AZ EN RU

Qərbi Azərbaycan xalçaları kodlaşdırılmış rəngarəng bir kitabədir

Dekorativ-tətbiqi sənətin bir qolu olan xalçalarımız xalqımızın yaşam tərzini, məişətini, folklorunu özündə ehtiva etmək baxımından ən qiymətli incilərimizdəndir. Bu maddi mədəniyyət nümunələrimiz sanki kodlaşdırılmış rəngarəng bir kitabədir. Hər biri ayrı-ayrılıqda dövrünə uyğun al-əlvan çeşniləri ilə bir obraz rolunu oynayır. Belə sənət incilərimiz toxunma, bölgə xüsusiyyətlərinə və eləcə də çeşnilərinə görə bir-birindən seçilir. Qədim türklərin əsas məşğuliyyətinə çevrilmiş xalçaçılıq zamanın sınaqlarından çıxaraq günümüzə kimi qorunub saxlanılıb. 
Xalçaçılıqda türkbaf üsulu ilə toxunan ilmələr sırf türklərə məxsus olsa da, zaman-zaman başqa millətlərin xalçaları üzərində də müşahidə edilib. Adından da göründüyü kimi, bir vaxtlar xalçalarımız türkbaf ilmə toxunuşu (düyün vurulması) ilə toxunardı. Bu üsulla ərsəyə gətirilmiş xalçalar bu gün bir sənət əsəri kimi dünya mədəniyyəti inciləri sırasındadır. Bəli, kimin nə iddia etməsindən asılı olmayaraq, toxunan bu xalçaların sirli xəzinə olmasının kodları da elə özümüzə məxsusdur. 
Vaxtilə Qərbi Azərbaycan bölgəsində toxunan xalçalarda da xalqımızın milli məişətinin izləri, həyat tərzi öz əksini tapmışdır. Bu izlər Göyçə mahalının naxışabənzər təbiətini özündə əks etdirir. Zəngəzur dağlarının bahar təravətini qışda ilmə-ilmə ərişlərə düzüb, Novruza kimi xoş ovqatla başa vuran qız-gəlinlərimiz, söz-sənət adamları ilə yanaşı, doğma yurdun gözəlliklərini ilmələrə həkk edərdilər. Onlar ecazkar təbiətin gözəl rənglərini təbii üsulla iplərə boyaq kimi vurar, naxışların estetik baxımdan gözəl görünməsinə çalışardılar. 
Qədim yurd yerimizin bütün mahallarında toxunan xalçalar bir-birindən fərqli xüsusiyyətlərinə görə ayrılır. Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində “Ulduzlu” adlı xalçalar, adətən, tündrəngli boyaqlı iplərlə toxunardı. Bu xalçalardakı rəng çalarları Urudun bitki örtüyündən alınan boyalarla bağlı idi. Həmin xalçaların ara haşiyələrinə vurulan naxışlar isə Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir.
Qərbi Azərbaycanın etnoqrafik baxımdan da qədim olan bölgələrindən biri kimi Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kəndində toxunan xalçalar da öz kompozisiyana görə digərlərindən seçilir. Bu kənddə toxunan xalçalarda nəbati və həndəsi məntiqli naxışlarla yanaşı, zoonomik motivlərə də tez-tez rast gəlinir. 
Xüsusilə qeyd edək ki, Qoşabulaq xalçalarının naxış kompozisiyaları Naxçıvan ərazisində toxunan xalçaların naxışları ilə oxşarlıq təşkil edib. Bu isə, yəqin ki, Naxçıvanla Göyçənin yerləşdikləri ərazilərin bir-birlərinə yaxın olması ilə əlaqədardır.
Digər qədim bir yurd yerimiz olan Pəmbək mahalının Saral kəndində də xalçaçılığa böyük maraq göstərilib. Bunu Saraldakı daş abidələrlə yanaşı, xalçalarında da onun tarixinin öz əksini tapması təsdiq edir. Pəmbək dağının ətəyindən axan Qarabulaq suyundan qüvvət alan bitkilərlə boyanan iplər xalı-xalçalara ilmə-ilmə vurulardı. Evlərimizin bəzəyi olan o xalçalarda əlləri xınalı qızlarımızın barmaq izləri yaşayır bu gün. Pəmbək mahalında toxunan xalçalar da dağlıq və dağətəyi ərazi kimi bu bölgədə hazırlanan rənglərlə özünəməxsus çalarlar qazanıb. Zaman keçdikcə bu təsvirlər fərqli tərzdə təcəssüm olunmağa başlamış, sənət tarixinin ayrılmaz bir hissəsinə çevrilmiş, keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi sabit bədii üsluba yiyələnmişdir. Həmin xalçalarda “qoşa damğa”, “tək damğa” və romb şəkilli elementlər xovsuz xalça növü olan kilimlərdə və palazlarda geniş yayılmışdır. 
Qədim el-obasından didərgin salınan qərbi azərbaycanlılar təbiətin doğma ətrini, acılı-şirinli xatirələrini özləri ilə gətirdikləri həmin o xalçalarla yaşadırlar. Hər biri ayrılıqda bir sənət əsəri olan bu xalçalar indi nisgil, lakin bir ümid nişanəsidir.
Ən gözəl sənət əsərlərimiz səviyyəsinə yüksəlmiş Qərbi Azərbaycan xalçalarının izi ilə getmək bizim haqqımız və borcumuzdur. Qədim türklərin ilmələrə süzülən tarix yaddaşıdır bu naxış dünyamız. Tariximizi saxtalaşdırmağa çalışanlara ən yaxşı cavablar xalçalar üzərində olan min bir sehrli cizgilərdir. Bizə miras qalan xalçaçılıq ənənəsi və toxunan xalçalarımız sadə bir əşyadan çox milli zəkanın ilmələrlə naxışlanmış fəlsəfəsinin kiçik, lakin ən dəyərli nümunələridir. Dağların o üzündə qalmış dədə-baba yurd yerlərimiz Vedibasar, Ağbaba, Şörəyel, Loru, Dərəçiçək, Zəngibasar, Dərələyəz və başqa bölgələrimizdə toxunan xalçalarımız bu gün də evlərimizin, toy-düyünlərimizin bəzəyidir.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.06.2024 09:44