AZ EN RU

Qərbi Azərbaycana qayıdış ümidləri yeni reallıqlar işığında

    2022-ci il dekabr ayının 24-də dövlət başçımız cənab İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə göruşü  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi istiqamətində hər bir azərbaycanlının öhdəsinə yeni-yeni vəzifələr qoyur. Ötən yüzillikdə dəfələrlə məruz qaldığımız etnik təmizləmə və deportasiya siyasətini ifşa etmək, bu siyasətlə bağlı tarixi faktları üzə çıxarmaq, Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılmış milli-mədəni sərvətlərimizə qarşı aparılan soyqırımı, bütövlükdə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə bəyan etmək, Zəngəzur, Göyçə və İrəvan mahallarında ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılmış tarixi-mədəni abidələrimizin, tarixi yer adlarımızın  bərpasını tələb etmək, qərbi azərbaycanlıların dədə-baba ocaqlarına qayıtmasına el birliyi ilə dəstək olmaq, ermənilərin məkrli siyasətinin qarşısını almaq və sair bütünlükdə azərbaycanlıların vətəndaşlıq borcudur. 
    Qərbi Azərbaycana qayıdış missiyasının aktuallıq qazanması ilə qarşıya çıxan bu mühüm vəzifələr elm sahəsinə də daşınaraq Qərbi Azərbaycan məsələsi elmi tədqiqatların baş mövzusuna çevrilmişdir. Hazırda bu sahədə ciddi nailiyyətlər, aktuallığı ilə seçilən maraqlı əsərlər ortaya çıxmaqdadır. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın ərsəyə gətirdiyi “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı birinci kitabı da bu sahədəki əhəmiyyətli əsərlərdən biridir. Qeyd edək ki, kitab Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına xidmət baxımından Naxçıvan Muxtar Respublikasında ilk addımdır.
    Yeni nəşrin elmi redaktoru və ön sözünün müəllifi Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Əsər “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. Kitabın ön sözündə əsərin məzmunu və əhəmiyyəti haqqında bəhs edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli yeni nəşri Qərbi Azərbaycana qayıdış uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirmişdir”.    
    Məhsuldar tədqiqatçı alimin adıgedən əsəri Qərbi Azərbaycan mövzusuna həsr edilmiş qiymətli əsərlərdəndir. Əsəri məzmununa görə üç bölmədə qruplaşdırmaq olar: birinci bölmədə müəllif Qərbi Azərbaycan eli, xüsusilə Zəngəzur haqqında ümumnəzəri baxışları əks etdirmişdir. Folklorşünas-alim Zəngəzur folklorunun ideya və məzmun keyfiyyətləri üzərində Azərbaycan xalqının milli-etnik düşüncə və dəyərlərini, Vətən, el, oba məhəbbəti və bağlılıq duyğularını, onların taleyi və yaşantılarını nəzəri təhlillər fonunda təqdim etmişdir. Yarımbölmələrin hər birində Azərbaycan xalqının ata-baba torpaqlarında yaşadıqları və yaratdıqları mənəvi sərvət, dəyər və düşüncələr geniş təhlil olunmuşdur. Müəllif haqlı olaraq zəngin, tükənməz mənəvi xəzinəmizin hər cəhətdən oğru olan mənfur ermənilər tərəfindən necə mənimsənildiyinə dair nümunələr də təqdim etmişdir. Maraqlıdır ki, azərbaycanlılara xas ruhi-mənəvi əhəmiyyət kəsb edən ifadələri tərcümə edə bilməyən ermənilər oğru sırtıqlığı ilə olduğu kimi saxlayaraq istifadə etmişlər. Buna görə də müəllif vətənpərvər ziyalı mövqeyindən çıxış edərək və bu cür nümunələri təqdim edərək yazır: “Qeyd edək ki, “Can, gülüm”, “Gülüm, hey” rədifli nəğmələr Azərbaycan türklərinin məişət və mövsüm mərasimi nəğmələrinə məxsusdur. Ermənilərin dəyişərək özününküləşdirmək istədikləri, lakin pərakəndə bir mətn yaratdıqları bu nümunədəki sözlərdən hansıların Azərbaycan dilinin lüğət tərkibinə aid olduğu aydındır: can, yar, şamama, Araz... Ermənilər tarixən torpaqlarımıza göz dikdikləri kimi, mədəniyyətimizə, dəyərlərimizə, dilimizə də göz dikiblər”.
    Müəllif, həmçinin Qərbi Azərbaycan İcmasının Ordubad rayon üzrə nümayəndəsi, həm də AMEA Naxçıvan Bölməsinin əməkdaşı kimi doğma el-obalarından zorla didərgin salınıb Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində məskunlaşmış Qərbi Azərbaycandan olan əhali ilə görüşlərində onlardan topladıqları acılı-şirinli xatirələri, yaradıcılıq nümunələrini kitaba daxil etmişdir. Bu da əsərin məzmununu zənginləşdirməklə bərabər, inandırıcılıq gücünü artırır və nüfuzetmə dairəsini genişləndirir. Yaşayan canlı şahidlərlə hər bir görüşdə onların tarixi həqiqətləri kitabların, sənədlərin dili ilə deyil, öz gözyaşlarını mürəkkəbə, kirpiklərini qələmə çevirib üzlərindəki qırışlara yazdıqları o mənəvi “yazıları” oxumaq o qədər də çətin deyil... Unudulmayan həqiqətlər ədalətsiz dünyanın “mərhəmət” məngənəsində o qədər boğuldu ki, artıq qərbi azərbaycanlıların səbri tükənmiş, yurd həsrəti, vətən sevgisi öz məcrasından çıxıb dünyaya hayqırırdı: “Biz də buradayıq...” Dünya da, erməni cəmiyyəti də bu reallığı görsün və qəbul etsin!    
    Qərbi Azərbaycandan olan informatorlardan toplanılmış materiallar əsasında hazırlanmış kitabın bu bölməsində müəllif Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşmış Kamil Həsənovun ailəsinin düşmənlərin onlara çəkdirdikləri əziyyətdən, zillətdən bəhs etmiş, Kamil Teymuroğlunun sazlı-sözlü qələmindən tökülmüş yurd nisgilli nəğmələri, Vətən həsrəti qoxan şeirlərini sərgiləmişdir. Azərbaycanlıların milli sərvət və müxtəlif yaradıcılıq nümunələri, xalça və digər örnəkləri də əsərdə öz təsvirini tapmış, didərgin salınmış əhalinin yaşadıqları və yaşatdıqları dəyərlər haqqında bəhs edilmişdir.
    Əsərin ikinci və üçüncü bölmələri toplanmış xalq yaradıcılığı nümunələrinə həsr edilmişdir. “Şifahi yaradıcılıqda tarixi yaddaş” başlıqlı bölmədə xalqın vətən torpağı haqqında məhəbbət, həsrət və nisgil duyğularını ifadə edən çoxjanrlı nümunələri təqdim edilmişdir. Bu bölmədə Qərbi Azərbaycan elinə aid “İnanclar, sınamalar, qarğışlar”, “Ocaqlar və pirlərlə bağlı andlar”, “Mərasimlər, adət-ənənələr”, “Bayatılar” başlıqları altında nümunələr toplanmışdır. “Sazlı-sözlü Gomurdan seçilənlər” başlıqlı üçüncü bölmədə isə Qərbi Azərbaycandan olan didərgin el şairlərinin yaradıcılıq nümunələri kitaba daxil edilmişdir.

Beləliklə, dosent Aytən Cəfərovanın böyük zəhmətkeşliklə ərsəyə gətirdiyi “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın icrasına elm adamlarının da ictimai dəstəyinin nümunəsinə çevrilən bu əsər tarixi həqiqətlərin öyrənilməsi və təbliği istiqamətində müəyyənləşdirilmiş hədəflərə doğru atılan addım kimi təqdirəlayiqdir. Qərbi Azərbaycan elimizin mənəvi sərvəti və dəyərlərini yaşadan bir əsər olaraq bu kitab həm mütəxəssislər üçün, həm də kütləvi oxucular üçün nəşr edilmiş dəyərli bir əsərdir. Bayatılardan birində deyilən kimi:

         Bu gün o gün olaydı,
        Zülfüm düyün olaydı.
        O kəndimizin yaxşısı,
        atam, anam, el, gün –
       hamısı bir yerdə olaydı,
    O keçən günün biri bu gün olaydı.

    Böyük Qayıdış missiyası ilə Qərbi Azərbaycanımıza da dönməyə, qəribsəmiş elimizi, yurdumuzu qəriblikdən qurtarıb qurub-yaratmağa başlayacağıq. Biz mütləq qayıdacağıq!!! 

Mahirə HÜSEYNOVA
filologiya elmləri doktoru, professor 
Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 27.11.2023 18:20