AZ EN RU

Qərbi Azərbaycan etno-mədəni mühitinin layiqli tədqiqi

    Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan ərazisi qədim tarixə malikdir. Ermənilərin bölgədə yeritdikləri etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti bu torpaqlarımızı da əhatə edib, həmyerlilərimiz öz doğma yurd-yuvalarından didərgin düşüb, qaçqın, məcburi köçkün statusu alıblar. Deportasiya olunan soydaşlarımız ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda məskunlaşıblar. Onlar öz əzəli və əbədi torpaqlarını unutmayıb, qəlblərində ağır həsrət yükü daşıyırlar. 
    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı kitabında onun muxtar respublikanın müxtəlif bölgələrində, xüsusilə Ordubad rayonunda məskunlaşan qərbi azərbaycanlılarla söhbətində yurd, Vətən nisgili onların sözlərində, eləcə də kitabda verilən fotolardan da aydın görünür. Bu nisgil onların üz cizgilərində də öz əksini tapıb.
    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilən kitabın əvvəlində Ulu Öndərin və Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını ifadə edən fikirləri yer alıb. Dövlətimizin başçısı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir… Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir…”
    Nəşrin elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin kitaba yazdığı “Qərbi Azərbaycana qayıdış ideyası bədiilikdən həqiqətə” başlıqlı ön sözdə Qərbi Azərbaycanın tarixi, ermənilərin deportasiya, soyqırımı siyasəti nəticəsində tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımızın taleyi və o torpaqlara qayıdışla bağlı böyük inam öz əksini tapır. O da qeyd edilir ki, tarixi torpaqlarımıza geri dönmək bizim tarixi-mənəvi haqqımız, beynəlxalq dəyərlərə söykənən təməl hüququmuzdur. Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Qərbi Azərbaycana qayıdış ümidləri yeni reallıqlar işığında” adlı məqalədə qeyd edirlər ki, 2022-ci il dekabr ayının 24-də dövlət başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündən sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi istiqamətində xeyli canlanma başlandı. Böyük Qayıdış missiyasının növbəti istiqaməti də Azərbaycanın əzəli torpaqları olan Qərbi Azərbaycana doğrudur. Həmçinin qeyd edilir ki, kitab Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına xidmət baxımından Naxçıvan Muxtar Respublikasında ilk addım, tarixi həqiqətlərin öyrənilməsi və təbliği istiqamətində müəyyənləşdirilmiş hədəflərə doğru atılan addım kimi təqdirəlayiqdir. Qərbi Azərbaycan elimizin mənəvi sərvəti və dəyərlərini yaşadan bir əsər olaraq bu kitab həm mütəxəssislər üçün, həm də kütləvi oxucular üçün nəşr edilmiş dəyərli bir mənbədir.
    Qeyd edək ki, kitab 3 bölmədən ibarətdir. “Xalq yaradıcılığında və xatirələrdə yaşayan etno-milli tarix” adlanan birinci bölmənin “Qərbi Azərbaycanın folklor aləminə ümumnəzəri baxış” hissəsində müəllif Qərbi Azərbaycan folkloruna ümumi nəzər salır, Zəngəzur bayatılarında yaşadılan milli-etnik tarixi yaddaşın nə qədər zəngin olduğunu göstərir. Atalar sözləri, məsəllər, lətifələr verilir. Qeyd edilir ki, bayatılar insan yaranandan dünyadan köçdüyü zamanadək yaşadığı həyatının poetik ifadəçisidir. Qərbi Azərbaycandan, öz yurd-yuvalarından köçkün düşmüş həmvətənlərimiz yurd həsrətlərini və unudulmayacaq ağrılarını məhz bayatılarla ifadə ediblər. 
    Aytən Cəfərova Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi kimi müntəzəm olaraq rayon ərazisində məskunlaşmış qərbi azərbaycanlılarla görüşlər keçirib, apardığı söhbətlər əsnasında topladığı materialları və folklor nümunələrini qeydə alıb. “Baharlıdan başlayan söz yaddaşı” bölməsində müəllifin həmsöhbət olduğu Ordubad şəhərində məskunlaşmış, Qafan rayonunun Baharlı kəndində dünyaya gələn Valeh Mirzəyev deyir ki, orada erməni yaşamayıb, o kəndlər başdan-başa Azərbaycan kəndləri olub və ermənilər yalnız mərasimlərin icrası zamanı peyda olardılar. Burada da erməninin məkrli xisləti mütləq özünü göstərərdi... “Dərələyəz adlı ünvanım Vətəndir…” adlı hissədə isə qeyd edilir ki, qərbi azərbaycanlıların məskunlaşdığı, çoxluq təşkil etdiyi ərazi Ordubad rayonunun Parağa kəndidir. Buradakı insanlar, əsasən, Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düşmüş soydaşlarımızdır. “Atamın gorgahı, babamın yurdu, əlimin əməyi bəs kimə qaldı?!”, “Baxmaqdan savayı gözə nə qaldı”, “Vətən nisgilli xatirələr”, “Sazım, sözüm Vətəndədir” məqalələrində isə Aytən Cəfərova sazlı-sözlü həmvətənlərimizin yurd nisgilli şeirlərini qələmə alıb. Onların bir qisminin bir zamanlar yaşadıqları torpaqlardan gətirdikləri Qərbi Azərbaycan mədəni mühitini özündə əks etdirən əşyaların fotoşəkilləri kitaba rəng qatır. Əsərin “Şifahi yaradıcılıqda tarixi yaddaş” adlanan ikinci bölməsində Qərbi Azərbaycan folkloruna xas inanclar, sınamalar, ocaq və pirlərlə bağlı andlar, mərasimlər, adət-ənənələr, bayatı və haxıştalar öz əksini tapır. “Sazlı-sözlü Gomurdan seçilənlər” adlı sonuncu bölmədə isə Naxçıvanda məskunlaşmış Qərbi Azərbaycandan olan saz-söz adamlarının poetik yaradıcılığından nümunələr təqdim olunur. 
    “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı həm də doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına yenidən qayıdacaqları ilə bağlı ümidlərini, arzularını, istəklərini ifadə edən təqdirəlayiq nəşrdir. Qərbi Azərbaycanlı soydaşlarımızın hamısının arzusu birdir: dədə-baba torpaqlarına qayıtmaq, o yerləri yenidən görmək. Onların şüarı da birdir: “Biz qayıdacağıq!”

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.01.2024 22:05