AZ EN RU

Qərbi Azərbaycan mahallarına boylanan məkan – Batabat yaylağı

Naxçıvan daha bir mötəbər tədbirə – “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə ev sahibliyi etdi. Batabat yaylağında təşkil olunan festival bir çox məqamlarla yadda qaldı. Xüsusilə Oğuz elinin çaparlarının yaylaq əhatəsində bayram rəmzi olaraq üç tonqal qalaması, Dədə Qorqudun xeyir-duası, Qərbi Azərbaycan mahallarını tərənnüm edən, onları canlandıran çadırların qurulması vətəndaşlarımıza, xalqımıza qarşı törədilmiş haqsızlıqları dünya ictimaiyyətinin bir daha nəzərinə salmaq fürsəti yaratdı. Eyni zamanda festival-konqres ərzində XIX əsrin əvvəllərində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi və həmin müddətdə azərbaycanlıların deportasiyaya məruz qalması, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı soyqırımları həyata keçirilməsi, tarixi-mədəni irsimizin məhvi, qədim Azərbaycan torpaqlarında adların saxta, uydurma adlarla əvəzlənməsi bir daha dünyaya çatdırıldı. 
Qərbi Azərbaycanda olan ata-baba yurdlarımızın – mahallarımızın adlarını özündə əks etdirən çadırların Batabat yaylağında qurulması, bu çadırlarda el adəti ilə toy məclisinin təşkil edilməsi doğma torpaqlarından didərgin düşmüş, deportasiya edilmiş vətəndaşlarımızı, bura gələn qonaqları tarixi keçmişimizə bir daha qaytardı. Bu çadırlarda qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəni irs, incəsənət, adət-ənənənin təbliği ilə yanaşı, həmçinin soydaşlarımız bir araya gəldi. Qurulan mahallarda – çadırlarda Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın acı taleyini özündə əks etdirən məlumatlarda, xüsusilə azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımızın zorla qovulması, 200-dən artıq soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, 400 nəfərdən artıq insanın yaralanması, bir çoxlarının evləri, əmlaklarının yandırılması, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlığın yer üzündən silinməsi daha çox diqqəti cəlb edirdi.
Festivalın Batabat yaylağında təşkil olunması həm də rəmzi məna daşıyırdı. Belə ki, vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndlərinin yaylaqdan bir neçə kilometr məsafədə yerləşməsi festival iştirakçılarını ruhən, həmçinin coğrafi baxımdan da Qərbi Azərbaycana daha da yaxınlaşdırdı.
...Və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionda yeni reallıqlar yaradan, Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran Azərbaycan xalqı əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.
Prezident cənab İlham Əliyevin dediyi kimi: “İrəvan, Göyçə mahalı, Qərbi Zəngəzur illərdən bəridir ki, işğal altındadır. O yerlər bizim ulu babalarımızın, azərbaycanlıların əzəli torpaqlarıdır. Ermənilər üzərindəki hərbi üstünlüyümüz davam edəcək, gün gələcək ki, Zəngəzur Qafan, Gorus, Sisyan, Mehri rayonları, Göyçə mahalı və digər ərazilərimiz də azad olunacaq. O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımı törətmişdir”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 29.06.2024 11:03