AZ EN RU

Qənbərli ailəsinin 3 şahmatçısı

Bu gün Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanda şahmatın yeni inkişaf strategiyası müəyyənləşdirilib və reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan şahmat ölkəsi kimi artıq özünü təsdiq edib, ölkəmizdə şahmat sürətlə inkişaf edir, bu sahədə mühüm nailiyyətlər qazanılır. İndi ölkəmiz mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən məkan kimi tanınır. 

 Azərbaycanda şahmatın inkişafı dövlət siyasəti kimi səciyyələndirilir. Bütün şəhər və rayonlarımızda şahmat məktəblərinin fəaliyyəti ilə yanaşı, həm də orta məktəblərdə şahmat tədris edilir. İdmanın bu növü şagirdlərdə sərbəst düşünmə qabiliyyətinin, çevik qərar qəbuletmə, mürəkkəb şəraitdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir. Naxçıvan Muxtar Respublikasında da bu sahəyə xüsusi diqqətlə yanaşılır, ümumtəhsil məktəblərimiz şahmat vasitələri və yüksəkixtisaslı şahmat mütəxəssisləri ilə təmin edilib, şahmat dərslərinin tədrisi təcrübəli müəllimlər tərəfindən həyata keçirilir. Muxtar respublikanın bütün şəhər və rayonlarında müasir şahmat məktəbləri fəaliyyət göstərir. Müasir standartlara cavab verən məktəblərdən biri də Babək Rayon Şahmat Məktəbidir.
    Uzun müddətdir, fəaliyyət göstərən Babək Rayon Şahmat Məktəbi bir çox istedadlı zəka sahiblərini ölkə şahmatına qazandırıb. Son illər uşaq və yeniyetmə şahmatçıların ölkədaxili və beynəlxalq arenalarda uğur qazanmasında məhz bu məktəbin rolu böyükdür. Məktəbin istedadlı zəka sahibləri arasında Qənbərli ailəsinin üzvləri – Hüseyn, Nigar və Əlini, xüsusilə vurğulamaq lazımdır. Yaşlarının az olmasına baxmayaraq, kifayət qədər uğurlara sahib olan zəka sahiblərinin bu yolda ən böyük dəstəkçiləri isə babaları Həsən Kərimovdur. Şahmatın sirlərini ilk olaraq nəvələrinə öyrədən Həsən müəllimin fikrincə, bu yolda ən böyük məsuliyyət və ağırlıq məşqçilərin üzərinə düşür: “Uşaqların ilk müəllimləri mən olsam da, burada əsas işi məşqçi-müəllimləri görür. Xüsusilə Emin Hacıyev, Hüseyn Əliyev, Urfan Sevdimalıyev və digər məşqçilərin bu uşaqların üzərində böyük əməkləri var. Bütün çətinliklərdə müəllimlər hər zaman uşaqların yanında olur, onlarla fərdi olaraq çalışır və keçiriləcək yarışlara, turnirlərə hazırlayırlar. Bununla yanaşı, uşaqlar Babək rayon Nehrəm kənd 1 nömrəli tam orta məktəbdə də şahmatla məşğul olurlar”.

    Qənbərli ailəsi, demək olar, bütün diqqətini bu idman növünə yönləndirib. Uşaqların ardıcıl olaraq uğurlar qazanması isə onları daha da ruhlandırıb. 5 ildir, şahmatla məşğul olan 11 yaşlı Nigar Qənbərli dəfələrlə muxtar respublika çempionu olub. Amma onun ən böyük arzusu Azərbaycanı Avropa və dünya çempionatında təmsil etməkdir: “Çıxış etdiyim yarışlarda uğur qazandıqdan sonra ölkə birinciliyində mübarizə apardım. 3 dəfə Azərbaycan çempionatının final mərhələsində çıxış etmişəm. 2018-ci ildə çempionatda 6-cı pilləni tutmuşam”.
    Nigar Qənbərli 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Naxçıvan Beynəlxalq Şahmat Festivalında qalib adını qazanıb: “7-8 yaşlı şahmatçılar arasında qalib oldum. Bu mənim çıxış etdiyim ən böyük turnir idi. Yarışdan sonra Türkiyənin Sivas, Antalya şəhərlərində təşkil olunan beynəlxalq şahmat turnirlərində də mübarizə apardım və mükafatçılar sırasına düşdüm. İndi əsas məqsədim qarşıdakı yarışlara hazırlaşmaq, Azərbaycanı layiqincə təmsil etməkdir”.

    Bacısı kimi dəfələrlə muxtar respublika birinciliklərinin mükafatçısı olan Hüseyn Qənbərli 6 ildir, şahmatla məşğuldur. 2018-ci ildə Azərbaycan çempionatının final mərhələsində mübarizə aparan 14 yaşlı zəka sahibimiz bir il sonra Naxçıvan Beynəlxalq Şahmat Festivalında iştirak edib və 4-cü olub: “Həmin turnirdə çətin rəqiblərlə qarşılaşdım. Hər görüşdən sonra məşqçilərim mənə səhvlərimi deyirdilər və növbəti görüşlərdə bunu təkrarlamamağa çalışırdım. Son tura kimi gedən mübarizədə turniri 4-cü pillədə başa vurdum. Ardınca Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə Türkiyənin Hatay, Kahramanmaraş, Malatya, Van, Antalya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə mübarizə apardım. Qalib və mükafatçısı olduğum bu turnirlər mənə oyun baxımından çox təcrübə qazandırdı. İnanıram ki, qarşıdakı yarışlarda daha böyük uğurlar qazanıb məşqçilərimin etimadını doğruldacağam”.

    Qənbərli ailəsinin ən kiçik üzvü olan Əli 9 yaşının olmasına baxmayaraq, bir çox yarışlarda iştirak edib. Öz həmyaşıdları arasında bacarığı ilə seçilən şahmatçımız Naxçıvanda keçirilən bir çox yarışlarda mükafatçılar sırasına düşməyi bacarıb. Sonuncu dəfə Van və Malatyada təşkil olunan beynəlxalq turnirdə Əli əsl əzmkarlıq göstərib və topladığı xallarla diqqəti cəlb edib. 
    İntellektual idman növü olan şahmat müasir dövrümüzdə böyük izləyici kütləsinə malikdir. Bu sahədə ölkəmiz dünya şahmatına bir çox istedadlı zəka sahibləri bəxş edib və onların ən güclülər sırasında olması, Azərbaycanda bu idman növünə olan diqqətin bariz nümunəsidir. Bu həm də ölkəmizdə uşaq, yeniyetmə və gənclərin intellektual səviyyəsinin göstəricisidir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 04.04.2023 18:31