AZ EN RU

Qərbi Azərbaycana yollar Naxçıvandan keçəcək

Telli Pənahqızı:– Çox sevinirəm ki, təkcə Bakıda deyil, başlanğıcı Bakıdan götürülən bu Qərbi Azərbaycana qayıdış konsepsiyası artıq bölgələrimizdə də davam edir və xüsusilə də Naxçıvanda. Çünki Naxçıvandan əlinizi uzatsanız Qərbi Azərbaycana çatacaq, bizim yollarımız elə Naxçıvandan keçəcək. Güman edirəm ki, Qərbi Azərbaycanı öyrənmək, yeni nəslə tanıtmaq, təbliğ eləmək çox vacibdir. Çünki indiki nəsil artıq bir qədər yadırğayıb. Üzərindən illər keçib, məsafə var bizim aramızda və yeni nəsil dədələrindən, babalarından eşitmədiklərini bu konfransda eşitdilər. Çox yığcam, çox maraqlı, həm də əhatəli bir konfransdır. Təkcə Azərbaycanın Qərbinin tarixi deyil, mədəniyyəti, mətbəxi,  adət-ənənələri də öz əksini tapır. Batabat yaylağında qurulan çadırlar, hər birinin balaca maketi yaradılan mahalılarımızın qayıdışının da təminatçısı idi. Hər dəfə xəbərlərə baxanda, oradakı yazıları görəndə fikirləşirdim ki, ilahi, gün o gün olsun ki, biz o yerlərə qayıdaq. Bir vaxtlar biz arzu edirdik ki, kaş Qarabağa qayıdaq, kaş Şuşa yenidən bizim olsun və haradasa əlçatmaz kimi baxırdıq. Allaha şükürlər olsun ki, bizim yuxularımız gerçəkləşir. Gün gələcək Azərbaycanın bir parçası olan Qərbi Azərbaycan da öz yurddaşlarını qəbul edəcək və biz ermənilər kimi müharibə ilə, top-tüfənglə sahib olmaq niyyətində deyilik. Çünki beşinci köçdür, bu son iki yüz ildə Qərbi Azərbaycandan dəfələrlə deportasiya olunub xalqımız, millətimiz. Hər dəfə də öz ləyaqətini qoruyub, heç vaxt başqasının torpağında gözü olmadığını hesab edib.  Cənab Prezident də deyir, biz o yerlərə ləyaqətlə qayıtmalıyıq. Çünki oralar bizim dədə-baba torpağımızdır. Və bu dədə-baba torpağı anlayışını gənclərə aşılamaq çox böyük əhəmiyyət daşıyır və böyük rol oynayır. Mənə elə gəlir ki, Naxçıvandan başlayan bu yol digər bölgələrdə də davam edəcək. Hər yanda bizim parçamız var. Azərbaycanın bütün rayonlarında, demək olar ki, səpələnmiş qərbi azərbaycanlılar var. Mən xüsusilə onların hər birinə qonaqpərvərlik göstərən, hər birinə qol açan, qoynuna alan soydaşlarımıza təşəkkür edirəm. Onlar bu ağır vəziyyətdə bizi qarşıladılar, bizə ev verdilər, çörək, sığınacaq, yer verdilər. Çox böyük şeydir bunlar. "El elə sığar, ev evə sığmaz" ,– deyiblər. Amma ayrı-ayrı ocaqlarda sığınacaq verən soydaşlarımız tapıldı. Çörəklərini böldülər, hər şeylərini bizimlə paylaşdılar. Yerlərinin, yurdlarının ağrısını unutmaq üçün boynumuza sarıldılar. Hətta müsahibə verdikcə çox təsirlənirəm. Amma bunlar bir tərəfdən də çox möhtəşəmdir.

Nəşr edilib : 22.06.2024 17:47