AZ EN RU

“Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Dizayn ixtisasının müəllim və tələbələri ilə görüşüb

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllimləri və “Dizayn” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış modelyer rəssam Fəxriyyə Xələfova ilə görüşü təşkil edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, "Qərbi Azərbaycana qayıdış" festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində keçirilən kitab təqdimatları, ustad dərsləri, filmlər, və konqres çərçivəsində təqdim olunan elmi çıxışlar ictimaiyyət üçün öz müsbət töhfələriylə yadda qaldı. Bildirilib ki, ilk dəfədir ki, Naxçıvanda bu cür sərgisi təşkil olunan Fəxriyə Xələfova da festivala “Milli ornamentlərin harmoniyası” adlı kolleksiya ilə qatılıb.

Rektor bu gün keçirilən görüşün “Dizayn” ixtisası üzrə təhsil alan tələbələr üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Pedaqogika üzrə fəlsəfə doktoru Mahir Xəlilov Əməkdar incəsənət xadiminin yaradıcılıq istiqaməti barədə ətraflı məlumat verib.

İdeya müəllifi Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, ssenari müəllifi folklorşünas alim Fəridə Hicran Vəliyeva olan “Xan qızı Xurşidbanu Bəyim Natəvan” adlı sənədli film nümayiş olunub.

Tədbirdə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova öz ürək sözlərini ifadə edib, müəllim və tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, məşhur Xələfbəyovlar nəslindən olan Fəxriyə Xələfova Bakıda ziyalı ailəsində anadan olub. Fəxriyə Xələfova eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisidir.

Rektor “Qərbi Azərbaycana qayıdış" festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresində iştirakına görə Fəxriyyə xanıma sertifikat təqdim edib. Rəngkarlıq ixtisası üzrə II kurs tələbəsi Ülviyyə Qəhrəmanova çəkdiyi rəsm əsərini Fəxriyə Xələfovaya hədiyyə edib.

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

Nəşr edilib : 25.11.2023 17:46