AZ EN RU

Qəlblərdə yaşayan şəhidim

Allahyar Elman oğlu Telmanlı

01.09.1992-09.10.2020

Allahyargil iki qardaş olublar. Allahyar tam başqa xüsusiyyətli oğlan idi. Məni hədsiz çox sevirdi. Çox da qoçaq oğlan idi. Balaca vaxtından hərbçi olmağa can atırdı. Çox həvəsli idi. Heydər Əliyev adına Hərbi Liseyə də öz istəyi, arzusu ilə getdi. Burada da, Bakıda da təhsil aldığı müddətdə savadı, çevikliyi ilə hamıdan fərqlənirdi. 

Allahyar qaydasız döyüş üzrə idmançı idi. Hərbiyə o qədər bağlı idi ki, bu idman növünü xüsusilə seçmişdi.
Allahyar 2016-cı il Aprel döyüşlərində də aktiv iştirak etmişdi. Hətta başından yaralanmışdı. Uzunmüddətli müalicədən sonra yenidən hərbi xidmətə qayıtdı. Vətən sevgisi bir an olsun Allahyarı tərk etmədi. Qazi olmasına baxmayaraq, yenidən ordu sıralarına geri qayıtdı.
Müharibə olacağını bilən kimi hərbi hissədə olan bütün mülki geyimlərini bura, evə göndərdi. Dedim, bəs sən paltarsız qalacaqsan? Dedi, ana, lazım olsa, mən səndən istəyəcəyəm. Demək istəyirmiş ki, müharibə olacaq. 
Sentyabrın 23-ü mənə zəng vurdu. Dedi, ana, qardaşımı hərbiyə aparmayıblar? Dedim, yox, evdədir. Amma gedib adını yazdırıb ki, ehtiyac olsa getsin. Qardaşını çox istəyirdi. Elə hey deyirdi qardaşımı evləndir toyunu görüm. Deyirdim ki, bəs sən evlənməlisən, qərib yerdəsən, yemək-içmək hazırlayan lazımdır. Deyirdi, ana, yox, qardaşımı evləndir. Bu dəfə dedim ki, sənə qız tapmışam gəl evləndirəcəyəm. Dedi, ana, dekabrda gələcəyəm. Balam dekabrda yox, oktyabrda şəhid gəldi. 
Sentyabrın 26-sı zəng vurdum. Çox səs-küy gəlirdi. Dedi, ana, mənim başım qarışıqdır. Mən özüm sizi yığacağam. Dedim, yaxşı ana qurban. O dəqiqə başa düşdüm ki, müharibə gedir. 
Oktyabrın 8-i mühasirəyə düşürlər. Hadrutda məzarlıqda balamı snayperlə vurublar. Şəhid olan günü dostu ilə danışıb. Deyib, mən şəhid olacağam. Ağır əməliyyatdır. Bundan sağ çıxa bilmərik. Anamı taparsan. Anam ağlamayacaq, çünki o mənim kimi igid övlad böyüdüb.

Nəşr edilib : 30.05.2024 12:19