AZ EN RU

Qələbə müjdəli, zəfər ətirli payızım...

    Xilqətdən alaraq ilham payını, al-əlvan rənglərdən geyib donunu, qocaman köksünə həsrəti, hicranı, vüsalı, kədəri, sevinci sığdırıb elimizdə, obamızda, ömrümüzdə saf, təmiz məhəbbətlə dolaşan payızım. Yağan yağışdan, əsən rüzgardan, saralan çöldən, solan çəməndən, dağları, bağları, dərələri, düzləri bürüyən sisdən, dumandan sorağını alıb əlimdə kağız-qələmlə görüşürəm səninlə. Gəlmişəm sənə səndən danışam, rənglər aləminin bənzərsiz ahəngi ilə süslənən hüsnünü vəsf etməyə çalışam. 

    Yaşı minilliklərin bağrını dələn Naxçıvan şəhərinin başdan-başa libasına bürüdüyün Əcəmi seyrəngahında rahat oturacaqların birində əyləşib xəfif küləyin pıçıltısını dinləyə-dinləyə, ömrünü başa vurmaqda olan yarpaqların rəqsinə tamaşa edə-edə duyğular təlatümünə, xəyallar aləminin ağuşuna düşürəm: İllər arxasından gələn səslərin sədası xəzəllərin xışıltısını azacıq üstələməyə başlayır... 
    Minillik tarixini vərəqlədikcə nələrə rast gəlmək olmur ki, payızım? Kimlərə yaşamaq-yaratmaq şövqü verməmisən, kimlər səndən yazmayıb, kimlər şəninə şeirlər, poemalar qoşmayıb, məqalələr, nəsr əsərləri qələmə almayıb, incəsənət nümunələri yaratmayıb ki?.. Sən “Cücəni payızda sayarlar”, – deyən zəhmətkeşlərin əməyinin bəhrəsi, cücərən arzuların, ümidlərin inam təşnəsi, bolluq, bərəkət rəmzisən, “Dağlar payızlıdır, mən titrək əlli, gözümdə gör nələr canlandı, nələr”  söyləyən, payızda dünyaya göz açıb payızda köçən Məmməd Araz dünyasında ilham çeşməsi kimi gecə-gündüz çağlamısan. “Saralır get-gedə çöl, çəmən, çayır, könül hər saatı ömürdən sayır” misraları ilə ömrün payızından danışan Bəxtiyar Vahabzadə şeiriyyətində könülləri dağlamısan. “Gün keçdi” filmi ilə mavi ekranlarımızın qonağı olub Vaqif Səmədoğlunun “Bir axşam taksidən düşüb payıza, bilmədik haraya, hayana gedək” sözləri, yanıqlı ifa ilə qəlbimizi nostalji duyğularla, romantik hisslərlə kökləmisən, Bəhruz Kəngərlidən üzü bəri tanınmış azərbaycanlı rəssamların təxəyyülünü, təfəkkürünü yeni ideyalarla aydınladıb, zənginləşdirib, sənət, peşə yolçularının yoluna işıq saçıb, yaradıcı ruh aşılamısan, ey şair, rəssam təbiətli payızım...
    Göz işlədikcə görünən ağacları, təmiz səkiləri, ecazkar landşafta malik parkı seyr etdikcə blokadanın ağır, məşəqqətli illəri barədə yaşlılardan, orta nəsildən eşitdiklərim, özümün şahidi olduqlarım, gördüklərim bir-bir canlanır yaddaşımda, xəyallar qanadlanıb yaxın keçmişə uçur: İndi nəfəsini, ətrini dərindən duyub, təravətini hiss etdiyimiz, baxdıqca doyumsuzluğuna doymadığımız bənzərsiz tablon vaxtilə ala-yarımçıq, ağaclarla bəzənən bağ-bağçalar, xiyabanlar, səkilər, meşələr vaxtilə çarəsiz insanların əlindən üryan qalmışdı, gəlişin bugünkü qədər içdən istənilən, arzulanan, xoş deyildi, payızım. Gəlişinlə “Ailə təsərrüfatı məhsulları”, “Arıçılıq məhsulları-bal festivalları”na hazırlaşan, məhsullarını tədarük edib sataraq özünə gün-güzəran yaradan, təbiətə min bir qayğı göstərib yaşıllıqlara qulluq edən, elini, obasını səliqə-sahmana salan, qışa yüksək əhvali-ruhiyyə ilə, hazır halda qədəm qoymağa çalışan zəhmətkeşləri bir zamanlar fəslin çətinlikləri təngə gətirmişdi, problemlər cana yığmışdı, balta ən çox istifadə olunan təsərrüfat alətinə, bekarçılıq ən yayğın vərdişə çevrilmişdi. O illərin əsən küləyi, yağan yağışı, xışıldayan xəzəli bugünkütək nostalji hisslər, romantik ab-hava yaşatmır, gerilikdən miskinləşən kəndlərimizdəki tikililərə uçub-dağılma təhlükəsi, parklarımızda, xiyabanlarımızda zığ-palçıq sədləri yaradırdı. Evlərimizdə, məktəblərimizdə, iş yerlərimizdə əl-ayağımızı, canımızı isidən hisə bürünən soba deyil, qəlbimizdə ovudan “Hər qaranlıq gecənin bir aydın sabahı olur, eybi yox qışdan sonra bahar gələcək” kimi saf, təmiz arzular, diləklər idi. Başımız o qədər qışı qarşılamaq üçün götür-qoy işlərinə, qayğılara qarışırdı ki, nə vaxt gəlib necə getdiyini də bilmirdik, payızım... “Sabahın bu gündən daha yaxşı olacağının ümidi, inamı ilə çalışaraq gözəl günlərə gəlib çıxdıq, bugünkü yaşayışın qədrini bilmək lazımdır...” Əyləşdiyim oturacağın yanından ötüb keçən babanın balaca nəvəsinə söylədiyi bu nəsihətamiz sözlər məni düşüncələr aləmindən ayırır, bayaqdan xatirələrin təsiri ilə bir nöqtəyə ilişib qalan nəzərim ətrafda baş verənlərə yönəlir. Bu yurdda qadına, anaya hörmətin, ehtiramın tarixiliyindən söz açan Möminə xatın türbəsinin önündə qurulan molbertlər arxasında rəsmlər yaradan gəncləri, təbiətin təravətli, saf havasını ciyərlərinə çəkən, parkın içərisi ilə hərəkət edən, deyib-gülən ortayaşlıları, qovalaqaç oynayan uşaqları görürəm...
    “Zaman qatarı nə yaman sürətlə gedir” söyləyərək munis xatirələr, payızlı düşüncələrlə Əcəmi seyrəngahını tərk edib redaksiyaya qayıdıram. Piyada keçidinin tən ortasında yolun sol tərəfindəki bir mənzərə qarşısında qeyri-iradi ayaq saxlayıram. Bu il Zəfər Günü ərəfəsində açılan Zəfər Parkının möhtəşəmliyi ilə üz-üzə yenidən xatirələr dil açır: iki il bundan öncəki qələbə müjdəli mübarək gəlişini xatırladır ərazidəki Zəfər abidəsi, payızım. Əvvəllər bəziləri səni ayrılıq, hicran, arzuolunmayan fəsil adlandıranda elə bərk acığım tutardı ki. “Zəhmətin bəhrəsi sayılan, ən gözəl əsərlərin ərsəyə gəldiyi, bolluq, bərəkət rəmz­li, yaradıcı ruhlu payızı sevməməkmi olar?” düşüncəsiylə qınayardım onları. Ancaq ikinci ildir ki, bu giley-güzarlar aradan qalxıb, həmin insanlar da şəninə xoş ifadələr, vəsflər söyləyir artıq. Bəli, iki il bundan öncə baş verənlər tamamilə alt-üst etdi haqqında əvvəllər dolaşan bədbin fikirləri. Otuzillik həsrətimizin sona çatdığı, hər bir azərbaycanlının sevimli, vüsal nidalı fəslinə döndün, qədəmlərin belə sayalı, düşərli olsun hər zaman...
    2020-ci ildəki gəlişinlə əzəli torpaqlarımıza yeni həyat gəldi, nisgilimiz, həsrətimiz sona yetdi, arzularımız, ümidlərimiz, xəyallarımız çiçək açdı. O zaman bir başqa payız idin sanki. İlk dəfə idi, səni elə rahat, sakit görürdüm. Çox həlimli, mülayim xasiyyətli olmuşdun. Alnının düyünü açılmışdı, qaşqabaqlı deyildin əvvəlkitək.Təbii ki, ürəyindən idi yaşananlar, sən də boğaza yığılmışdın 30 ildir, hüsnünün gözəlliyinə xələl gətirən, ana təbiəti məhv edən o mənfurların zülmündən. Tüğyan edən çovğunun, əsən dəli rüzgarın yoxa çıxmışdı, yağılar üzərinə yeriyən igidlərimizi ilıq nəfəsinlə isidən, üşütməkdən ehtiyatlanan, yollarını dumanla, sislə bağlamaqdan çəkinən, haqq, ədalət tərəfdarı idin, payızım. Bəli, əlverişli iqlim şəraitindən də yararlanan qəhrəman oğullarımız al qanları ilə qızıl payızda heç zaman unudulmayacaq qızıl tarix yazdılar, düşmənin xülyasını puç edərək torpaqlarımızı əbədi azadlığına qovuşdurdular, Füzuliyə, Qubadlıya, Zəngilana, Ağdama, Laçına, Şuşaya, Qarabağımıza sancıldı üçrəngli bayrağımız. Başı dumanlı dağlarda qartallar qorxmadan, hürkmədən qıy vurmağa, kəkliklər uçuşmağa başladı, xarıbülbülün ətrinə büründü Şuşamız, Üzeyirin, Bülbülün, Vaqifin, Xurşidbanu Natəvanın pərişan ruhları şadlıq, hüzur tapdı 2020-ci payızda.
    Artıq 2-ci ildir ki, gəlişini səbirsizliklə gözləyirik, daha nə qarşıdan gələn qış qorxudur bizi, nə də torpaq həsrəti üşüdür qəlbimizi. Bütöv, qüdrətli Azərbaycan naminə, torpaqlarımızın azadlığının ildönümünü qeyd etdiyimiz üçün sevincliyik, qürurluyuq. Daha da fəxrli, qürurlu günlərin hələ qarşıda olduğunu da gözəl bilir, dərindən dərk edirik. Əmin ol ki, bu eldə, bu obada daha heç kim səni ayrılıq, hicran fəsli adlandırmayacaq, Böyük Qələbəmizin, Zəfər Tariximizin həkk olunduğu bir mövsüm olaraq xatırlanacaqsan, dilimizdə, qəlbimizdə daim bir səs ucalacaq: Səni çox sevirik, Qələbə müjdəli, Zəfər ətirli payızım!    

Nail ƏSGƏROV

Nəşr edilib : 28.11.2022 20:38