AZ EN RU

“Qərbi Azərbaycana qayıdış” adlı sərgi təşkil olunub

Azərbaycan Respublikası Mlli Məclisinin Mədəniyyət Komitəsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycan mədəni irsini, tarixini yaşatmaq məqsədilə tanınmış rəssamların əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.

Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda bununla bağlı keçirilən tədbirdə birliyin sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna münasibəti ölkəmiz üçün yeni və tarixi hədəfləri müəyyənləşdirib. Son dövrlərdə bununla bağlı ölkəmizdə, eləcə də muxtar respublikamızda müxtəlif tədbirlər keçirilir. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının əsas hissəsi ilə Qərbi Qərbi Azərbaycan torpaqları vasitəsilə birləşən Naxçıvan Muxtar Respublikasında (Naxçıvan şəhərində) belə bir sərginin təşkili regionun mədəni həyatına diqqət çəkir, 30 il blokada şəraitində olan, ermənilər tərəfindən Qərbi Azərbaycandan – öz dədə-baba torpaqlarından qovulduqdan sonra ölkəmizin bir çox regionlarında, o cümlədən Naxçıvan məskunlaşan qaçqınların mədəni irsinin təbliğatına xidmət edir.

Sonra Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, AMEA Naxçıvan Bölməsinin İncəsənət, dil, ədəbiyyat institutunun şöbə müdiri, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova, Naxçıvan Rəssamlar Birliyinin fond mühafizi Nizami Alıyev çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, 15 rəssamın 32 əsərinin çıxarıldığı sərgi bir həftə davam edəcək.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.12.2023 16:50