AZ EN RU

Qərbi Azərbaycan elinin sazlı, sözlü aşığı

Tarixi Azərbaycan torpaqları

    Qərbi Azərbaycan torpaqlarında aparılan etnik təmizləmə nəticəsində doğma yurd-yuvalarından qaçqın düşən həmyerlilərimizin pənah gətirdiyi yerlərdən biri də Naxçıvandır. Həsənovlar ailəsi onlardan biridir. 1988-ci ildə doğma torpaqlarından deportasiya olunan ailə hazırda Kəngərli rayonunun Çalxanqala kəndində yaşayır.
    Kamil Teymur oğlu Həsənov yaşadığı yerlə bağlı xatirələrini bizimlə bölüşdü: – 1948-ci ildə Əzizbəyov rayonunun Gomur kəndində doğulmuşam. Orada orta məktəbi bitirmişəm. Həmin məktəbdə kitabxana müdiri, laborant işləmişəm. Kəndin sahə briqadiri olmuşam. Gomurda mədəniyyət güclü inkişaf etmişdi, çoxlu saz ustalarımız var idi. Dədə-babadan qalan adət-ənənələrimizi həmin kənddə də yaşadırdıq. Ailəmizdə aşıq sənətini dərindən bilənlər olub. Mən də bu sənətin sirlərini əmimdən öyrənmişəm. Gomurda toy mərasimləri aşıqsız keçməzdi, dastan gecələri təşkil edərdik. 
    Gomur kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıb, – deyən Kamil müəllim kəndin bir neçə dəfə erməni təcavüzünə məruz qaldığını bildirdi: – 1918-ci ildə kəndimiz erməni təcavüzünə məruz qalıb, azərbaycanlılar deportasiya olunublar. O vaxtın şahidləri deyirmişlər ki, Axta çayının suyu sanki qan axırmış. Azərbaycanlılar bir də 1988-ci ildə Ermənistan dövlətinin deportasiyasına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuşlar. Həmin il bizim ailə də Gomurdan çıxmaq məcburiyyətində qaldı. Biz bir müddət Şuşa və Ağdamda yaşadıq. Daha sonra Naxçıvana, Çalxanqalaya gəldik. 1993-cü ildən buradakı uşaq musiqi məktəbində saz müəllimi işlədim. Aşıqlıq sənətini şagirdlərimə də öyrətdim. Fəaliyyətimə görə bir neçə dəfə diplomla, fəxri fərmanla təltif olunmuşam. 10 övladım, 21 nəvəm, 8 nəticəm var. 
    Öyrənirəm ki, Kamil Həsənovun doğma elinə həsr etdiyi şeirləri çoxdur. O, “Gomurun” şeirində deyir:
 

Neçə yol boşalıb, neçə yol dolub,
Neçə yol açılıb, neçə yol solub,
Elindən ayrılıb kimsəsiz qalıb,
Ağlar olub gülər üzü Gomurun
    
   Susuz yurdu, Hasarlı, Plov təpəsi,
   Muxrusu, Zağlığı, Gözəldərəsi,
   Hər an təzələnir Vətən yarası,
   Görən salamatdı özü Gomurun?

    
    “Dağlar” şeirində isə ümidini itirmir, doğma yurduna yenidən qovuşacağı günü gözləyir:

Halım yaxşı ola, mənalı yazam,
Qürbətdə xan olsam, bilin, nasazam.
İstərəm atlanam, qoynunda gəzəm,
Dumandan, çiskindən kam alan dağlar.

    “Bir gün Gomura qayıdacağıq”, – deyən Kamil müəllim 44 gün ərzində əldə edilən Zəfərdən sonra buna könüldən inandığını dedi.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.12.2023 17:20