AZ EN RU

Qərbi Azərbaycan bölgəsinə aid yer-yurd adlarının və folklor nümunələrinin toplanması işinin təşkilinə həsr olunmuş seminar keçirilib

Avqustun 30-da Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə “Qərbi azərbaycanlılardan Qərbi Azərbaycan bölgəsinə aid yer-yurd adlarının və folklor nümunələrinin toplanması işinin təşkili” adlı seminar təşkil olunub.

Muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən folklor nümunələrinin toplanması, toplanmış nümunə və materialların sistemləşdirilməsi qaydaları haqqında klub müəssisələrində çalışan əməkdaşların maarifləndirilməsi məqsədi ilə təşkil edilən seminarda çıxış edən Mədəniyyət Nazirliyi  Aparatının  aparıcı məsləhətçisi Şəfəq Qurbanova  bildirib ki, xalqımıza məxsus qeyri-maddi və maddi mədəni irs nümunələrinin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurdlarından didərgin salınsalar da, onlar tarixi torpaqlarımıza aid olan folklor nümunələrini yaddaşlarında qoruyub saxlayıb, bu günümüzə  daşıyıblar. Dövlətimiz  Qərbi Azərbaycan tarixinin tədqiqinə xüsusi önəm verir, ermənilər tərəfindən məhv edilən irsimizin araşdırılması və bərpasını, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasını diqqətdə saxlayır.

Sonra Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov folklor nümunələrinin, eləcə də yer-yurd adları ilə bağlı materialların toplanması işində qarşıya qoyulan tələblərdən danışıb, slayd nümayiş edilib.

Vurğulanıb ki, bu ilin aprel ayından Naxçıvan Muxtar Respublikasının  Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən muxtar respublikadakı müxtəlif yaşayış məntəqələrində yaşayan qərbi azərbaycanlılardan folklor nümunələrinin, eləcə də yer-yurd adlarının toplanması işi məhz ermənilərin bu mənfur əməllərinə qarşı həyata keçirilən əməli tədbirlərdən biridir. Mərkəzin əməkdaşları bu ilin aprel-avqust aylarında Kəngərli, Şahbuz və Babək rayonlarında məskunlaşan 13 nəfər qərbi azərbaycanlı sakinlə görüşüb, həmin bölgəyə aid xeyli sayda folkor nümunəsi və yer-yurd adlarına aid materiallar toplayıb

Sonra  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin metodisti Türkay Məmmədlinin “Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələrinin və onomastik vahidlərin toplanmasının əhəmiyyəti haqqında” çıxışı dinlənilib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2023 14:32