AZ EN RU

Qərbi Azərbaycana qayıdış yolu

Batabat yaylağı

Qarabağda 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, tarix nə qədər amansızlıqlarla dolu olsa da, sonda uca ədalətin hökmü qaçınılmazdır və bu hökm Zəfər çaldığında insanların tək arzusu bir daha kimsənin zülmə məruz qalmaması və hər yerdə hər kəsin sülh içində yaşamasıdır. Ona görə də Cənubi Qafqazda yeni reallıqların yarandığı, Azərbaycanın söz sahibi tək ölkə olduğu və Ermənistanla sülh müqaviləsinə addım-addım yanaşıldığı bir dövrdə bu ölkədən sıxışdırılaraq çıxarılmış soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün atılan bütün addımların böyük əhəmiyyəti vardır. Məqsəd son yüz ildə indiki Ermənistan ərazisində dəfələrlə zülmə məruz qalmış qərbi azərbaycanlı əhalinin pozulmuş hüquqlarını bərpa etmək, beynəlxalq ictimaiyyət qarşısında bu problemin də hüquqi həlli məsələsini qaldırmaqdır. Buna görə də Qərbi Azərbaycanın öyrənilməsi, buradakı tarixi yurd yerlərinin, min illər boyu burada yaşamış  soydaşlarımızın mədəni mirasının, adət-ənənələrinin, milli mətbəx nümunələrimizin, memarlıq abidələrimizin tədqiq olunması və öz həqiqi kimliyi ilə tanıdılması məsələsi gündəmdə dayanmaqdadır. Bütün bu aspektlərdən yanaşdıqda Naxçıvanın dilbər guşəsi, Zəngəzur və Dərələyəzin bir addımlığındakı Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresini tarixi hadisə və dünyaya açıq mesaj kimi dəyərləndirmək mümkündür.  
Beynəlxalq hüquq hər bir insana doğulduğu torpaqlarda yaşamaq, işləyib fəaliyyət göstərmək və burada ömrünü sona qədər sürmək haqqı verir. Belə ki, 1948-ci ildə qəbul edilmiş İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində hər bir insanın  öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ olduğu təsbit edilmişdir. 2020-ci ilin 10 noyabrında müzəffər Azərbaycan Ordusu erməni işğalına son qoyub hüquqları pozulmuş həmyerlilərimizin haqlarını bərpa etdikdən sonra Ali Baş Komandan cənab İlham Əliyev Qərbi Azərbaycandan  qaçqın salınmış yüz minlərlə soydaşımızın da hüquqlarının bərpası üçün beynəlxalq hüquqa  əsaslanan hər cür tədbirlər görəcəyini bütün platformalarda dilə gətirmiş, işğalçı Ermənistanın buna görə daşıdığı məsuliyyəti ön plana çəkmişdir. Bu mənada, 21-22 iyun 2024-cü il  tarixdə Batabat  yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin həm siyasi, həm elmi, həm də tarixi-mədəni əhəmiyyətini qeyd etmək olar. 
Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olduğunun dünyanın, eləcə də məğlub  Ermənistanın diqqətinə çatdırılması  hazırda  bizim üçün əhəmiyyətli olan regional və qlobal siyasi təmaslardakı görüşlərin, dialoq və mesajların əsas məğzini təşkil edir. Qarabağın Azərbaycan torpağı olduğunu artıq çoxdan etiraf etmiş, radikal müxalifət də daxil olmaqla bütün erməni cəmiyyəti sərhədlərin delimitasiyası  məsələsində  Azərbaycana qaytarılmalı olan kəndləri də ön şərt olmadan boşaltmaqla bu məğlubiyyətin onlara bir dərs olduğunu da artıq çoxdan içlərinə udub, həzm etmişdir. Ancaq bununla yanaşı, dünyadakı erməni diasporunun ağzı ilə nəfəs alıb, onun nazı ilə oynayan Fransa kimi kolonialist dövlətlərə qarşı qlobal siyasi alətlərdən istifadə edilərək mübarizə aparılması məsələsində daha çox milli səsin ucaldılması, xüsusən də Ermənistanda soyqırımına, vandalizmə və urbisidə məruz qalmış azərbaycanlı izlərinin yenidən həyata qaytarılması baxımından belə elmi-mədəni tədbirlər olduqca əhəmiyyətlidir. 
“Qərbi Azərbaycana qayıdış” festival-konqresinə elmi ictimaiyyətin  böyük marağı vardır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbirin gedişində iştirak edən elm adamları, ölkəmizin ali təhsil müəssisələri və araşdırma mərkəzlərinin rəhbərləri, qardaş Türkiyənin elm adamları və Naxçıvanda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin əməkdaşları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, turizm ehtiyatları, milli mətbəxi, geyimləri, el adətləri və digər sahələri əhatə edən 300-dən artıq elmi məruzə, çıxışlar təqdim etmiş, əslən Qərbi Azərbaycandan olan muxtar respublika sakinləri  festivalda iştirak etmişlər. Festival-konqres ərəfəsində Qərbi Azərbaycana həsr olunmuş kitabların təqdimatları elmi ictimaiyyətdə bu istiqamətdə aparılan araşdırmalar üzrə yeni bir oyanış ruhu yaratmış, yeni fikirlər doğurmuşdur.  
Festivalın tarixi-mədəni əhəmiyyəti, hər şeydən əvvəl, Cənubi Qafqazda  tarixi reallıqların olduğu kimi ifadə olunması, indiki Ermənistan ərazisində qalmış 11 Azərbaycan mahalının tarixi-etnoqrafik mənzərəsini tanıtmaqdan ibarətdir. Zəngəzurdan Şörəyelə, Göyçədən Sərdarabada qədər bütün tarixi torpaqlarımızda mövcud olmuş mədəni irsimizin öyrənilməsi, bu irsi yaşadanların təqdimatlarında onların yenidən canlandırılması baxımından festival-konqres tarixdə öz yerini tutacaq. Batabatda qurulmuş çadırlar tarixi vilayətlərimizin sakinlərinin virtual evi kimi öz sakinlərini salamlamış, buradakı milli musiqili bədii təqdimatlar iştirakçılarda unudulmaz təəssüratlar yaratmışdır.  Əslən Qərbi Azərbaycandan olan iki gəncin rəsmi toy ziyafətinin də keçirildiyi bu möhtəşəm elm və mədəniyyət tədbiri harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların öz ata-baba yurdlarına bağlı olmalarını dünyaya sübut edən  ən yaddaqalan bir el bayramı kimi də tarixə düşmüşdür. Hazırkı internet dövründə festival-konqresə böyük maraq göstərən media ordusu da hazırlıq mərhələsindən başlayaraq bütün tədbirləri geniş şəkildə işıqlandıraraq yüz illər boyu elektron yaddaşlarda yaşayacaq  tarixi də sənədləşdirdilər. Və bütün bunların hamısı Naxçıvanın turizm cənnəti, həm də bir zamanlar, sovet dövründə mühüm nəqliyyat-logistika marşrutu olmuş Naxçıvan-Gorus-Laçın-Yevlax avtomobil yolu üzərindəki Batabat da olmaqla ölkəmizin bütün dünyaya sülh, turizm və mədəniyyət yolu ilə inteqrasiyaya maraqlı olduğunu, Qərbi Azərbaycana da bir gün məhz bu yolla qayıdacağımızın güclü siqnal kimi Biçənək aşırımının o biri üzünə çatdırıldı. 
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev çıxışlarının birində soydaşlarımızın  bir gün mütləq öz torpaqlarına qayıdacağına  əminliyini  ifadə  edərək  “Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət aminə dəyişəcəkdir. Azərbaycan xalqının  bu  əzab-əziyyətinə  görə  onun xeyrinə dəyişəcəkdir”, – demişdir. Ulu Öndərin layiqli davamçısı Prezident  cənab  İlham  Əliyev isə  böyük Qələbəmizdən  sonra yaranan  ədalətli tarixi  reallıqların  nəticəsində  artıq soydaşlarımızın  Qərbi  Azərbaycana Böyük  Qayıdış  hədəfini qarşıya qoymuşdur. İndi bu hədəfin bir addımlığında, Batabat yaylağındayıq.  

 Əli CABBAROV
 

Nəşr edilib : 22.06.2024 10:00