AZ EN RU

Qərbdə söz azadlığının bədəli və ya dünyaya demokratiya dərsi keçənlərin Assanj utancı

Keçdiyimiz həftə dünya mediasının diqqətində olan əsas məsələlərdən biri də London məhkəməsində “WikiLeaks” saytının yaradıcısı Culian Assanjla bağlı keçirilən dinləmələr idi. Bu dinləmələrdə sözün əsl mənasında Assanjın taleyi həll olunur. Onsuz da Culian Assanj 12 ildir, Böyük Britaniyada - əvvəllər Ekvador səfirliyinin binasında, daha sonra isə Belmarş maksimum təhlükəsizlik həbsxanasında məhkumluq həyatı yaşayır. Əgər hakimlər dünya şöhrətli jurnalistin əlavə apellyasiya şikayəti vermək hüququna malik olmadığını müəyyən edərsə, o, yaxın vaxtlarda ABŞ-a göndəriləcək. Orada isə jurnalisti 175 illik həbs həyatı gözləyir. Səbəb isə odur ki, öz portalında ABŞ dövlətinin rəsmi şəxslərinin yazışmalarını yayıb. Bu yazışmalarda amerikalıların başqa dövlətlərə qarşı hansı məkrli planlar qurduğu, müttəfiq və qeyri müttəfiqləri ilə həyata keçirdiyi və keçirəcəkləri layihələri əks olunub. Təbii ki bu məlumatların yayılmasından sonra bir çox ölkələr bu işdən öz nəsiblərini aldılar, amma dünyanın süper gücü bunu özünə həm də ona görə bağışlaya bilmir ki, artıq reputasiyası zədələnib və bunun da nəticəsində ona olan münasibət dəyişib. ABŞ Assanjı “layiqli” şəkildə cəzalandırmağa çalışır ki, bu, başqalarına da dərs olsun.

Hələ 2010-cu ildə ABŞ-ın sifarişinə görə Assanjı bir qadınla münasibətinə görə ilk dəfə İsveç hökuməti həbs etmişdi. Amma jurnalist Stokholm qəzetlərindən birinə məktub yazaraq bu ittihamın açıq-aşkar “WikiLeaks”də yayımlanan məlumatlarla bağlı olduğunu bildirmişdi. Bundan sonra İsveç tərəfi ona qarşı bu ittihamları ləğv etmişdi. Həmin ilin sentyabr ayının 1-də isə İsveç səlahiyyətliləri ona qarşı bu işi yenidən ortaya atdılar. Hətta İsveç məhkəməsi “Wikileaks”-in qurucusunun həbsi üçün order də verdi. Bir gün sonra Assanjın isveçli vəkili bu məhkəmə qərarından şikayət edərək onun buraxılmasına nail oldu və jurnalist Londona gələrək orada yerləşmişdi. 2012-ci ildə Assanjı dövlətin düşməni elan edən ABŞ jurnalisti orada da rahat buraxmadı və o, Ekvador səfirliyinə sığınaraq  siyasi sığınacaq aldı. Sonra isə ABŞ və Britaniyanın Ekvadora siyasi təzyiqləri nəticəsində sığınacaqdan məhrum edilsə də, Assanj hələ də casusluq ittihamına görə Britaniya hüquq-mühafizə orqanlarının əlindədir. İşin motivinə gəldikdə isə bu ekstradisiyanın ABŞ-ı təmsil edən vəkillər qanunun tələbi, jurnalisti müdafiə edənlər isə siyasi yöndə olduğunu bildirirlər. Hadisələr hansı şəkildə cərəyan edirsə etsin, məsələnin mahiyyəti dəyişmir: Qərbdə, ABŞ başda olmaqla, media siyasi hakimiyyətlərin istədiyi qədər azaddır. 

Hər birimizin xatirindədir, 44 günlük Vətən müharibəsi dövründə həmin Qərb mediası Azərbaycana axışaraq real hadisələri başdan ayağa təhrif yolu ilə  dünya ictimaiyyətinə çatdırmaq üçün dəridən qabıqdan çıxırdılar. Dövlət başçısının xarici media kanallarına verdiyi müsahibələrdə qərbli “azad söz carçıları”nın Prezidentə ünvanladıqları ittihamvari suallarını da hələ unutmamışıq.  Xüsusilə BBC müxbirinə cənab İlham Əliyevin Assanjın həbsdə saxlanılması ilə bağlı tutarlı sualları həmin vaxt dünya mediasının günlərlə müzakirə etdiyi əsas mövzulardan olmuşdu. Qərb mediasının iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyan bu müsahibəyə sonralar Prezidentin Çinin məşhur “China Media Group” media korporasiyasına verdiyi müsahibədə də toxunulmuşdu. Çinli jurnalist Culian Assanj tezisinin dünyada böyük rezonans doğurduğunu bildirmiş və Prezidentdən bu fikrə necə gəldiyini soruşmuşdu. Dövlət başçısı da bu məsələnin davamlı olaraq Qərbin müstəqil siyasət yürüdən Azərbaycanı bir çox sahələrdə ittiham etmək istəyindən doğduğunu bildirmiş, Assanjla bağlı məsələnin Qərbin  tarixində qara səhifə olduğunu qeyd etmişdi. 

Ümumi mənzərə ondan ibarətdir ki, bu gün özlərini demokratiyanın, söz azadlığının, insan hüquqlarının müdafiəçiləri hesab edən ölkələr üçün bəşəri dəyərlər nisbidir. Əgər Assanjın yayımladığı məlumatlarda hər hansı Şərq ölkələrinin adı keçərdisə, bu, ABŞ və Qərb üçün mətbuat və söz azadlığının kobud şəkildə pozulması, insan hüquqlarının tapdanması, jurnalistin peşə fəaliyyətinə müdaxilə və sair kimi təsdiqlənəcəkdi. Amma söhbət Qərbdən gedirsə, bu artıq dövlətin “təhlükəsizlik” məsələsidir.

İllərdir Azərbaycanda qarışqanı filə döndərən “Amnesty International”, “Human Rights Watch” kimi “müstəqil” təşkilatlar 30 il işğalda qalan ərazilərimizi, yer üzündən silinən mədəniyyət və memarlıq abidələrini, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını “görmədilər”. Niyə? Çünki Qərb bu cür istəyirdi. Ancaq ərazi bütövlüyümüzü və süverenliyimizi bərpa etməyə başlayanda hamısının səsi gur çıxmağa başladı. Elə birqütblü dünyanın təməl prinsipi də budur. O ki qaldı Assanja, jurnalistin dinləmələrdən sonra ABŞ-a verilib-verilməməsi (verilərsə, həyatına risk daha çoxdur) hələlik bəlli olmasa da bu, mahiyyəti dəyişmir. Qərb Assanj utancını öz üzərində həmişə daşıyacaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 27.02.2024 12:58