AZ EN RU

“Qərbi Azərbaycana qayıdış” festivalı – qədimliyin və müasirliyin harmoniyası

Bir neçə gün bundan əvvəl Naxçıvanda təşkil olunan “Qərbi Azərbaycana qayıdış” festival-konqresi maraqlı tərəfləri ilə yaddaşlara yazıldı. Zəngəzur Milli Parkı-Batabat yaylağında keçirilən bu festivalda milli və mənəvi dəyərlərimizin təbliği də ön planda idi. Xüsusilə bu qədim yurd yerimizə aid adət-ənənələrin yaşadılması ilə yanaşı, milli geyim nümunələrinin də nümayişi diqqət çəkirdi. Onu da qeyd edək ki, festival çərçivəsində tarix elmləri doktoru, “SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağdaşlarla Sintezin İnkişafına Dəstək” Qeyri-Hökumət Təşkilatının sədri Sevinc Abbasova öz doğma ailəsi kimi gördüyü Naxçıvan Dövlət Universitetinin də festival üçün nəzərdə tutulan təşkilati kollektivində yaxından iştirak edib.

“Qərbi Azərbaycana qayıdış” festival-konqres iştirakçılarının geyindiyi milli geyimlər tədbirə daha da rəngarənglik qatırdı. Öyrəndik ki, bu cür milli geyimlə və aksesuarların təşkilində “SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağdaşlarla Sintezin İnkişafına Dəstək” Qeyri-Hökumət Təşkilatının xidmətləri də az rol oynamayıb. Bu təşkilatın təsisçisi Sevinc Abbasova bizimlə söhbətində bildirdi ki, biz də qədim bölgəmiz olan Qərbi Azərbaycanla bağlı bu tədbirə öz dəstəyimizi göstərməyə çalışmışıq. Burada nümayiş etdirilən qadın və kişi milli geyim nümunələri “Möminə Xatın” moda evinə aiddir. Bu geyimlər xalqımızın milli zövqünü, yaradıcı düşüncəsini özündə əks etdirən geyim növləridir ki, bu gün də bunlar el şənliklərinin bəzəyinə çevrilib. Həmsöhbətimiz bunu da diqqətimizə çatdırdı ki, festivala milli geyimlərlə yanaşı, milliliyi özündə ehtiva edən suvenirlər də sərgiləyiblər. Bu aksesuarların hazırlanma ideyası da Sevinc Abbasovaya aiddir. Festivalda sərgilənən bu suvenirlərə də maraq böyük idi. Bir sözlə, “Qərbi Azərbaycana qayıdış” festival-konqresi təkcə yer seçimi baxımından deyil, həm də milli mədəniyyətimizin təbliğatında böyük rol oynayırdı. İnanırıq ki, festivalın bu cür milli köklərlə bağlı simvollar üzərində qurulması uzun zaman yaddaşlardan silinməyəcək.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 27.06.2024 17:26