AZ EN RU

Qəlbi yurd həsrəti ilə yanan insanların ümidləri doğrulacaq

Qərbi Azərbaycan: Tarixi faktların və şahidlərin dili ilə

    Qədim Şərur torpağında bir kənd var... Doğma yurdundan zorla qovulub çıxarılaraq qoynuna pənah gətirən insanlara qucaq açan Danyeri kəndi. Burada əzəli torpaqlarımız olan Qərbi Azərbaycanın 50-dən çox kəndindən zorla qovulan sakinləri yurd salıb, yuva qurub. Dərələyəz mahalının Ələyəz, Qovışıq, Qabarlı, Güllüdüzü, Qaraqaya, Gədik, Ağkənd, Qışlaq, Vəndi kəndlərindən gəlmiş ailələrin bir qismi müxtəlif illərdə Danyerinə üz tutub. 85 yaşlı Əli Abışovun da ailəsi 1968-ci ildə Qərbi Azərbaycanın Yexeqnadzor rayonunun Hors kəndindən Naxçıvana pənah gətirib. 

    Onun dediklərindən: – Azərbaycanın başına gətirilən ən böyük müsibət erməni tayfalarının bu torpaqlara köçürülməsi olub. Dədə-baba yurdlarımıza köçürülən bu tayfanın nümayəndələri dağdan gəlib bağdakını qovmağa, ona zülm etməyə başlayanda anladıq bunların niyə ailələrinin ən gözəl qızını bizim əli iş tutmayan, sağlamlıq imkanları məhdud olan oğullarımıza layiq bildiklərini, niyə bizə mehriban davranıb ən igid oğullarımıza kirvə olduqlarını. Sovetlər Birliyi yaranandan sonra isə “qardaş” olub, Vətənimizin ən dilbər guşələrinə köçüb Sovet İttifaqının verdiyi imkanlardan da yararlanıb Azərbaycan vətəndaşı oldular. Onlar dövlətimizin bütün vətəndaşlarına göstərdikləri qayğıdan yararlanıb həkim olub Xankəndinin, Şuşanın xəstəxanalarında dünyaya gələn oğlan uşaqlarına vurduqları iynələrlə onları  ölümə sürüklədi və ya ömürboyu şikəst qoydu. Mühəndis olub Ağdamda, Şuşada inşa etdikləri evlərin himinə, divarlarının arasına xaç çəkdilər. Alim olub tariximizi, milli-mənəvi dəyərlərimizi saxtalaşdırıb özününküləşdirdilər. Bu vəhşi xalqın nümayəndələri məqam tapan kimi qız-gəlinimizin namusuna toxunub alnımıza qara ləkə yaxmaqla da ürəyi soyumadı, onlara bağışlanan qədim İrəvan, tarixi Göyçə, Zəngəzurla  da doymadı gözləri.
    Həmin günləri yada salan müsahibim  dedi: – Yaşadığımız ərazidə, demək olar ki, hər kəs azərbaycanlı idi. Bizim yaşadığımız ərazinin torpaqları ermənilər yaşayan yerlərə görə daha səfalı olduğu üçün onlar yavaş-yavaş bizim məskunlaşdığımız kəndlərə köçməyə başladılar. Elə ağrılı-acılı günlərimiz də bundan sonra başladı. Erməni əhalisi tez-tez dava salır, evləri, bağ-bağçaları talan edirdi. Polis məmurlarına şikayət edəndə də heç bir tədbir görülmürdü. Ailələrimiz, qız-gəlinlərimiz hər an təhlükə qarşısında qalırdı. Ona görə də ailəmi və övladlarımı götürüb evimizi tərk etməli oldum. Şərur rayonunun Danyeri kəndində bizə dövlət tərəfindən torpaq sahəsi verildi. Sovxoza işə getdik. Güzəranımızı qurmağa başladıq. Çox çətin, məşəqqətli günlər yaşadıq. 
    Evin xanımı, 80 yaşlı Çiçək xala həmin günləri yada salır:
    – Biz bu kəndə gələndə burada cəmi dörd ailə yaşayırdı. Torpaq o qədər daşlı idi ki, əkin əkmək olmurdu. Əlimizlə o daşları bir-bir təmizləyib əkin əkirdik. Uşaqlarım körpə olduğu üçün çox əziyyət çəkmişəm. Yurdumuzdan, yuvamızdan didərgin düşdüyümüz bəs deyil, burada da çətinlik çəkirdik. Heç bir köməyimiz yox idi. Geri qayıda da bilmirdik. Məcbur qalıb şəraitə uyğunlaşmalı olduq. Yeni gəldiyimiz vaxtlarda köhnə bir inzibati tikilidə yaşadıq. Sonralar işləyib yavaş-yavaş ev tikib balalarımızı başımıza yığıb yaşadıq. Sovetlər dönəmində onların bizə düşmənçilikləri gizli şəkildə aparılırdısa, sonralar daha sərt şəkildə oldu. Azərbaycanlılar yaşayan kəndlər ard-arda hücumlara məruz qaldı. Evlər yandırıldı, insanlar qətlə yetirildi, evini tərk etməyənlərin hər şeyi talan edildi. Qız-gəlinlərimiz təhqir edildi. 1988-1990-cı illərdə hələ də orada yaşayan insanlar kütləvi şəkildə qovuldu və ya qaçmağa məcbur oldu. Heç yadımdan çıxmaz, ailəmlə birlikdə 1968-ci ildə bu kəndə köçsəm də, bacımın ailəsi 1988-ci ilə kimi orada yaşayırdı. Onlar 89-cu ildə məcbur qalıb oradan erməni hərbçilərin zoru ilə çıxarılıb Naxçıvana gəlmişdilər. O qədər ailə köç etmişdi ki, hamı bir-birinə qarışmışdı. Bacımın övladları qarışıqlıqda itmişdi. Heç yadımdan çıxmaz, düz 7 gün Naxçıvana köç edən ailələrin içindən onları tapa bilmədik. Sonradan Babək rayonunda olduqlarını öyrənib, gedib tapdıq. Çox çətin günlər idi. Bacım deyirdi ki, elə ki xalqımızın Böyük oğlu Heydər Əliyev sovet rəhbərliyindən uzaqlaşdırıldı, ermənilərin bizə olan hücumları daha da alovlandı, aşkar şəkil aldı. Onların qorxusundan çölə çıxa bilmirdik. Bir tikə çörəyi də gecələr gizlincə bişirib evə gətirirdik. Nə uşağa, nə qocaya, nə də qadınlara yazıqları gəlirdi. Kim gəldi süngüdən keçirirdilər. Kəndlərdəki başıpapaqlıları bir-bir öldürür, böyüksüz qalan evlərə hücum edirdilər. Pisi də o idi ki, sovet polisi bizi qorumurdu, onlara haqq qazandırırdı.
    Çiçək xala onu da ürək yanğısı ilə dedi ki, doğulub boya-başa çatdıqları torpağı unutmaq o qədər çətindir ki. Ata-babalarımızın, əzizlərimizin məzarlarını tərk etmək məcburiyyətində qaldıq və bu gün də həsrətlə həmin yurda dönməyi arzu edirik.
    Digər müsahibim ailənin yaxın qohumu Yaqub Həsənovun da ailəsi Vedi rayonunun Hortun kəndindən öncə Şərur rayonunun Cəlilkəndinə, sonra isə Danyeri kəndinə köç edib. Beş oğul övladı olan bu ailə də bir çox çətinliklərlə qarşılaşsa da, necə deyərlər, daşı torpaqdan ayırıb, torpağı ələyib, özlərinə yurd-yuva qurublar. Yaqub dayı dedi ki, qardaşları Bərdə və Gəncə şəhərlərində yurd salıb orada yaşasalar da, o, Naxçıvanda qalıb. Anası və atasının yurd həsrəti ilə dünyadan köçdüyünü deyən Yaqub dayı bildirdi ki, ümidimiz sonsuzdur. Əminik ki, Ulu Öndərin davamçısının, dövlətimizin başçısının hərb meydanında qazandığı qələbə bizi öz yurdumuza da qaytaracaq. 
    Onlar zorla öz yurdlarından köçürüləndən sonra Azərbaycanın müxtəlif rayonlarında yerləşdiriliblər. Göyçədən, Dərələyəzdən, Vedidən və digər əzəli dədə-baba yurdlarımızdan məcburi şəkildə çıxarılan insanlar öz doğma Vətənləri Azərbaycanda yurd-yuva salsalar da, ürəkləri hələ də dünyaya göz açdıqları yurdlarda döyünür. Onlar Göyçənin, Dərələyəzin ətirli havası, bərəkətli torpağının həsrətini çəkirlər. Onlar ömürlərinin son baharında öz doğma ocaqlarının qapısını açmaq istəyirlər, o yerlərin ətirli havasını ciyərlərinə çəkməyi arzu edirlər. Və inanırlar ki, bunlar olacaq. Onların inamı sonsuzdur və bu inam əbəs yerə deyil. Üç il öncə qazandığımız zəfər insanların qəlbində bu inam işığını yandırıb. Müzəffər Ali Baş Komandanın “Biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq” sözləri insanları gələcəyə ümidləndirir. Onlar əmindir ki, Şuşada, Laçında, Kəlbəcərdə yanan çıraqlar kimi, Zəngəzurda, Göyçədə, Mehridə də odumuz-ocağımız alovlanacaq. Ağalıya sevinə-sevinə qayıdan sakinlər kimi, onlar da öz ata yurdlarına dönəcəklər. Axarlı-baxarlı Göyçə gölünü, gözəl meşəli, gur çaylı Dərələyəzi, Naxçıvanı anası Azərbaycana birləşdirən Mehri dağlarını görəcəklər. Bütün Qərbi azərbaycanlılar buna əmindir, çünki Azərbaycanın dünyaya meydan oxuyan Müzəffər Ali Baş Komandanı və bir qarış torpağı öz canından əziz bilən nər oğulları var. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 12.04.2023 21:07