AZ EN RU

“Qərbi Azərbaycana Qayıdış” Festival-Konqresinə həsr olunmuş konsertə son hazırlıq məşqləri yekunlaşıb

Şərqin qapısı adlandırılan ulu diyar Naxçıvanda 23-24 noyabr 2023-cü il tarixində “Qərbi Azərbaycana Qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək. Bu mötəbər konqresin keçirilməsi, bu konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulub. 
Bu gün “Şərq qapısı” kollektivi olaraq, keçiriləcək mötəbər festivalın son hazırlıq məşqləri ilə tanış olduq. Demək olar ki qədim yurd yerimiz Qərbi Azərbaycanın bir çox adət-ənənələrini, folklorunu, geyimlərini və ümumilikdə el sənəti nümunələrini özündə ehtiva edəcək olan festivala hər kəs böyük coşğu ilə hazırlaşır. Naçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyasının, Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi   Kollecinin birləşmiş Xalq Çalğı Orkestri və rəqs qrupları, Naxçıvan Musiqi Kollecinin mahnı və rəqs qrupları, Naxçıvan Dövlət Filormoniyasının muğam studiyası və rəqs qrupları, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur” yallı ansamlı, eləcə də festivala “İrəvan” yallısı ilə xüsusi rəng qatacaq Qərbi Azərbaycan sakinlərinin möhtəşəm ifaları yer alacaq. 
Qayıdışa böyük bir ümidin astanasında olan hər bir azərbaycanlının ürəyini riqqətə gətirəcək “Qərbi Azərbaycana Qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres əminik ki dünyanın bəzəyi olan Naxçıvandan bütün dünyaya sədalanacaqdır. 
                                                                             

       Aidə İbrahimova

Nəşr edilib : 21.11.2023 21:29