AZ EN RU

Qərbi Azərbaycan xalçaları

İlmə-ilmə tarixə yaddaş olan naxışlar

    Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir. Milli və ümumbəşəri mahiyyət daşıyan mədəni dəyərlərimizdən biri də xalçalarımızdır. Həmin milli sərvətlərimizi ulu nənələrimiz, ana və bacılarımız bayatı deyə-deyə toxuyub və nəsildən-nəslə ərməğan ediblər. Xalçalar maddi ehtiyacdan yaransa da, daha çox mənəvi ruhun ifadəçisi kimi meydana gəlib. Xalçaçılığın Azərbaycanda çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. 
 

    Görkəmli xalçaşünas, alim Lətif Kərimov “Azərbaycan xalçası” adlı üçcildliyində xalçaçılığın arealını cənuba və şimala bölmədən, bütövlükdə, Azərbaycan xalçasının inkişaf genezisini izləyərək ilk dəfə olaraq xalça növlərinin dəqiq təsnifatını vermiş, sırf Azərbaycan xalçalarını İran, Qafqaz və sair xalçalarından fərqləndirmişdir. Çoxlu faktiki materialı öyrənmək əsasında o belə bir əsaslandırılmış nəticəyə gəlmişdir: “...Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuşdur”. “Qafqaz” xalçaları kimi şöhrət qazanmış xalça kompozisiyalarının 90 faizini Azərbaycan ustalarının kompozisiyaları təşkil edir”.
     Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi əsas xalça qruplarında təsnif və tədqiq olunan Azərbaycan xalçaları aid olduğu bölgələrin coğrafi, etnik, mədəni müxtəlifliyini əks etdirir. Qərbi Azərbaycan xalçaları da vaxtilə bütün dünyada məşhur olmuşdur. Bu ərazidə toxunan xalçaları sənətkarlıq imkanlarına, toxunma texnologiyasına və rəng-naxış kompozisiya həllinə görə şərti olaraq Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmsəddin, Göyçə, Zərnibasar, Vedibasar, Qırxbulaq, Əştərək, Aran, Dərəçiçək, Talın, Zəngəzur, Dərələyəz və İrəvan mahalları qruplarında birləşdirilir. Bunların sırasında İrəvan xalçalarına diqqət yetirəndə bu xalçaların texniki və bədii təhlili tarixən bu bölgədə yaşayan azərbaycanlıların adət-ənənələrinin, məişətinin, mədəniyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar elmi əsaslara dayanaraq yazırlar: “Burada dekorativ-tətbiqi sənət sahələri arasında xalçaçılıq xüsusi yer tutmuşdur. Naxış kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni kolleksiyaçılarının “sərvətinə” çevrilmişdir. Bu gün bir çox yerdə ermənilərə məxsus olduğu deyilən, sərgilənən xalçalar azərbaycanlı anaların göz nuru, əl əməyidir”. 
     Tarixçilərin qeydlərinə görə, İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdır. Xalça, palaz istehsalı xüsusi ilə seçilirdi. Həmin dövrlərdə bu ərazilərdə olan səyyahlar yerli əhalinin qoyun saxladığı və həmin yunları əyirib, boyayıb xalça, palaz, çul, qış geyimləri toxuduqlarını qeyd ediblər. Bu da onu bir daha sübut edir ki, bu ərazilərdə əzəldən azərbaycanlılar yaşayıb. Çünki tarixən qoyunçuluqla məşğul olmayan ermənilər xalça, kilim, palaz, şəddə, eləcə də digər toxuculuq məmulatlarının meydana gəlməsində rol oynaya bilməzlər. Həmin dövrdə bu bölgələrdə olan səyyah İ. Şopen hər ailədə toxuculuq dəzgahının olmasından, xüsusilə bəhs edir. Toxuculuqda xüsusi yerə malik olan bir sahə də boyaqçılıq olmuşdur. Bu bölgədə qırmızı rəngin müxtəlif çalarlarından hazırlanmış yun saplar boyanmışdır. Bu boyaq maddəsi haqqında tədqiqat aparan Rusiya Elmlər Akademiyasının akademiki Qammel İrəvanda hazırlanan bu boyağı Meksika qırmızı ilə müqayisə etmişdir. Tarixi faktlar təsdiqləyir ki, vaxtilə İrəvan şəhərinin mərkəzində yerləşən Şiləçi məhəlləsində boyaq bitkilərindən al-əlvan rənglər alınmış, basma naxışlı parçalar istehsal edilmişdir.
     Tədqiqatçılar Azərbaycan xalçaçılığının keçdiyi dörd əsas inkişaf mərhələsinə  İrəvan qrupunu  da şamil edirlər. İlk mərhələ xalça sənətinin ibtidai dövrüdür. Qərbi Azərbaycanda dəvə, qoyun yunundan, pambıqdan toxunan bəzəksiz, saya yerlikli palazlar və cecimlər bu mərhələyə aid edilir. Milli xalçaçılıq sənətimizin həm texniki, həm də bədii cəhətdən nisbətən təkmilləşmiş ikinci mərhələsində sadə keçirtmə, dolama texnikası ilə yundan, pambıqdan, bəzən də ipəkdən toxunan kilimlər meydana gəlir. İrəvan kilimləri üzərində romb, üçbucaq və trapesşəkilli naxışlar, ornamentlər öz əksini tapır. Burada “gəzməli kilim” adlandırılan mürəkkəb dekorativ quruluşlu nümunələrə də rast gəlinir. Üçüncü dövr vərni (ipək və yun), şəddə (yun, ipək, pambıq), zili (yun, pambıq, ipək), ladı (yun və pambıq) kimi xovsuz xalça məmulatlarının yaranması ilə xarakterizə olunur. Mürəkkəb dolama üsulu ilə toxunan İrəvan şəddələri və vərniləri, əsasən, maldarlıqla məşğul olan əhalinin məişətində geniş istifadə edilirdi. Vərnilərin əsas naxışları şahmat damaları qaydası ilə stilizə edilmiş iriölçülü əjdaha təsvirlərindən ibarət olurdu. Palaz və cecim texnikası əsasında toxunan şəddələr də müvafiq şəkildə sadə və mürəkkəb olmaqla, iki qrupa bölünürdü. 
    İrəvanla coğrafi yaxınlığı Zəngibasar bölgəsinin mədəni mühitinin formalaşmasına öz təsirini göstərib. Bölgənin Arbat, Aşağı Necilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrində toxunan xalçalar öz incəliyi, zərifliyi ilə seçilirdi. Kompozisiya quruluşuna görə bu ərazidə toxunan xalçaların Qazax-Borçalı və Təbriz xalça məktəbi ilə yaxınlığı hiss olunur. 
    Araşdırmalar göstərir ki, Zəngəzur mahalının xalçaçılıq ənənəsi isə daha çox Qarabağ xalça qrupunun ənənələrinə yaxındır. Buna səbəb Zəngəzurun tarixən Qarabağ xanlığı və burada yaşayan əhali ilə mədəni, iqtisadi əlaqələri və yaxınlığı idi. Mədəni-sosial anlamda Qarabağı Zəngəzurdan ayırmaq mümkün deyil. Naxçıvan, Qarabağla həmsərhəd olan Zəngəzur folklorunda, tətbiqi sənətində adıçəkilən bölgələrin təsiri duyulur. Avropanın bir çox tarixi mənbələrində “Cənubi Qafqazın İsveçrəsi” adlandırılan Dərələyəz mahalını Azərbaycanın xalçaçılıq sənətinin beşiklərindən biri hesab etmək olar. Dərələyəz mahalı Təbrizlə İrəvanı Qarabağa bağlayan yolun üzərində yerləşirdi. Bölgənin Almalı, Bülbülölən, Qabaxlı, Qara-qaya, Qovuşuq, Ələyəz, Əmağu, Kədikvəng, Gülüdüzü, Sallı, Hors, Çivə kənd­lərində xalçaçılıq geniş yayılmışdı. Dərələyəzdə toxunan xalçalar kompozisiya quruluşuna görə həm Qarabağ, həm də Qazax-Borçalı xalça qrupunun nümunələrinə yaxındır. Xalçaçılar, əsasən, qara və qonur qoyun yunundan hazırlanmış iplərdən istifadə ediblər. 
    Beləliklə, İrəvan qrupu xalçalarının tarixi-etnoqrafik, sənətkarlıq baxımından təhlili onların Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, tarixi keçmişimizin əvəzsiz yadigarı olduğunu bir daha təsdiq edir. İrəvan xanlığına, xalq yaradıcılığına məxsus olan bədii tikmə nümunələrindən ikisi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt edərkən qənimət kimi götürdükləri İrəvan xanlığının bayraqları da bədii tikmə sənətinin nadir nümunəsidir. 
    Azərbaycan xalçaları barədə aparılan araşdırmaları oxuduqca , tarixini öyrəndikcə uşaqlıq illərimdə gördüyüm bir hadisəni xatırlayıram. Həmin illərdə ermənilər tez-tez Azərbaycanın başqa rayonlarına alış-veriş üçün üz tutduqları kimi, Naxçıvana da gələrdilər. Kimisi tərəvəz satmağa, kimisi bu qədim torpağın bərəkətli bağlarında bitən meyvələrdən alıb aparmağa, kimisi isə təzə xalçaları köhnələri ilə dəyişməyə gələrdilər. Bizim qadınlar da evlərində dədə-babadan qalan köhnə keçələri, kilim, palaz, xalçaları sevinə-sevinə həmin təzə xalılarla dəyişib evə gətirərdilər. Kimin ağlına gələrdi ki, şeytanın ağlına gəlməyən ermənilərin ağlına gəlir. Kim düşünərdi ki, onlar bu köhnə xalıları, kilimləri özlərinin tarixi keçmişi kimi gələcəkdə xarici ölkələrə göndərib bizimdir deyəcəklər. Elə də oldu, indi dünyanın bir çox muzeylərində erməni “tarixinin” inciləri kimi sərgilənən qədim toxuculuq məmulatlarının bir çoxu həmin illərdə onların bizə “bahalı” xalça verib qarşılığında aldıqlarıdır. 
    Lakin onlar bir şeyi unudurdular, tarix yaddaşına yazılanlar heç vaxt silinmir. Dünyanın harasında olursa-olsun, bizim milliliyimizi, qədimliyimizi öz naxışlarında yaşadan tikmə, toxuma işləri “mən azərbaycanlı qadınların əl işiyəm”, – deyir hər gələnə. İlmə-ilmə tarixə yaddaş olan naxışlar hər şeyi sübut edir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 05.09.2023 18:09