AZ EN RU

Qənirə Paşayeva: Yeni dünya nizamı fonunda Azərbaycanın nail olduğu reallıq sülhpərvər siyasətin təntənəsidir

Bir neçə gün əvvəl Şuşada keçirilən Qlobal Media Forumu işini uğurla başa çatdırdı. Foruma marağın yüksək səviyyədə olmasının ən önəmli səbəbi onun mövzusu ilə yanaşı, Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı idi. Dövlətimizin başçısı çıxışında Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Komitə sədri bildirib ki, Şuşa Qlobal Media Forumu, Azərbaycan Prezidentinin Forumun açılış mərasimindəki çıxışı ilk dəqiqələrdən yerli və beynəlxalq medianın gündəmini zəbt etmişdi. Təəccüblü deyil ki, revanşist xülyalarından əl çəkməyən Ermənistan və dünya erməniliyi Şuşa Qlobal Media Forumu və dövlətimizin başçısının çıxışı üzərindən növbəti dəfə azərbaycanofob, türkofob, islamafob açıqlamalar verirlər. Ermənilər erməniliyini göstərir, biz isə öz işimizi görürük. Forum iştirakçıları hər şeyi öz gözləri ilə gördülər. Qonaqlar erməni işğalından sonra Azərbaycanın apardığı sürətli quruculuq işlərinin şahidi oldular.

Bəli, 30 illik işğala hərbi yolla son qoyulub, geridə qalan məsələlər diplomatik yolla həll olunmaq ərəfəsindədir. Biz, əlbəttə, sülh quruculuğuna çalışırıq, prosesə töhfələr verməyə çalışırıq və bizim çağırışlarımız, yanaşmalarımız ədalətli sülhün formuludur. Ermənistandan fərqli olaraq soyqırımı, bizim işğal keçmişimiz yoxdur. İşğala son qoyan ölkə kimi Azərbaycanın sülh çağırışları yüksək dəyərə layiqdir”, - deyə Q.Paşayeva vurğulayıb.

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsinə də toxunan komitə sədri deyib ki, dövlətimizin başçısının jurnalistin suallarına geniş və hərtərəfli cavabları müsahibəni xüsusi diqqət mərkəzinə çevirib.

“Müsahibəsində Azərbaycanın prioritetlərindən söz açan Prezident İlham Əliyev 30 il ərzində dünyanın dəyişdiyini, amma başlıca məqsədlərimizin eyni qaldığını vurğuladı. Bildirildi ki, dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı əsas məqsəd olaraq qalır.

Doğrudan da 30 il ərzində baş verən dəyişikliklər elə-belə deyil. Biz hazırda çox böyük hadisələrin, o cümlədən faktiki olaraq yeni dünya nizamının qurulmasının şahidiyik. Yeni dünya nizamı fonunda Azərbaycanın nail olduğu reallıq, ilk növbədə, siyasi iradənin, dövlət-xalq birliyinin və sülhpərvər siyasətin, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verilən töhfələrin təntənəsidir. Bizim beynəlxalq, çoxtərəfli və ikitərəli münasibətlərə yanaşmamız, dövlət siyasətimiz Çin üçün, eləcə də Çinin xarici siyasəti bizim üçün maraq kəsb edir. Azərbaycanın son illər iqtisadiyyatını gücləndirən Çinlə münasibətlərin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Çinlə ikitərəfli əlaqələrdə əldə etdiyimiz uğurlar uzunmüddətli və qalıcıdır. Bu yerdə Azərbaycanın tranzit imkanlarını, habelə tarixi İpək Yolunun bərpasına Azərbaycanın verdiyi töhfələri, xüsusilə yeni reallıqları vurğulamaq lazımdır”, - deyə Q.Paşayeva qeyd edib.

Onun sözlərinə görə, həmin reallıqlardan biri də budur ki, Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra öz üzərinə götürdüyü öhdəliyi - Zəngəzur dəhlizi layihəsini yerinə yetirmir. Avropa və Asiyanı birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan deputat Azərbaycan və Çinin bu məsələdə bir-biri ilə eyni mövqedən çıxış etdiklərini söyləyib.

Nəşr edilib : 27.07.2023 18:15