AZ EN RU

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər və xəritələr təsdiqləyir

    Orta məktəb illərində ən çox sevdiyim dərs tarix idi. Məktəbdə təhsil aldığımız illərdə ölkəmiz bir quruluşdan digərinə keçdiyi üçün bizim nəsil çox hadisələrə şahid oldu. Tarixi oxumaqla bərabər, ona şahidlik də etdik. Sovetlər birliyinin dağılması ilə illərlə xalqımızdan gizlədilən bir çox hadisələr gün üzünə çıxdı. Tarix kitabları yenidən yazıldı və biz Azərbaycan gerçəklərini öyrəndik. Həmin illərdə nəşr edilən tarix dərsliyində tarixi düşmənimiz olan və illərlə bizə qardaş kimi qəbul etdirilən ermənilərin əzəli torpaqlarımıza necə köçürüldüyünə aid bir çox faktlar da yer alırdı. Qeyd edilirdi ki, 1800-cü ildən Vətənimizin bir çox bölgələrinə köçürülən ermənilər oradan zorla çıxarılan azərbaycanlıların yurduna yerləşdirilirdi. Rus imperiyasının qanlı əlləri ilə. Yurdundan didərgin salınan yurddaşlarımız, əsasən, ilanmələyən Haramı düzünə yerləşdirilirdi. Sonralar Beyləqan şəhərində yaşadığım illərdə burada məskunlaşan bu taleyi yaşayan ailələrlə tanış oldum. Elələri də var idi ki, bir ailənin beş üzvünün üçü Beyləqana, ikisi isə Naxçıvana köçürülmüşdü. Azərbaycanın müxtəlif rayonlarında yaşayanda da bir çox belə ailələrə rast gəlmişdim. Hətta Goranboy rayonunun Ağcakənd qəsəbəsində kirayə qaldığım evin yiyəsi vaxtilə Göyçə mahalından Kəlbəcərə, 1992-ci ildə isə Kəlbəcərdən buraya məcburi köç etmişdi. Bir ailə iki dəfə erməni təcavüzünə məruz qalmış, evin xanımının babası və qardaşları 1918-ci ildə Göyçədə erməni daşnakları tərəfindən qətlə yetirilmiş, qardaşı Kəlbəcər uğrunda döyüşlərdə şəhid olmuş, ikiyaşlı körpəsi Murov dağının aşırımlarında soyuqvurmadan dünyasını dəyişmişdi. İllərlə erməni təcavüzünün izlərini yaddaşlarında saxlayan, tarixin qanlı günlərini yaşayan, ürəyi yurd həsrəti ilə yanan azərbaycanlılar 2020-ci ildə son 200 illik tarixdə bizdən zorla qoparılan torpaqların geri alınmasına şahidlik etdilər. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq “Dəmir yumruq” kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Şanlı Zəfərdən sonra ilk qayıdış axarlı-baxarlı, çinar meşəli Zəngilana oldu. Biz doğma yurdumuza qayıtdıq. Bir ümid işığı yandı ürəklərdə. Əmin olduq ki, Müzəffər Ali Baş Komandan bütün məcburi köçkünlərin yurduna qovuşması üçün əlindən gələni edib və edəcəkdir. Qarabağa olduğu kimi, doğma torpağımız olan Qərbi Azərbaycana da qayıdışımız həqiqətə çevriləcək. Çünki biz Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdiririk və əminik ki, doğma yurdumuza qayıdacağıq. Çünki Qərbi Azərbaycan son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir.
     Ötən ilin son günlərində Qərbi Azərbaycan icmasının inzibati binası ilə tanış olan ölkə başçısı demişdir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan, yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında, hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”. Bu qətiyyətli fikirlər hər bir Qərbi azərbaycanlıya yenidən öz torpağına qayıdacağı ümidi bəxş etdi. Və bir daha əmin olduq ki, biz Qarabağa qayıtdığımız kimi Dərələyəzə, Vediyə, Göyçəyə də qayıdacağıq.
    Tarix də bu torpaqların bizə mənsub olduğunu sübut edir. Tarixin səhifələrini vərəqlədikcə Qərbi Azərbaycanın necə erməniləşdirildiyinə şahidlik edirik. 
    1721-ci ildə İsveçlə Çar Rusiyası arasında sülh müqaviləsi imzalandıqdan sonra yaranmış vəziyyətdən arxayınlaşan       I Pyotr Qafqaza yürüşə çıxır. İki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal edir. Burada daha çox türk mənşəli müsəlman əhalisinin yaşadığını və onların işğala müqavimətini görən imperator “erməni kartı”nı işə salmaqla neft və milyonlar səltənətinə müsəlman türklərin deyil, erməni və rusların sahib olmasına şərait yaratmağa başlayır. Bundan sonra I Pyotr ermənilərin azərbaycanlıların qırğınına və deportasiyasına nail olması üçün müxtəlif planlar cızır. Birinci sərəncamla ermənilər Bakıda və Dərbənddə yerləşdirilir. Tapşırığa əsasən onların işi təkcə məskunlaşmaq deyil, burada tez-tez təxribatlar törətmək, müsəlmanları qırmaq, osmanlılarla onların arasına nifaq salmaq idi. I Pyotr ölümünə qısa vaxt qalmış bu siyasəti davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət edir. Onun vəsiyyətinin əsas hissəsində ermənilərin Qafqazda Osmanlı imperiyası ilə Azərbaycanın arasında yerləşdirilməsi idi. 
    1768-ci ildə II Yekaterina babasının vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə hamiliyi barədə fərman imzalayır, onlara geniş imtiyazlar verir. 1802-ci ildə çar                   I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: “Ermənilərdən nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunsun”. 1813-cü və 1828-ci illərdə İran ilə Rusiya arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra bu hamiliyin miqyası daha da genişləndi və hüquqi qüvvə aldı. Belə ki, müqavilədən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “erməni əyaləti”nin yaradılması haqqında əmr imzaladı. Əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də “erməni əyaləti”nin tərkibinə daxil edilir. Ardınca da Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Həmin ərazilərdə yaşayan azərbaycanlılar isə öz yurd-yuvalarından faciəli şəkildə çıxarılır.1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. 
    Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi haqqında amerikalı tarixçi Castin Makkarti yazırdı: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibinin ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman (azərbaycanlı) məcburi olaraq yaşadıqları ərazidən sürgün edildi. Və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirildi. Əvəzinə 560 min erməni bu torpaqlarda məskunlaşdırıldı. Rus qoşunları iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum edib hər iki hücumda məğlub olub və geri çəkilib. Onlar özləri ilə 100 min ermənini gətirib Qafqaza yurdundan zorla qovulmuş, öldürülmüş türklərin yerlərinə yerləşdirdilər”. İran ermənisi Corc Burnatyan isə həmin dövrdə İrəvan ərazisindəki əhalinin demoqrafik tərkibi ilə bağlı bunları yazıb: “1826-cı ildə İrəvanda 117 mindən çox müsəlman, 25 minə yaxın erməni yaşayırdı. 1832-ci ildə isə bu say artıq bərabərləşmişdi”. Lakin ingilis səyyah H. Linçin yazdığına görə 1890-cı ildə şəhərdə, yəni İrəvanda ermənilər çoxluq təşkil etmirdi.
     Bütün bu qeyd olunanlar sübut edir ki, ermənilərin Araz çayından şimala, xüsusilə də Qərbi Azərbaycan ərazilərinə köçürülməsi 1828-ci ildən başlayaraq 160 il ərzində davam etdirilib. 1828-ci ildə başlanan məcburi köç 1991-ci ilə kimi davam edib. Həmin il azərbaycanlıların yaşadığı sonuncu kənd boşaldılıb. Və rus imperatoru I Pyotrun övladlarının iki Türk dövlətinin arasına erməniləri yerləşdirin ki, türklərin birləşməsinin qarşısını alanda onlardan istifadə edəsiniz vəsiyyətinin yerinə yetirilməsi başa çatıb. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında deyirdi ki, XX əsrin 20-ci illərində sovet hakimiyyəti yeni qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edilib. Zəngəzur mahalı və Zəngəzurun Araz sahilindəki Mehri rayonu da Ermənistana verildi. “Məsələn, məlumdur ki, Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən qoparılaraq Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq”.
    Tarixi torpaqlarımız olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərində də rus qəsbkarlarının əli ilə erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi gedən kütləvi qırğınlar törədildi. 1918-ci ilin may ayında öz azadlığına qovuşmuş Cənubi Qafqazın türk-müsəlman əhalisi və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etməyə çalışırdı. Azərbaycan hökuməti 1918-ci ilin may ayında keçirilmiş Batum konfransının nəticəsi kimi üç yeni yaranmış respublikalar arasında müqavilə imzalandı. 1918-ci il may ayının 29-da tarixən Azərbaycanın ərazisi olmuş İrəvan şəhəri paytaxt olmaqla, 10 min kvadratkilometr ərazi yeni yaradılan Ararat (Ermənistan) Respublikasının ərazisi kimi müəyyənləşdirildi. Lakin Azərbaycan tərəfindən irəli atılan bu “xeyirxah addım” erməniləri daha da şirnikləndirdi. Onlar “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün əlverişli məqam olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi iddiaları irəli sürdülər. Tarixən Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinə iddia edən erməni daşnakları, eyni zamanda bu torpaqlarda etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Zəngəzur, Naxçıvan və Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncjdenin quldur dəstələri tərəfindən məqsədyönlü soyqırımına məruz qalmışlar. 1918-1920-ci illərdə yeni yaradılmış Ararat Respublikası ərazisində etnik təmizləmə nəticəsində 575 min türk-müsəlman yaşamışdırsa, 1922-ci ildə onların sayı azalaraq 10 min nəfərə enmişdir. 1948-1953-cü illərdə isə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün daha bir qanlı səhifəsidir. Və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. 
    Hərdən düşünürəm, milli faciələrimizin, torpaqlarımızın hissə-hissə bölünüb qonşularımıza hədiyyə edilməsinin səbəbini, başlanıldığı zamanı dəqiqləşdirməyə çalışıram. Bizi bu etnik təmizləməyə gətirən yolun başlanğıcı XIX əsrin əvvəllərinə gedib çıxır. Yorğun düşüncələrimdən bir haray qopur: Gülüstan, Türkmənçay müqavilələri ilə yarımcan edilən Azərbaycan! Qulaqlarıma İrəvandan Göyçəyə, Ərzurumdan Dərbəndə ulularımızın səsi gəlir. İllərlə düşmən tapdağında olanda, dağıdılan, xarabaya çevrilən torpaqlarımızın naləsi eşidilir. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan, soyqırımına düçar edən və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarda qanım donur. Qəlbimdə soyqırıma düçar olan soydaşlarımızın – şəhidlərimizin sümüklərinin göynərtisini duyduğum anda iki il əvvəl qazandığımız qələbəni, Şuşada, Kəlbəcərdə, Laçında dalğalanan üçrəngli ay-ulduzlu bayrağımızı, Zəngilanda Şuşada bayram tonqalı qalayan sakinlərimizi, Ağalı kənd tam orta məktəbində gülüş səsləri gələn məktəbliləri, illər sonra yurduna qayıdıb şəhid övladının məzarı başında qürurla dayanan azərbaycanlı anasını, Zəngilan rayonunun Ağalı kəndində dünyaya gələn körpəni, azad olmuş torpaqlara qayıdan, ermənilərin xarabaya çevirdiyi kəndləri gülüstana çevirən insanları düşünürəm. 
    Və deyirəm ki, bir ölkənin ki dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndəri, cənab İlham Əliyev kimi ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandanı var o ölkə, o xalq həmişə qalib olacaq. Və vaxtilə bacarıqsız rəhbərlərin ucbatından itirilən yurdların hər qarışı geri dönəcək, tarix öz sözünü deyəcək, bizim olan bizə qayıdacaq. Biz buna inanırıq. 

    Ulu Öndərin illər öncəki çıxışlarından birində dediyi kimi: “Mən inanıran, mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcək bütün bölgədə. Mütləq, mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 25.01.2023 19:52