AZ EN RU

Qəlbimizdəki azad edilmiş torpaqlarda gerçəkləşən arzulardan alovlanan tonqallarımız daim yanar olsun

Od çərşənbəniz mübarək!

    Kiçik çillə bitir, öz ömrünü xalq təsəvvüründə yazın müjdəçisi kimi yaşayan Boz aya verir. Boz ay xalq təfəkküründə “ağlar-gülər ay”  kimi xarakterizə olunur. Xalq tərəfindən bu zaman kəsiminə verilən adlar, eləcə də Boz ay həmin zamanda havanın tez-tez dəyişməsi ilə əlaqələndirilir. Adətən, tutqun, dumanlı, küləkli keçən hava qəfildən istilənir. Və ya əksinə, isti hava tez-tez öz yerini soyuq hava kütlələrinə, yağışlı, bəzi vaxtlarda da artıq təbiətə, təsərrüfata ziyan verə biləcək qarlı hava kütlələrinə verə bilir. Bu zaman kəsiminə verilən adların bəzilərində azacıq əzizləmə məqamlarını da müşahidə etmək mümkündür. Bu da etnosun təbiət və onun fəlakətlərinə etiqad və inamla yanaşmasını ifadə edir.

    Xalq tapınaraq hörmətlə yanaşdığı təbiət qüvvələrindən imdad gözləmək məqsədilə onu “əzizləməyi” məqsədəuyğun bilmişdir. Ona görə də “ağlar-gülər ay” və digər adlar bu məqsədi ifadə edə bilər. Əksinə olaraq edilən mücadilələrə – keçirilən ayin və rituallara, qurbanlara “baxmayan” təbiət bəzi vaxtlarda insanlarla qəddar “rəftar edir”. Onun maddi həyatını təmin edən təsərrüfatına böyük ziyan vurur. Və bu ziyanı qəbul etməyən insan təbiəti adlandırmaq məqamına hiddətlə yanaşır. Elə xalq arasında da insandakı kəskin xarakteri, baş vermiş hadisəyə insanın kəskin reaksiyasını “boz” sözü ilə ifadə olunmasına təsadüf edilir. İnsanın hirsli, acıqlı məqamındakı reaksiyasını “bozarmaq” ifadəsi ilə müqayisə edən xalq isti, mülayim havanın anidən dəyişərək kəskin soyuqla əvəzlənməsini də “boz” sözü ilə ifadə edir. Yəni fevralın 20-dən Novruzadək olan dəyişkən hava ilə izlənilən zaman kəsimi “Boz ay” adlanır. 
    Boz ay bizi Novruza aparan ay olaraq dünyanın yaranmasında iştirak edən dörd ünsürün simvollaşdığı dörd çərşənbəni əhatələyir: Su, Od, Yel,Torpaq. İl axır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Ayin və rituallarla bəzənmiş bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi sanki özünə borc bilir...
    Suyun ardınca gələn Od çərşənbəsi torpağı tamamilə dirildir, canlandırır. Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan Od əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır. Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Altay miflərinə əsasən ilk odu böyük Ülgen – Bay Ülgen yaradıb. Türk xalqlarında Umay ruhu ilə bağlı təsəvvürlər mövcuddur ki, bunlar da Od ruhu ilə əlaqəlidir. Abakan tatarlarından toplanmış rəvayətə görə, Od vaxtilə qoca İldırımın kiçik oğlu olmuşdur. Qoca İldırımın böyük oğlu Günəş, ortancıl oğlu Ay, kiçik oğlu isə Oddur. Odun ildırım Tanrısı tərəfindən yaradıldığı haqqında qədim mənbələrdə fikirlər mövcuddur. Şamanizmdə odun saflaşdırıcı gücünə inanılmış, ona görə də bədxah ruhların vurduğu mənfi təsirdən qorunmaq üçün odun təmizləyici gücündən istifadə edilmişdir.
    Dünyanın yaranmasında əsas ünsür kimi keçən həftə qeyd etdiyimiz ilk çərşənbə – Su çərşənbəsi öz ardınca Od çərşənbəsini “səsləyir”. Od çərşənbəsində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızın şəhər və kəndlərində müxtəlif ayin və mərasimlərin icrası od kultuna inamı əks etdirən mərasimlər kimi diqqət çəkir. Bu çərşənbəni el arasında “çillə-beçə çərşənbəsi” də adlandırırlar. Odun istisini duyan torpağı əkib-becərmək, ona qulluq etmək üçün bu çərşənbədə fəallıq daha da artır. Hamı öz həyət-bacasına, torpağına olan hörmətini artırmaq məqsədilə əkin işlərini sürətləndirir. Naxçıvanda bu münasibətlə xalq arasında belə bir deyim formalaşıb: “Torpaq, ona olan qulluğun, hörmətin qarşılığını insana mütləq verəcəkdir”. İnsanlar torpağa qulluq etməklə özlərinin maddi təminatını da müəyyən qədər ödəmiş olduqlarını düşünürlər. Həm də torpaqla bağlılıqlarını, əməyə, zəhmətə olan sevgilərini folklor nümunələri şəklində yaradıb gələcək nəsillərə ötürürlər:

      Qarışqadan ibrət al,
      Qış ikən yazı düşün. 

    Od çərşənbəsinin xarakterik ayinlərindən biri də Naxçıvanda evlərin həyətlərində tonqal qalanmasıdır. İnsanlar od üstündən tullanaraq ağırlığın, dərd-sərin köhnə ildə qalmağını arzulayarlar. 
    Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur ki, bunlara kiçik janr nümunələri sırasında daha çox rast gəlmək mümkündür. “Od yanan yerdən tüstü də çıxar”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri; “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar; “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” kimi alqış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. Naxçıvan Muxtar Respublikasının bəzi regionlarından toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, Od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz Od çərşənbəsində tonqal ətrafında yallı rəqsinin icrası od hamisinə olan inancın qalıqlarını nümayiş etdirir. Qeyd edək ki, qədim türk mifoloji dünya duyumunda od hamisi Tanrının kiçik oğlu kimi qəbul edilirdi. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir. Naxçıvan ərazisindən toplanmış rəvayətlərdən birində deyilir ki, od qalamaq ənənəsi “Muxtardavası” deyilən davadan qalmadır. Lakin qeyd edək ki, od qalamaq ənənəsi qədim türk etnosunun oda ehtiramı, səcdəsi kimi rəmzi mahiyyət daşıyaraq bu gün də icra olunmaqdadır və bu mərasim türk dünya duyumunun elementi olaraq müasir dövrümüzə gəlib çıxmışdır. Əvvəllər  od üzərindən tullanarkən müxtəlif nəğmələr də ifa olunurdu. Bu nəğmələr indiki dövrümüzdə artıq arzu, istək, dilək şəklini alaraq təmizlənmə ilə bağlı alqış-dualara çevrilib: “Ağrım, acım səndə qalsın”, “Ağrım, dərdim-sərim, qıç ağrım, bel ağrım, qol ağrım sənə gəlsin, sənin sağlamlığın mənə gəlsin”, “Pislər sənə, yaxşılar mənə” və sair.
    Naxçıvanda Od çərşənbəsində icra olunan ayinlərdən biri də ağacqorxutma adətidir. Ailənin ən yaşlı nümayəndəsi əlində balta bağa gələr, hər ağacın dibinə üç dəfə balta ilə vurar. Bu ayin vasitəsilə inanılar ki, ağaclar “qorxaraq” növbəti ilə yaxşı bar verəcəklər. Naxçıvan Muxtar Respublikasının bəzi bölgələrində  bu ayini, əsasən, bar verməyən ağac üçün tətbiq edərlər. Əlində balta məhsul verməyən ağaca yaxınlaşan insan baltanı ağacın dibinə yaxınlaşdıraraq deyir ki, əgər gələn il bar verməsən, səni kəsəcəyəm. Başqa biri isə baltanı onun əlindən alaraq onu dayandırmağa çalışır və deyir ki, dəymə, kəsmə, mən zamin, gələn il bar verəcək. Bu ayinin kökündə yenilənmə dayanır. Bar verməyən, lakin sağlam olan ağaclar da qorxudulur. Qorxutmaqda məqsəd təkcə ağacdan bar almaq deyil. Bir ağacın barsız olması, onun mal-heyvan kimi qısırlığını ifadə edir. Qədim türklərdə də qısırlığın, sonsuzluğun uğursuzluq gətirəcəyinə inanılardı. Bu çatışmazlıqdan qurtarmaq üçün insanlar ağacları qorxutmaqla onların qüsurunu aradan qaldırmaq istəyirdilər. Haqqında söhbət açdığımız ayin qədim türkün əski adət-ənənələri ilə bağlı olub, kökündə etnosun təbiəti yeni ruhda qarşılamaq düşüncəsi dayanır.
    İnanclar sırasında diqqət cəlb edən nümunələrdən biri də budur ki, elə ilk çərşənbədən başlayaraq, bütün ilaxır çərşənbələrdə evə diləyə gələn qonşuya evdən ələk, maya, şam, kibrit verilməz. Bunları vermək zərurəti yaranarsa, diləyə gələn qadının başından örpəyi götürülür, əvəzinə istədiyi verilir. Bu ayin od çərşənbəsində də icra olunur.
    İcra olunan ayin və mərasimlər, eləcə də Od çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər odun xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir.
    İlaxır çərşənbələrlə bağlı mərasim və ayinlərin çoxu bu gün də xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünya duyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir.    Rəngarəng ritualları ilə İlaxır çərşənbələrin bəzəyi olan Od çərşənbəmiz mübarək olsun! “Türkün alqışı alqışdır!” – deyən ulularımızın hikmətli söz xəzinəsindən aldığımız alqışlara qoşularaq deyirik ki, ocağımız sönməsin! Ulu Tanrı ocağımızdan ruzi-bərəkəti əskik etməsin, tonqallarımız Vətən torpağında hər zaman gur yansın! 30 il ərzində həsrətlə Tanrıdan dilədiyimiz “Gün o gün olsun ki, torpaqlarımız işğaldan qurtulsun, tonqallarımızı azad Qarabağımızda çataq!” alqışımız gerçəkləşdi, gün o gündür! Biz tonqallarımızı azad torpaqlarımızda gerçəkləşmiş arzuların qəlbimizə çilədiyi sevinc odu ilə alovlandırırıq. Od çərşənbəmiz mübarək olsun!

Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent

 

Nəşr edilib : 27.02.2023 21:16