AZ EN RU

Qərbi Azərbaycan mətbəxi nümunələri maraqla qarşılanıb

Qərbi Azərbaycan mətbəxi dedikdə ilk öncə zəngin saray mətbəxi, onun tarixi mədəniyyəti, etikası göz önünə gəlir. Qərbi Azərbaycan mətbəxinin əsasını təndirdə, sacda, ocaqda bişən yeməklər təşkil edir. Qərbi Azərbaycanın hər bölgəsinin özünəməxsus yeməkləri var. Şahbuz rayonunun Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində  Qərbi Azərbaycan mətbəxinə  aid müxtəlif  kulinariya nümunələri nümayiş olunur. Naxçıvan Dövlət Universitetinin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, dosent Mətanət Quliyeva Qərbi Azərbaycana aid kulinariya nümunələri haqqında ətraflı məlumat verərək  bildirdi ki: – Biz cənab Prezidentin çağırışından sonra Qərbi Azərbaycan mədəniyyəti, mətbəxi, süfrəsi və musiqisi ilə bağlı tədqiqatlar aparmağa başladıq. Bu gün burada konqresin festival hissəsini həyata keçiririk və Qərbi Azərbaycan mətbəxinə aid olan unudulmuş yeməkləri yenidən gündəmə gətiririk. Ona görə ki, gənc nəsillər o biri nəsillərə ötürsün. Eyni zamanda mənfur düşmənlərimiz həmin yeməkləri öz adlarına çıxmasınlar. Hansı ki, Qərbi Azərbaycan mətbəxinə aid unudulmuş, sıradan çıxmış  yeməklərin reseptlərini tələbələrimiz yenidən bərpa edərək sizlərə təqdim edir.  Universitetimizin tələbələri bu reseptləri əldə etmək üçün muxtar respublikanın müxtəlif bölgələrində məskunlaşan Qərbi Azərbaycanın yaşlı nəsil  nümayəndələri ilə görüşərək onların dilindən həmin  kulinariyaya aid reseptləri  bərpa olunması yenidən araşdırıblar. Müsahibimiz deyir ki, universitet olaraq “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin yüksək səviyyədə keçirilməsinə çalışırıq. Burada gördüyünüz  Qərbi Azərbaycana aid mətbəx nümunələri gələn qonaqlara   əyani  şəkildə göstərilərək dadına baxılır və qiymət verilir. Festivalda iştirak edən qonaqların diqqətini daha çox Qərbi Azərbaycan mətbəxinin  zənginliyi çəkir. Mətanət xanım onu da diqqətə çatdırdı ki, qərbi azərbaycanlıların kulinariyası Naxçıvan mətbəxinə çox yaxındır.  
Bu gün festival-konqresdə hazırlanan Qərbi Azərbaycana məxsus kulinariya nümunələrindən İrəvan bozbaşı, İrəvan dolması, kor dolma, balqabaq doldurması, səbzi plov, hədik, qurut, qovurma, turşular, şirniyyatlar, mürəbbələr nümayiş olunur. 
Mətanət xanımın sözlərinə görə, qərbi azərbaycanlıların mətbəxinin vazkeçilməz ən ləziz təamlarından biri balqabaq içərisində əriştə plovdur ki, bu gün bu festivalda ən diqqətçəkən və bəyənilən yeməklər sırasında oldu. 
Həmçinin şirniyyatlardan İrəvan kətəsidir ki, qərbi azərbaycanlı ailələrində xüsusi hazırlanmışdır.  Mətanət xanım deyir ki, bu kətənin hazırlanması çox asan  başa gəlir. Öyrəndik ki, həm qoz, həm də umacla hazırlanırmış bu  kətəni müxtəlif təbəqədən olan insanların süfrəsində mütləq ki, görmək olardı.
Müsahibimiz qeyd etdi ki, Qərbi Azərbaycan kulinariyasından əlavə  mətbəxinə  aid olan ən qədim  əşyaları da  nümayiş etdiririk. Burada nehrədə yağ nece hazırlanır hamısını  sərgiləyirik. Və  burada bizə və gələn qonaqlar üçün maraqlısı daş toxmaqdır. Belə bir tədbirin təşkilatçılarından olmaq qürurvericidir. 
Müsahibimiz qeyd etdi ki, Naxçıvan Dövlət Universiteti olaraq böyük məsuliyyət və həvəslə bu festivala hazırlandıq. Bu gün burada nümayiş olunan kulinariya nümunələrinin ərsəyə gəlməsində, reseptlərin yenidən bərpa olunmasında tələbələrimizin əməyi böyükdür. Gənclərimiz  2 il ərzində araşdırma apararaq çox böyük nailiyyətlər əldə etdilər. Və onlar  bunun unudulmaması və  gələcək nəsillərə ötürülməsi üçün əllərindən gələni əsirgəmədilər.

Nəşr edilib : 21.06.2024 15:09