AZ EN RU

Qəlbi daim Vətən üçün döyünən eloğlu

    Gördüyü işdən, tutduğu mövqedən və yaşadığı yerdən asılı olmayaraq, qəlbində Vətən sevgisi daşıyan hər bir şəxs vətəndaşlıq borcunu yerinə yetirməyə səy göstərəndə əsl azərbaycanlı adını daşımağa layiq olur. Doğulduğu yurddan yüzlərlə kilometr uzaqda yaşasa da, qəlbi həmişə Azərbaycan üçün döyünən insanlar yaşadıqları yerlərdə doğma vətənlərini layiqincə təmsil etdiyi zaman bu Vətənin suyu, çörəyi ona halal olur. Dünyanın bir çox dövlətlərində yüzlərlə azərbaycanlı yaşayır ki, onların bir çoxu öz əməli işi ilə bu Vətənin əsl övladı olduğunu sübuta yetiriblər. Vətəndən uzaqda olsalar da, qəlbləri daim Vətən üçün döyünən həmvətənimizi tanımaq üçün dörd bir yana soraq salıb, onların haqqında məlumat toplayanda biz də qürur duyuruq ki, elimizin belə oğul və qızları var. 

    Onlardan biridir Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri, Murmansk vilayəti İctimai Palatasının, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya şöbəsinin üzvü  Afil Hüseynov. Müsahibimizlə 7 may 1966-cı ildə Şərur rayonunun Kərimbəyli kəndində dünyaya gəlib, kənd tam orta məktəbini bitirdikdən sonra 1983-1984-cü illərdə Energetika Texnikumunda təhsil almışdır. 1984-cü ildə Murmansk vilayətində yerləşən Hərbi Dəniz Donanmasında xidmət edib. Sonrakı illərdə A.S.Qriboyedov adına Moskva Beynəlxalq Əlaqələr və İqtisadiyyat İnstitutunun Hüquqşünaslıq fakültəsinə daxil olub, oranı müvəffəqiyyətlə bitirib.
    Müsahibim dedi ki, hərbi xidmət üçün gəldiyi şəhərdə qalmaq fikrinə düşəndə gələcək üçün bir çox planlar qurub. Onlardan ən əsası burada Azərbaycan icmasını yaratmaq olub. İllər keçdikcə işlərini böyüdüb və söz sahibi olduqdan sonra arzularını bir-bir həyata keçirib. Ümum-Rusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin, Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri olduqdan sonra Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların qeyd olunmasını, eləcə də xalqımızın başına açılan faciələrin Murmansk vilayətində tanıdılmasını bir missiya olaraq həyata keçirən ən fəal diaspor sədri kimi tanınıb. 
    O qeyd etdi ki, yaşadığı vilayətdə soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında işlər görürlər. Rusiyada təhsil alan gənclərin koordinasiya olunması, Murmansk şəhərində yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində əlindən gələni edir. O, bir neçə ali təhsil müəssisəsində “Azərbaycan guşəsi”nin yaradılması üçün səy göstərib. Fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Murmansk vilayətində Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Rusiyada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçirilməsinə nail olub. 
    Vətəndən uzaqda olsa da, vətənpərvərliyi ilə seçilən Afil Hüseynov Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı və bir neçə Fəxri fərmanla da təltif edilib. 
    Afil Hüseynovla söhbət zamanı o xüsusilə vurğulayır ki, Naxçıvandan başlayan azadlıq hərəkatının iştirakçılarından biri və şahidi də olub: “Həmin illərdə gənc olsam da, kəndimizdə Arazboyu başlayan sərhəd hərəkatında iştirak edirdim. Qışın şaxtalı günləri idi, amma bizim qəlbimizdə yanan azadlıq tonqalı, əlimizi qolumuzu isidir, gözlərimizdəki qardaş həsrəti rus ordusunun bizə tuşlanan silahlarını görünməz edirdi. Bizə heç nə mane ola bilmirdi, nə dizə kimi çıxan qar, nə də illərlə iki qardaşın ayrılıq bayatısını dinləsə də, Arazın isinməyən soyuq suları. Xalqın coşub-daşan azadlıq istəyi qarşısında donan sovet əsgəri bir anda sökülüb tonqala çevrilən sərhəd dirəklərinə necə soyuqqanlıqla tamaşa edirdisə, biz də tikanlı məftillərin əllərimizdə, ayaqlarımızda açdığı yaradan gələn isti qana məhəl qoymurduq. Həmin gün, 70 illik qardaş həsrətinin son olduğu gün özünü Arazın soyuq sularına qərq edən oğullar üzü Cənuba tərəf üzdü. O tay, bu tay Azərbaycan öz doğmalarının görüşünə tələsəndə Arazın qəmli bayatısı sevincli nəğməyə çevrildi. Həmin gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olmaq şərəfinə layiq görüldü və tariximizə, təqvimimizə yazıldı. Bu gün həmin günlərin şahidi və iştirakçısı olduğuma görə fəxr edirəm”.  
    Afil Hüseynovun keçmiş barədə dedikləri, həmrəylik haqqında danışdıqları mənə üç il öncəki Vətən müharibəsində dünyanın dörd bir yanındakı azərbaycanlıların bir olduğu anları xatırladır:
    Necə güclü bir xalq olduğumuzu Vətən müharibəsində daha aydın gördük. Gördük ki, Azərbaycanda doğulub dünyanın müxtəlif ölkələrində yaşayan, işləyən yurddaşlarımız necə bir olub Vətəni müdafiəyə qalxdı. 
    Biz həmrəyliyimizi, Vətən sevgimizi dünyanın dörd bir yanından duyurduqca dünya şahid oldu bu xalqın necə gözəl bir xalq olduğuna. Və biz Ulu Öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözünü daha da böyük qürurla işlətdik bu birliyi görəndə. Bu torpaq onun suyu, çörəyi ilə böyüyən övladlarına halal olsun dedi. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 22.12.2023 18:28