadisində məskunlaşdığını, yayda Arpaçay vadisi boyunca Göyçə hövzəsinə doğru irəliləyərək bu bölgədəki yaylaqlarda yerləşdiyini göstərir.
    Rus tədqiqatçıları Göyçə hövzəsində “Quru Xaraba” adlı yerdə qeydə alınan kurqanların Monqolustanda Orxon vadisində aşkar olunan kurqanlarla bənzər olduğunu qeyd etmişlər.
    Son Tunc və Erkən Dəmir dövrlərində Qarabağ və Gədəbəydə formalaşan Xocalı-Gədəbəy mədəniyyəti Göyçə hövzəsi, o cümlədən Dilican, Lorut, Calaloğlu, Zəngəzur, Xudafərin və Urmiya hövzəsini əhatə edən böyük bir regiona yayılmışdır. Bu mədəniyyətin formalaşdığı regionda yaşayan Etiuni tayfaları Urartu dövlətinə qarşı kəskin müqavimət göstərmiş, onların Azərbaycan torpaqlarını işğal etməsinə imkan verməmişdir. Yeri gəlmişkən qeyd edək ki, dünya alimlərinin araşdırmaları sübut etmişdir ki, urartuların ermənilərlə heç bir etnik bağlılığı yoxdur. Yaxın Şərqin böyük dövlətlərindən biri olan Urartunun ilk paytaxtı indiki Suriya ərazisindəki Suqunia, sonra Arzaşkun, eradan əvvəl IX əsrdə isə Van gölü sahilindəki Tuşpa olmuşdur. Eradan əvvəl VIII əsrdə onlar Cənubi Qafqaza yürüş edərək indiki Ermənistanda Erebuni, Teyşebani və Argiştihinili adlı üç şəhər inşa etmiş, bu şəhərlərin Aza qəbiləsindən olan yerli əhalisini köçürmüş və onların yerinə Çupani bölgəsindən olan insanları yerləşdirmişlər. 
    Göyçə mahalında Kolanı, Zağalı və Ördəkli kəndləri yaxınlığında olan mixi yazılar urartuların bu bölgələrə hücumlarından xəbər verir. Ördəkli kitabəsində Urartu hökmdarı Argiştinin Göyçə gölünün şimalında yerləşən Kiexuni ölkəsinin şəhərlərini işğal etdiyini yazmışdır. Ermənilər sonradan bu adı dəyişdirərək Keqaxuni adlandırmışlar. Qeyd etmək istəyirik ki, Zağalı kitabəsi tapılanadək Urartu dövlətinin adı yalnız Assur mənbələrindən məlum idi. II Sardurinin dövrünə aid Zağalı kitabəsində ilk dəfə olaraq bu dövlətin adına rast gəlinmişdir. Lakin urartular yalnız bu ərazilərə işğalçı yürüşlər etmişlər. Urartu hökmdarlarının mixi yazılarda lovğalıqla bu bölgənin şəhərlərini işğal etdiklərini yazmalarına baxmayaraq, onlar yerli əhalinin müqavimətinə rast gəlmiş və bu bölgədə şəhərlər inşa edə bilməmişlər. Urartu hökmdarları heç vaxt məğlubiyyətlərini etiraf etməmişlər. Lakin biz onların məğlub olduğunu Assur mənbələrindən yaxşı bilirik. Yazılı mənbələrdə skiflərin məskunlaşdığı Qarabağ bölgəsi İşkuqulu ölkəsi olaraq xatırlanmışdır. Kimmerlər isə Göyçə hövzəsində məskunlaşmışdılar. Assur kəşfiyyatının hökmdara yazdığı məktubların birində Urartu birliklərinin Kimmer ölkəsində ağır məğlubiyyətə uğramasından və baş komandanın əsir düşməsindən yazılmışdır. Mənbələrin məlumatına görə, köçəri Kimmerlər Urartunun bir yanından girib o biri yanından çıxmış və bu məğlubiyyət zamanı sərkərdələrini itirən Urartu zəifləmiş, Assur hökmdarı II Sarqonun hücumuna məruz qalmışdı.
    Bu dövrdə Qərbi Azərbaycanda məskunlaşan qüdrətli tayfalardan biri də Etiuni tayfaları idi. Bu tayfalar Xocalı-Gədəbəy mədəniyyətinin varisləri idi. Azərbaycanın qərb bölgələrinin antik mənbələrdə Otena adlanması heç də təsadüfi deyil. Urartu mənbələrində ən çox xatırlanan tayfalardan biri Etiuni tayfalarıdır. Etiuni tayfaları Urartu mənbələrində Göyçə gölü sahilində xatırlansa da bu ölkənin Naxçıvana qədər uzandığını və Naxçıvanı da əhatə etdiyini demək olar. Naxçıvanın yaxınlığında, Sisianda tapılan mixi yazıda Urartu hökmdarı II Argişti belə demişdir: “Etiuni ölkəsinin kralı gəldi və ölkəsinin vergisini mənə verdi”. Bu yazıdan məlum olur ki, Etiunilər xərac verməklə öz müstəqilliklərini qorumuşlar.
    Bədxah qonşularımız tarixi gerçəkliyi hər zaman dəyişdirməyə çalışmış, tarixi türk torpaqlarını öz adlarına çıxmışlar. Onlar elə Göyçə gölünün adını da dəyişdirərək Sevan adlandırmışlar. “Sevan” sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Bu ad XIX əsr rus mənbələrində Sevanq şəklində xatırlanmışdır. Sevanq adı Göyçə gölündəki adaya verilmişdi. Bəziləri bunu xristian dininin təbliğatçısı Müqəddəs Qriqorinin adı ilə bağlayırlar. Guya ki, o belə demişdir: “Sa vanq, yəni budur monastr”. Digər bir mülahizəyə görə, Sevan adı Senq Vanq sözündən törəmiş və mənası ermənicə qara kilsə deməkdir. Bu adada vaxtilə kilsə olmuş və erməni qriqorian kilsəsinin əleyhdarları bura sürgün edilmiş, buna görə qara kilsə adlandırılmışdır. Buna görə də ada Sevanq adlanmışdır. Ancaq bu adın Göyçə gölünə 1930-cu ildə verildiyini nəzərə alsaq, onun yamaqdan başqa bir şey olmadığını anlamaq o qədər də çətin olmaz.
    Arxeoloji abidələrin tədqiqi, Qərbi Azərbaycan mədəniyyətlərinin Azərbaycanın Urmiya, Naxçıvan və Qarabağ bölgələrindəki mədəniyyətlərlə ortaq xüsusiyyətlərə malik olması, həm qədim mənbələr, həm də rus mənbələrində xatırlanan toponimlər və tayfa adları Göyçə və Zəngəzurun qədim dövrlərdən Azərbaycan xalqına məxsus olduğunu təsdiq edir. Tarixi faktlar Qərbi Azərbaycanın həm mədəni, həm də etnik baxımdan Azərbaycanın ayrılmaz bir parçası olduğunu sübut edir.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

 

Nəşr edilib : 26.01.2024 16:27