AZ EN RU

Qərbi Azərbaycandan deportasiya olunanların hisslərinin lirik-poetik ifadəsi

Qərbi Azərbaycandan deportasiya olunanların çəkdiyi məşəqqətlər lirik poeziya misralarında öz təsirli ifadəsini tapır. Bu poetik kompozisiyalar köç edənlərin mübarizələrinin dərin emosional və təcrübi aspektlərini çatdırmaq, onların səyahətlərinin, yerdəyişmələrinin və yeni şəraitə uyğunlaşmaqda üzləşdikləri çətinliklərin mahiyyətini əks etdirən vasitə rolunu oynayır.

Qərbi Azərbaycandan deportasiya olunanların üzləşdiyi çətinliklər lirik şeir, bayatı, ağı misraları vasitəsilə öz təsirli ifadəsini tapmışdır. Bu misralarda köç edənlərin məşəqqətlərinin emosional və təcrübi ölçüləri qabarıq şəkildə əks etdirilərək  özlüyündə dərin bir hekayə yaradır. Üstəlik, lirik poeziya köç edənlərin öz daxili hisslərini ifadə etmək imkanı yaradır. Diqqətlə seçilmiş sözlər və təlqinedici obrazlar vasitəsilə şairlər tanışlıq həsrətini, ayrılıq ağrısını, çətinliklər qarşısında yaranan möhkəmliyi çatdırırlar. Bu misralar dərin transformasiyaya uğramış bir cəmiyyətin paylaşılan təcrübələrini ifadə edən kollektiv səsə çevrilir. Mahiyyət etibarı ilə lirik poeziya misraları Qərbi Azərbaycandan deportasiya olunanların məşəqqətlərinin güclü və davamlı sübutu kimi xidmət edir, onların təcrübələrini əbədiləşdirir və insan hekayələrinin daha geniş təsvirinə töhfə verir.

“Türklərin tarix və mədəniyyətinə bir baxış” adlı kitabında Cavad Heyət yazır: “Bu gün türkdilli ellər Balkanlardan Sakit okeana qədər, Quzeydə Şimal dənizindən Güneydə Tibetə qədər geniş bir məntəqədə yaşayırlar. Xalqın əksəriyyətini təşkil edən türklər Türkiyə, Qərbi və Şərqi Türküstan, Azərbaycan, Başqırdıstan, Çuvaşıstan, Yakutistan və Altay dağları – Baykal dəryaçası arasındakı Altay, Xakes ve Tuva əyalətlərində və xalqın daha azını təşkil etmək üzrə Polşada, Rumıniyada, Bolqarıstanda, İraqda, Suriyada, Əfqanıstanda, Kıbrısda və İranın müxtəlif əyalətlərində toplu halda yaşayırlar”.

Torpaqlarımız nə qədər böyük, ucsuz-bucaqsızdırsa, dərdlərimiz, ağrı-acılarımız, həsrətlərimiz də bir o qədər böyükdür. Qədim dövrlərdən bu günə zamanın sərt rüzgarları türk ellərinin başı üstündən əsib, torpaqlarımız yağmalanıb. Tarix yazmaqdan çox tarix yaradan ulu babalarımız, ulu nənələrimiz dərdlərini sözə, ağıya, bayatıya çevirərək yaddaşlara yazıblar. Hər bayatı, hər ağı öz məna yükünə görə böyük-böyük kitablardan, dastanlardan daha artıq xalqın taleyi haqda gələcək nəsillərə məlumat verib.

Dərd, qəm şələlərinin ağırlığına mərdliklə sinə gələn babalarımız, nənələrimiz sözlə öz dərdlərini yüngülləşdirməyə çalışıblar:

Lələ mənəm, Lələ mən,

Yük altdayam hələ mən.

Dərddən, qəmdən, hicrandan

Bağlamışam şələ mən.

Tarix boyu xalqımız yaşadığı taleyi həm şifahi, həm də yazılı ədəbiyyatın yaddaşına həkk edib. Qürbət ağrı-acısı bayatılarımızda daha çox işlənib. Qürbət diyarda çəkilən Vətən dərdi elə bayatıların, ağıların yaranmasına səbəb olur ki, bu yazılarda da müəyyən bir tarixi dövr, zaman yaşayır.

Aşıq itkin diyara,

Xalın itkindir yara.

Səni məndən edəni

Düşsün itkin diyara

XX əsrdə Azərbaycan xalqı dəfələrlə öz doğma yurdundan qaçqın, köçkün olub. 1905-1907-ci illər, 1918-1920-ci illərdə erməni daşnakları Azərbaycan ellərini xarabazara çevirib. 1948-1953-cü illərdə yüz minlərlə soydaşımız ata-baba yurdu olan Qərbi Azərbaycandan qovulub. Soydaşlarımızın son köçləri də 1988-ci ildə başlanıb. 1988-ci ildə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıları öz dədə-baba torpaqlarından qovdular. Sonra isə Qarabağda yaşayan soydaşlarımız doğma ev-eşiklərindən didərgin düşdülər. Bu yaşananlar Azərbaycan ədəbiyyatında, folklorunda öz bədii əksini tapdığı kimi Naxçıvanda yaşayıb-yaradan şairlərin yaradıcılığında da izsiz qalmadı. Eyni zamanda yaranan folklor nümunələrimizdə də biz buna rast gəldik:

Gülləri solan dağlar,

Oxlanıb duran dağlar.

O sərin yaylaqların

Olubdur viran dağlar

 

Əsir, əsir ağlaram,

Çox kəm, kəsir ağlaram.

Düşdüm qürbət ellərə

Oldum yesir ağlaram

Elindən, obasından ayrı düşən insanların yurd, Vətən sevgisi son illər yaranan bayatıların əsas mövzusunu təşkil edir. Yurd-yuvanın dağılması ağır, sağalmaz yara kimi hər bir insanı narahat edir, düşündürür:

Mən aşiq budağından,

Budağın yarpağından,

Gedəydim Vətənimə

Öpəydim torpağından.

Qaçqın, köçkün taleyi yaşayan insan bir də ona görə özünə qayıda bilmir ki, onun təkcə evini, könül dünyasını deyil, bağlandığı, könül verdiyi hər bir şeyini əlindən alıblar. Ona görə də qoyub gəldiyi gül-çiçəkli dərələri, dağları yadına düşən şair dilindən qopan hər bir bayatı da qəm, nisgil, dərd, ələm yaşayır:

Mən aşiq gül – çiçəyim,

Qalxmasın mil çiçəyim.

Ellərin əsir olub

Sən də sol gül – çiçəyim

“Azərbaycan folkloru antologiyası” silsiləsində nəşr olunan “Naxçıvan folkloru” kitabında yazılan “Naxçıvanın söz xəzinəsi” adlı ön sözdə deyildiyi kimi: “Ulu türk yurdu, qədim intibah mərkəzlərindən olan Naxçıvan zaman-zaman tarixin yaddaşına möhtəşəm bir Naxçıvannamə yazıb. Burada yurdun söz xəzinəsi, öz xəzinəsi yaranıb: kəlməsi, cümləsi, ilməsi, cilvəsi sehrdir, möcüzədir...”

Göyçədi,

Köksü göyçə-göyçədi.

Viran qalan elimin

Birisi də Göyçədi

Bu gün hər birimiz bu həqiqətə inanırıq ki, vaxt gələcək soydaşlarımız yenidən öz dədə-baba torpaqlarına qayıdacaqlar.  Bu gün Qarabağa, Şərqi Zəngəzura doğru uzanan yol, zaman gələcək Qərbi Azərbaycana da uzanacaq.

Sədaqət NEMƏTOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 21.06.2024 10:05