AZ EN RU

Qərbi Azərbaycan torpağının qaranlıq taleyinə işıq salan səhifələr...

    2022-ci il ölkəmizin həyatında bir sıra siyasi, iqtisadi islahatlarla yanaşı, həm də tarixi torpaqlarımız Qərbi Azərbaycana qayıdış məsələsinin dövlət səviyyəsində qətiyyətli şəkildə gündəmə gəlməsi ilə yadda qaldı. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı tarixi torpaqlarımıza Qayıdış Konsepsiyasının işlənib hazırlanmasının vacibliyini ön plana çəkdi. Qətiyyətli siyasi lider nəşrlərin artırılmasını, xalqımıza xas tarixi həqiqətlər haqqında dünya ictimaiyyətinə geniş informasiya verilməsini, təbliğatın, maarifləndirmə işlərinin gücləndirilməsini mühüm tapşırıq kimi qarşıya qoydu:  “...İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir... Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir...”

    Ötən dövrdə muxtar respublikada Qərbi Azərbaycan haqqında nəşr olunan vəsaitlərin axtarışına düşdükdə 2010-cu ildə “Qismət” nəşriyyatında çapdan çıxmış tarix elmləri doktoru Zəhmət Dərələyəzlinin və Rövşən Dərələyəzlinin “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabı diqqətimizi çəkdi. Məsləhətçiləri akademik İsa Həbibbəyli, iqtisad elmləri doktoru İsa Alıyev, rəyçiləri akademik İsmayıl Hacıyev, professor Hacı Fəxrəddin Səfərli, dosent Nazir Əsədov olan nəşrdə mənbələr əsasında mahalın bütün kəndlərindəki tarixi abidələrin tikilmə tarixindən, eyni zamanda müxtəlif illərdə bu kəndlərdə yaşayan azərbaycanlıların say tərkibindən, mənfurların bu əraziyə köçürülmələrindən,  erməni qəsbkarlarının və onların havadarlarının xalqımızın başına gətirdikləri misligörünməmiş müsibətlərdən geniş söhbət açılır. Kitabda yer alan tarixi əhəmiyyətli məqamları oxucuların nəzərinə çatdırmaq istərdik: İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə yazdığı məktubdan görünür ki, ermənilərin Azərbaycan torpaqlarına ilk gəlmələri 1519-cu ildən başlanıb. Məktubda erməni qızlarının ismətsizliyi aşkara çıxarılır və onların hansı yollardan istifadə edərək yerləşmələri tamamilə aydınlaşır. Dərələyəzin Qoytul kəndinin, Arpaçayın kənarı, Hosdun kəndindəki bulaq, Həsənkəndindəki tarixi Alban kilsəsi, Səlimölən yaylağı, Ələyəz kəndinin qənşəri və tarixi ərazilərimizin 2005-ci ilə aid digər fotoları yurdumuzun qədimliyindən, milliliyindən, bənzərsizliyindən danışır. Nəşrdə qeyd edilir ki, Naxçıvan sancağına tabe olan Dərələyəz mahalındakı kəndlərin adlarının bir çoxu dəyişdirilib, bəzilərinin adlarını dəqiqləşdirmək, müəyyənləşdirmək çətinlik törədir. 27 avqust 1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Dərələyəz nahiyəsinə tabe olan 105 kəndin adı və gəlir vergisi qeyd edilib. Nümunə üçün bir neçəsini göstərmək olar: Axura kəndi, gəlir – 8,065 axça, Kosalı kəndi, gəlir- 8,434 axça, Havic kəndi, gəlir- 2,758 axça (Qeyd edək ki, axça 1328-1687-ci illərdə Osmanlı imperiyasında dövriyyədə olmuş gümüş pul vahididir). Kitabda 1728-ci ilə aid İrəvan əyalətinin müfəssəl dəftərindən əyalətin inzibati quruluşunu göstərən qeydlər də yer alıb. Həmin qeydlərə görə, inzibati quruluş İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzırək, Karni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İqdır, Aralıq, Şərur, Sədərək, Zarzamin nahiyələri, Şürəgəl livası, Naxçıvan sancağı isə Naxçıvan şəhəri, Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərənürgüt, Dərələyəz və Sisyan nahiyələrindən ibarət olub. 
    Kitabda Nadir şah dövründə (1736-1747) fars dövlətinin zülmündən ermənilərin Asiya Türkiyəsinə və ya Gürcüstana qaçdığı zaman Dərələyəzin şərq hissəsinin tamamilə boşaldığı, həmin ərazidə Qaracalar kürdlərinin qarabağlı törəmələri olan yerli əhalinin məskunlaşdığı bildirilir. Verilən məlumatlara görə, Dərələyəzin şərq hissəsinə düşən kəndlərin sayı 44, təsərrüfatlar isə 910 idi. Həmin təsərrüfatlardan 247-si XIX əsrin 30-cu illərində İran və Türkiyədən köçürülən ermənilərin payına düşüb. Nəşrdə, həmçinin qədim Azərbaycan torpağı Dərələyəzin torpaqlarının gilli xüsusiyyətli olduğu qeyd edilir. Yazılana görə, Arpaçay boyunca alçaq hissələr və ona tökülən dağ çaylarının vadiləri olduqca münbit idi, taxıldan başqa böyük miqdarda çəltik və digər dənli bitkilər əkilir, dağ dəmyələrində bol miqdarda buğda, arpa, kətan, küncüd və sair bitkilər becərilirmiş. Dərələyəzin qərb hissəsinin əhalisi əkinçiliklə məşğul olur, meyvə, üzüm bağları salır, təsərrüfatlarda heyvan da saxlayırmışlar. Bunun əksinə olaraq mahalın şərq hissəsinin əhalisi isə müstəsna dərəcədə heyvandarlıqla məşğul olmağa üstünlük verir, ailə təsərrüfatının tələbatını ödəmək naminə kiçik sahələrdə taxıl əkirmişlər. Taxılın miqdarı 650 xalvar (Qeyd: 1 xalvar 25 puda bərabərdir ki, bu da, təxminən, 400 kiloqram deməkdir) olurmuş. Müəlliflərin qənaətinə əsasən Dərələyəzin bir çox yerlərində iri kəndlərin xarabalıqlarına rast gəlinir. Bu, aydın şəkildə onu göstərir ki, əvvəllər burada çoxlu əhali yaşayıb, lakin xarabalıqların ölçüsünə, əkinçilik üçün yararlı torpaqların sahələrinə görə, güman etmək olar ki, buranın sabiq sakinləri daha çox ticarətlə, sənətkarlıqla, həmçinin çoxsaylı meyvə bağlarının becərilməsi ilə məşğul imişlər. Deyilənə görə, hətta onlar o qədər bol meyvə məshulu əldə edirdilər ki, onu indiki Gəncə (Yelizavetpol) dairəsində taxıla dəyişirdilər...
    Müəlliflər bildirirlər ki, məşhur Türkmənçay müqaviləsi əsasında Rusiyanın əldə etdiyi çox vacib imtiyazlar sırasına, heç şübhəsiz, dədə-baba torpaqlarımıza İranda yaşamış ermənilərin böyük hissəsinin köçürülməsini də aid etmək olar. Həmin dövrdə Naxçıvanın Şərur və Dərələyəz əyalətinə ilk köçürülmə İrandan gətirilmiş 2551 ailə ilə başa çatıb. Onlardan 416 ailə şəhərlərdə, 1869 ailə Naxçıvan dairəsinin və 266 ailə isə Ordubad dairəsinin kəndlərində məskunlaşdırılıb. Bu məlumatlar 1832-ci ilin mart və aprel aylarında aparılmış siyahıyaalmanın nəticələrinə əsaslanır. Hətta çar hökumətinin köçürülən ermənilərin əziyyət çəkməmələri üçün əlavə təzminat ödədiyi də qeyd olunur. Kitabda 1833-cü ildə Dərələyəz mahalındakı kəndlərin adları verilib, 1918-ci il 28 maydan 1920-ci il 28 aprelə kimi hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin Şərur-Dərələyəz mahalının idarə edilməsi haqqında razılıq layihəsi əksini tapıb.
    1988-ci ildən başlayaraq Dərələyəzdə baş verən hadisələrin şəxsən iştirakçısı olan müəlliflər qeyd edirlər ki, həmin ilin aprel və may aylarından başlayaraq Dərələyəzin azərbaycanlılar yaşayan kəndində vəziyyət getdikcə pisləşməyə başladı, rayon mərkəzinə gediş-gəliş tamamilə çətinləşdi, ərzaq çatışmazlığı yarandı. Ancaq bütün bunlara baxmayaraq, oranın daimi sakinləri olan azərbaycanlılar öz ata-baba yurdlarını əliyalın da olsa, qoruyurdular. Bu məqsədlə adı dillər əzbəri olan Ələyəz kəndinin alt tərəfində mərkəzi yolu kəsərək özlərinə müdafiə mövqeyi yaratmışdılar. Həmin yer tarixi həqiqətləri əks etdirən Sal-Sal qalasının ətəyində yerləşirdi. Nəşrdə Dərələyəzin ağsaqqallarının bir yerə yığışıb bir neçə nəfər nümayəndə seçərək Bakı şəhərinə göndərdikləri, orada Nazirlər Kabinetinin və Azərbaycan KP MK-nın səlahiyyətli şəxsləri ilə görüşdükləri yazılır. Qeyd olunanlara əsasən o zaman nümayəndələrin bir məqsədi var idi ki, Dərələyəzdən zorla qovulan ailələr Qarabağda yerləşdirilsin. Lakin bu fikir yuxarıların niyyətinə uyğun gəlmədiyindən, həmin ağsaqqalları nəinki müdafiə etdilər, hətta Mərkəzi Komitənin birinci katibi Vəzirovun göstərişi ilə onlara əziyyət verməkdən belə çəkinmədilər, insanlar kor, peşman ümid yeri kimi Naxçıvana gəldilər, burada yerli əhali tərəfindən çox isti münasibətlə qaşılaşdılar, kimin nəyə gücü çatdısa öz köməkliyini onlardan əsirgəmədi... 
    Kitabda erməni daşnaklarının Dərələyəz əhalisinə divan tutmaları, onları öz yurd-yuvalarından didərgin salaraq qaçqına çevirmələri, minlərlə insanı qətlə yetirmələri tutarlı faktlarla bir daha sübuta yetirilir, Azərbaycan Qaçqınlar Cəmiyyətinin (İndiki Qərbi Azərbaycan İcması) tərtib etdiyi siyahıya əsasən 1988-1990-cı illərdə qətlə yetirilən azərbaycanlıların sayı, eləcə də talan olunan mülklər, qarət edilən təsərrüfatlar, dağıdılan abidələr barədə ətraflı məlumat verilir. Bəzi hesablamalara görə sırf azərbaycanlıların yaşadıqları ərazi 15,467 kvadratkilometr olub. Bu ərazidə həmvətənlərimizə məxsus 216 kolxozun əmlakı, o cümlədən 3420 avtomaşın, 4100 traktor, kolxoz və sovxozların 209 min 20 baş qaramalı, 577 min 90 qoyun-quzusu ermənilərə qaldı, 464 tarixi abidə viran olundu, 230 məscid, pir yerləri, ocaq dağıdılaraq yox edildi, 670 qəbiristanlıq şumlanaraq əkin yerinə çevrildi və saymaqla bitməyən digər vəhşiliklər törədildi. 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 23 rayon üzrə 171, ermənilərlə qarışıq olan 94 yaşayış məskəni boşaldıldı. Nəhayət, 1991-ci il avqustun 8-də Nüvədi kəndindən də sonuncu azərbaycanlının çıxarılması ilə Qərbi Azərbaycanda (İndiki Ermənistanda) bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, tarixi ədalətsizliyə əsaslanan Ermənistan Ali Sovetinin 22 noyabr 1988-ci il tarixli sessiyasının məxfi göstərişi həyata keçirildi. Tarixən yurd salıb torpağına sahib olmuş insanlar ev-eşiyindən didərgin düşüb Azərbaycanın müxtəlif rayonlarına səpələndilər... 
    Nəşrdə tarixi faktlara, fundamental mənbələrə əsaslanan məlumatlarla yanaşı, əzəli yurd yerlərimizin qədim, eləcə də dağıntıdan sonrakı fotoları, eyni zamanda hadisə şahidlərinin xatirələri yer alıb. Müəlliflər Dərələyəzin uğrunda canlarından keçərək şəhid olan Vəzir Orucov, Fazil Bayramov, İlqar Abdullayev, Xaliq İsgəndərov, İslam Abışov və digər Vətən oğullarının həyat amalından, göstərdikləri şücaətdən, qəhrəmanlıqdan həm ürək yanğısı, həm də qürur hissləri ilə bəhs edirlər. Ümumilikdə, 4 fəsildən ibarət olan kitabın 3-cü fəslində Dərələyəzdə yazıb-yaradan Əli Əkbər Dərələyəzlinin, Seyid Abbasın şeirlərinə, IV fəsildə Xocalı soyqırımına yer verilir, faciə zamanı erməni vandalizmindən, bir vaxtlar el-obasından zorla köçürülüb Xocalıda məskunlaşan dərələyəzli soydaşlarımızın ikinci dəfə Azərbaycan torpaqlarından qovulduqları və ya şəhid olduqlarından söz açılır, adları qeyd olunur. Ümumiyyətlə, “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabında əzəli yurdumuz Dərələyəzin qaranlıq taleyinə arxiv sənədləri, tarixi faktlar, qəhrəmanların həyat hekayələri, hadisə şahidlərinin xatirələri ilə işıq salınaraq dolğun şəkildə aydınlıq gətirilir. 
    Ölkə Prezidentinin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə diqqət çəkdiyi məsələlərdən biri də əvvəllər nəşr olunmuş kitabların yenidən böyük tirajda, xarici dillərdə işıq üzü görməsi, beləliklə də, təbliğatın daha da gücləndirilməsi ilə bağlı idi. Fikrimizcə, “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabı daha da təkmilləşdirilmiş formada, xarici dillərə tərcümə edilərək çap olunarsa, qədim torpaqlarımıza məxsus tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verər...

 Nail ƏSGƏROV

Nəşr edilib : 31.03.2023 19:18