AZ EN RU

Qələbələr, zəfərlər partiyası-Yeni Azərbaycan Partiyası

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi ərəfəsindəyik.  21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni bir partiyanın təməli qoyuldu. Zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyası  70 illik əsarətdən sonra yenicə müstəqillik qazanan lakin o zamankı səriştəsiz rəhbərlərin Azərbaycanı  az qala məhvə sürüklədiyi bir zamanda xalqın yeganə ümid yeri oldu.  Dövlətçiliyimizin keşiyində dayanaraq güclü siyasi bir qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası  eyni zamanda tariximizdə yeni bir yüksəliş mərhələsinin əsasını da qoymuş oldu.

Tarixdən hər birimizə məlum olduğu kimi  müstəqilliyimizin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra vətənimiz böyük fəlakətlərlə üzləşdi. O zamankı hakimiyyətin dövlətə, xalqa qarşı etdiyi  xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu.  Hər zaman öz məkirli niyyətlərini həyata keçirmək istəyən Ermənistan yaranmış bu vəziyyətdən istifadə efərək vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycana qarşı işğalçılıq siyasətlərini daha da gücləndirmişdi. Həmin dövrdə İmperiyanın əsarətindən xilas olaraq birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçən  digər xalqlar kimi Azərbaycanda da bir neçə siyasi partiya yaranmışdı. Lakin onların heç biri nəinki  xalqı xilas etməyə cəhd edirdi əksinə qürurlu bir millətin gələcəyə olan bütün arzu və ümidlərini öldürmüşdülər.Məhz belə bir  faciəvi vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Ömrünün çox hissəsini xalqa xidmət etməyə həsr edən , xalqın unudulmaz lideri Heydər Əliyev ona ünvanlanan müraciəti qəbul etdi. O zamankı hakimiyyətin yaratdığı maneələrə baxmayaraq  Azərbaycanın bütün bölgələrindən seçilmiş ziyalıların Naxçıvana getməsi ilə məhz Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər partiyaya sədr seçildi. Sonralar  Ulu Öndər partiyanın yarandığı tarixi şəraiti qiymətləndirərək demişdi:  “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. 

Bütün bunlar xalqın Ulu Öndərə olan inamının ifadəsi idi. Keçən hər bir zaman ,yaşanan hər bir tarixi hadisə xalqın inamının doğru olduğunu sübut etdi. Xalq yaxşı anlayırdı ki belə bir ağır zamanda millət üçün nicat yolunu yalnız qorxmaz , qətiyyətli və hər saniyə öz vətənini düşünən bir lider tapa bilər. Bu lider isə Heydər Əliyevdən başqası ola bilməzdi . Hələ 1978-ci ildə  Azərbaycanın SSR-nin tərkibində olduğu vaxtda dilimizi Azərbaycan SSR-in Konstitusiyasında dövlət dili kimi təsdiq etdirməyə nail olaraq milli kimliyimizi məhv olmağa qoymayan o Böyük insan  müstəqilliyimizin ilk illərində yaranan böhranın üstəsindən gələrək Ölkəmizin  iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə nail olmağı bacardı.

Ulu Öndərin hakimiyyətiə gəlməsi ilə bütün sahələrdə mühüm addımlar atıldı.Ölkəmizdə  sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələrin  müvəffəqiyyətlə  yerinə yetirilməsi Heydər Əliyev siyasətinin uğurları idi  .  Eyni zamanda Heydər Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bir sıra regional və beynəlxalq təşkilatlara üzv seçildi.  

Yarandığı gündən bu günə qədər bir çox uğurlara imza atan Yeni Azərbaycan Partiyasının Vətən müharibəsi zamanı yaratdığı siyasi həmrəylik, inteqrasiya  və milli birlik modeli isə xüsusilə vurğulamaq lazımdır. Bu gün əldə etdiyimiz milli birlik və bu birliyin bizə qazandırdığı güc sayəsində 30 il düşmən işğalında qalan torpaqlarımızın azad olunması  Yeni Azərbaycan Partiyasının    bu günkü rəhbəri , Heydər Əliyev siyasətinin laiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasətin qələbəsidir. Qazandığımız bütün bu uğurlar müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verən  Yeni Azərbaycan Partiyasının qələbələr ,zəfərlər partiyası olduğunu sübut edir.

                                                İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin

“Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 18.11.2022 16:28