AZ EN RU

Qələbəmizə Xocalı ucalığından baxmaq xoşbəxtliyi

Salam olsun o müqəddəs və yaralı ruhunuza, ey Xocalı şəhidləri. Cümlələrimi, qəlbimdən qopan hər pıçıltımı diqqətlə seçib bu sətirləri qələmə almaq istəyirəm. Axı siz Azərbaycan xalqının qaysaq bağlamayan yarası, acı nisgili, əbədi qan yaddaşısınız.

32 il bundan öncənin soyuq bir fevral gecəsində vicdanını, insanlığını, heysiyyətini, insafını itirmiş, dünənə qədər süfrəmizin artığı ilə yallanan vəhşi bir qəbilənin qurbanına çevrilmək nə yaman dərd imiş, İlahi. Bəs nə idi Xocalıdan olan 613 insanın – ana bətnindəki uşağın, qucaqdakı körpənin, yaşlının, ahılın, ağsaqqal və ağbirçəyin qəbahəti? Türk olmaqmı, yoxsa damarlarında azərbaycanlı qanı gəzdirmək idimi günahımız? O gecə Xocalı saxta bir ideologiyanın – “dənizdən dənizə böyük Ermənistan” qurmaq istəyənlərin hərisinə çevrildi. Balayanların, sarkisyanların, nə bilim başqa nə kimi yanların XX əsr boyu azərbaycanlılara qarşı qusduğu kinin, nifrətin kulminasiyası idi bu insanlıq cinayəti.

Fevralın 25-dən 26-na keçən o məşum gecə... Körpələrin nidası, anaların, qız-gəlinlərin ah-naləsi dağlara, meşələrə yayıldı o axşam. Qarlı-boranlı dağlarda qucağında yavrun, əliyalın dayanmaq, durmaq bilmədən qaçırsan, arxandakı isə quduz bir vəhşidir. Dəhşətli mənzərədir deyilmi? İnsanoğlu Ulu Yaradana bir can borcludur, gec-tez bunu ödəyəcək. Amma ölümün, son nəfəs verməyin bu formasını heç kimə, hətta vəhşi erməniyə də arzulamadı o gecə xocalılılar. Namusumuza, heysiyyətimizə, qürurumuza toxunmuşdu o gecə mənfur düşmən. Yandırıb kül etmişdi o gözəllər gözəli Xocalını. Sanki dünya binə olandan bəri yox imiş belə bir şəhər, belə bir məmləkət.  

Bizim uşaqlığımız Çingizin ah-nalə ilə Xocalıdan çəkdiyi o kadrlarda ilişib qaldı. Don vurmuş qucaqdakı körpə, təhqir olunmuş, dərə-təpələrə toxum kimi səpələnmiş insan cəsədləri. Biz böyüdükcə Xocalı adlı yaramızı da daha dərindən dərk etdik. Canımızdan, qanımızdan, bir parça oldu Xocalı. Oğul-uşağımıza başa saldıq ki, çəkiləsi dərd olmasa da, yazın hafizənizin ən dərin qatına, damarlarınızda axan qan olsun Xocalı. Bu insanlıq dramının, qara ləkənin qisası qiyamətə qalmamalıdır, bağışlamaz bizi Pənahəli xan, Xan qızı Natəvan, bağışlamaz bizi ulu əcdadlarımız. Dünya bizə hayan duran, haqq səsimizə səs verən deyildi. Mənfur ermənini ədalət tərəzisinə özümüz çıxarmalı, haqq-hesabı çürütməli idik. Bunu bizdən azərbaycanlı qanı, böyük xalq olmağın qüdrəti tələb edirdi. 

30 il bir igidin ömrüdür. Yəqin, kimsə belə hesab edirdi ki, zaman yaraları sağaldıb, Azərbaycan üçün bu faciə keçmişdə qalan ədavətdi. Xocalı həqiqətlərini dünyaya çatdırmaqla bərabər həm də dövlət səviyyəsində ideoloji iş apardıq, qəlbimizin acısını ağrısını evdəki uşağımıza aşılaya bildik. Biz onlara gələcək gözü ilə baxdıq, biz onlara əsgər, zabit, Vətənin təəssübünü, qeyrətini çəkən OĞUL dedik. Onları elə bir ruhda tərbiyə etdik ki, faciəni iliklərinə qədər yaşadılar. Qarşıda isə bizi daha da ucalmaq, məğrurlaşmaq, böyümək, ən əsası qalib olmaq kimi şərəfli bir yol gözləyirdi.

...Bu YOLun BƏLƏDÇİSİ dövlətçilik tariximizə “Qalib” möhürünü vurmuş cənab İlham Əliyev olacaqdı. 30 il siyasi səhnədə səbir nümayiş etdirsə də, daim öz ordusunu gücləndirdi. O, uzaqgörən, nəyi necə, nə vaxt etmək lazım olduğunu bilən LİDER olduğuna görə xalqı da Ona arxalandı, Onun qərarlarına, əmrinə müntəzir dayandı. “Zəfər” bir söz kimi 5 hərfdən ibarət olsa da, o, asanlıqla qazanılmır. Xalq-Lider-Ordu birliyi, yuxusuz gecələr, praqmatik siyasət, vaxtında verilmiş düzgün qərarlar var bu sözün tərkib hissəsində. 44 günə əldə etdiyimiz bu Böyük Qələbəni cənab İlham Əliyev ilmə-ilmə toxumaqla “Zəfər” sözündən ən qürurlu cümlələr qurmağı xalqa ərməğan etdi. Ən yaxın tarixdə – 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı ilə Xocalı səmasındakı qara buludların yerinə Azərbaycan Bayrağı çəkildi. Torpaq arındı – murdar ayaqdan, işğalçı niyyətdən, barbar düşüncədən, quduz təfəkkürdən. Xocalı adlı yaramıza məlhəm olmaq üçün ƏBƏDİ qayıtdıq. O gün Qalib əsgər üçrəngli bayraq qarşısında, Xocalıda diz çökdü və and içdi ki, bir də bu torpaqlarda belə faciələr yaşanmayacaq. 

Ehhheyyy dünya, eşidirsən, biz qayıtmışıq. Xocalının qisasını ermənidən almışıq. “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”,– deyən Qalib Liderimizlə, bizimlə birgə yaşamaq istəməyən erməniləri xoş rəftar, əmin-amanlıqla sərhədimizdən yola salan əsgərimizlə, hər şeyə rəğmən sülh təklif edib böyük, özü də ÇOX BÖYÜK olduğumuzu göstərən XALQımızla qayıtmışıq. Sənin üçün çox darıxmışdıq, indi möhkəm sarılmaq, həsrətimizi ovutmaq vaxtıdır, Xocalı! 

Son söz... Azad Xocalıdan yazı yazmaq, hisslərimizi ifadə etmək xoşbəxtliyini bizə yaşatdığınıza görə var olun, möhtərəm Prezident! Allah bütün şəhidlərimizin məqamını uca etsin!

Sara ƏZİMOVA

"Şərq qapısı" qəzetinin baş redaktoru

Nəşr edilib : 25.02.2024 13:55