AZ EN RU

Qələbəmizin böyük təntənəsi

2022-ci il “Şuşa ili”dir

    Nə az, nə çox, düz 28 il Şuşasız qaldıq, bu gözəl yurd yerimizə qovuşacağımız günü həsrətlə gözlədik. Gün, bu gündür… Artıq Qarabağ torpağı doğmalarının gəlişini bayram edir. Təbii ki, Qarabağı düşməndən azad etmək bir o qədər də asan olmadı. Müzəffər Ordumuz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni döyüşdə məhv etdi. Bizim olan özümüzə yenidən qaytarıldı. Şuşa qələbəsi Zəfər Günü kimi yaddaşlarımıza hakim kəsildi. Hər ilin son gününün son saatlarında cənab Prezidentin xalqa müraciəti zamanı Qarabağa qovuşacağımız günün ümidləri verilirdi. Bu il isə ölkə başçısının  müraciəti fərqli hiss və duyğularla oldu. Prezident cənab İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa ili” elan etdiyini vurğuladı. Ardınca isə 2022-ci il yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda deyilir: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz  yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa ili” elan edirəm”.
    Adıçəkilən Sərəncamın imzalanmasında məqsəd Qarabağın tarixini bütün dünyaya çatdırmaq, Şuşanın 270 illik yubileyinin təntənəli şəkildə keçirilməsinə nail olmaq və ən əsası Şuşamızın tez bir zamanda bərpasını sürətləndirmək baxımından mühüm önəm daşıyır. Qarabağımızın gözü olan Şuşanın düşməndən azad olunduğu gün biz əmin idik ki, qədim yurd yerimiz abadlaşacaq, dirçəldiləcək, əvvəlki gözoxşayan rövnəqliyi özünə qaytarılacaq. Elə Şuşamızın azad olunduğu gün ölkə başçısının xalqımıza müraciətində dediyi kimi: 

            “Əziz Şuşa, sən azadsan!
            Əziz Şuşa, biz qayıtmışıq!
            Əziz Şuşa, biz səni dirçəldəcəyik!
            Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

    Bəli, artıq Şuşa yenidən qurulur, özü də gözoxşayan, füsunkarlığı ilə dünyaya meydan oxuyacaq tikililəri ilə… Qısa zaman kəsiyində görkəmli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin, həmçinin Şuşadakı tarixi, dini və memarlıq abidələrinin bərpa olunması ölkəmizin mədəniyyət paytaxtında həyata vəsiqə alan kompleks quruculuq işlərinin tərkib hissəsidir. Qürur hissi ilə deyə bilirik ki, şəhərin tarixi siması əsaslı surətdə dəyişir. Paytaxtda gözoxşayacaq binaların özülü qoyulur. Təbii ki, bütün bunlar “Şuşa” adlı qələbəmizin davamıdır. Prezidentimizin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərə mütəmadi olaraq səfər etməsi isə həmin yurd yerlərimizin tarixinə silinməz anlar yazır. 
     Şuşamız düşmən əsarətindən azad edildiyi bir il müddətində bir çox tədbirlərə ev sahibliyi edib. Novruz bayramında “Novruz” tonqalı çatıldı Şuşada. Bu torpağın əsl sahibləri Cıdır düzündə rəqs etdilər. Onun ardınca Şanlı Zəfərimizin böyük sevincini “Xarıbülbül” festivalında yaşadıq.  Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” sözlərini əks etdirən videoçarxa baxdıqca sevinc göz yaşlarımıza hakim ola bilmədik. Sevinən təkcə biz deyildik. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın ruhu, sevinirdi Vaqifin nakam ruhu. O müqəddəs ruh ki 30 il məqbərəyə hər baxdığında dağıdıldığını, doğmalarını itirdiyini, bu torpaqda düşmənin gəzdiyini görürdü. Vaqif poeziya günlərinin keçirilməsi ilə yenidən canlandı Şuşam. Bütün bu tədbirlərin keçirilməsi bağrımıza çəkilən dağların məlhəmi oldu. O məlhəm ki düşmənin gözünə atılan şiş, boğazına tökülən zəhər oldu. Ötən ilin iyun ayında daha bir tarixi Qələbəyə uğurla imza atdıq. Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilmiş Şuşa şəhərinə səfəri baş tutdu. Burada iki ölkə arasında imzalanmış “Şuşa Bəyannaməsi” regionda sülh və sabitliyin bərpa edilməsi, ölkələrimizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən çox vacib sənəd oldu. İki qardaş ölkənin dövlət başçılarının bu addımı atması düşmənə Qələbə mesajını ünvanladı. 
    Şuşa təkcə şuşalılar üçün yox, Vətənini sevən  hər bir vətəndaş üçün əzizdir, doğmadır. Şuşanın 270 illik yubileyinin zəfər coşqusu ilə keçiriləcəyini gözləyirik. Bu silsilə tədbirlərdə isə Şuşa şəhər mədəniyyəti, tarixi, coğrafiyası, eləcə də bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyaya səs salacaq, düşmənin gözünə ox olub sancılacaq. Şuşada aparılan yenidənqurma işlərindən sonra şəhər həm də turizm mərkəzlərindən birinə çevriləcək. 270 yaşlı yurd yerimizdə görəcəyimiz xoş günlər hələ qabaqdadır. Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin minarələrindən eşidilən azan səsi hər tərəfə səs salacaq, şəhid qardaşlarımızın ruhu yenidən şad olacaq! O günləri doya-doya yaşayıb, canlı şahidlərinə çevrilmək ümidi ilə...

Nuray ƏSGƏROVA

Nəşr edilib : 15.02.2022 19:18