AZ EN RU

Qəhrəman xalqın müzəffər Ordusu

Biz birlikdə güclüyük

Tarixin səhifələrini vərəqləyəndə, Oğuz türkünün min­illik möhtəşəm günlərinə nəzər salanda, son 34 ilin şanlı günləri yada düşəndə, müzəffər Ordumuz dünyaya səs salanda fəxarət hissi duyuruq ki, Azərbaycanda ilk milli ordu Naxçıvan Muxtar Respublikasında yaradılıb. 90-cı illərdə müharibənin ən çətin günlərində Ulu Öndərin yurdumuzda olması və o çətin vaxtlarda bizlə birlikdə yaşayıb xalqı birliyə, həmrəyliyə səsləməsi insanları ümidləndirdi, onların gələcəyə inamını artırdı. Yaxşı xatirimdədir, dahi rəhbər yurda qayıdanda hər kəsin dilində bir kəlmə dolaşırdı: O gəlibsə, deməli, hər iş yaxşı olacaq. Çünki bilirdilər, yaxşı bələd idilər Vətən övladına. Və elə də oldu. Əvvəlcə sovet ordusunun silahlarını təhvil verib yurdumuzu tərk etməsi üçün danışıqlar aparıldı, uzaqgörən insanın rəhbərliyi ilə Ali Məclisin sentyabr ayında keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar verildi. Dahi rəhbər xalqı ordu quruculuğuna dəstək verməyə səslədi. El bir oldu və kim əlindən nə gəlirsə əsirgəmədi. 90-cı illərdə neçə-neçə ananın, qız-gəlinin sandığı, mücrüsü açıldı. Məğrur qadınlarımız öz saxlanc yerləri olan sandıqlarından neçə yadigarlarını, xoş günlərinin xatirələrini, toy-duvaq, gəlin üçün əzizlənə-əzizlənə saxlanılan zinət əşyalarını ovuc-ovuc çıxarıb çörəklə yox, silahla, mərmi ilə dəyişdilər. Çünki qeyrətli Azərbaycan anası çətinliklə tapdığı bir ovuc taxılı üyüdüb yemək üçün ağlayan körpəsini sakitləşdirməyi bacarırdı. Amma mənfur, çörəyimizi yeyib torpağımıza göz dikənləri igid oğullarımız ancaq silahlarla susdura, ata-baba torpaqlarımızdan uzaq tuta bilərdi... Xalqın öz rəhbərinə inamı, yurd, Vətən sevgisi yenə qalib gəldi. Milli ordu yaradıldı. Kiçik özünümüdafiə qrupları həmin ordunun sıralarına daxil edildi. “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”, – deyən Ümummilli Liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərində ordu quruculuğuna ixtisaslı hərbçi kadrların hazırlanması ilə başlamışdı. 90-cı illərin əvvəlində Naxçıvanda ilk milli ordu qurumu, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini yaradaraq bugünkü güclü ordunun təməlini atdı. 
    Müdriklər deyib: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Biz də sülh istəyirdik. Çünki azərbaycanlılar sülhsevərlik və tolerantlıq tərəfdarı olub tarixboyu. Tanrı bizi məhz bu cür yaradıb. Sülh istədiyimiz üçün də müstəqilliyi yeni qazandığımız illərdə itirdiyimiz torpaqların işğaldan azad olunması üçün 30 ilə yaxın gözlədik, diplomatik danışıqlar prosesinə ümid bəslədik. Düşündük ki, indi ibtidai icma quruluşu deyil, XXI əsrdir. Dünya bu qədər ədalətsiz olmayacaq, Azərbaycanın BMT və beynəlxalq hüquq tərəfindən tanınmış ərazi bütövlüyünün bərpasına nail olması üçün işğalçını yerində oturdacaq. Amma yanılmışdıq. Çünki dünya güclünü qalib sayan, gücsüzü görməzdən gələn köhnə dünya imiş hələ də, sən demə. Yanılan isə təkcə biz deyildik, elə qoca dünya da yanılmışdı. Üç əsrdən çoxdur, tarixi torpaqları zaman-zaman əlindən alınan ən sülhsevər xalqın səbir kasasının bir gün daşacağını və silaha əl atacağını heç kəs gözləmirdi.
    Kimsənin ağlına belə gəlmirdi ki, döyüşdə silahının patronu qurtaran əsgər düşmən səngərinə əliyalın girib, işğalçı generalı əlləri ilə boğacaq, şəhid anası göz yaşlarını gizlədib, övladının tabutunu özü daşıyıb “sinəndən vuruldun sənə halal olsun”, – deyəcək. Şəhid atası oğlunun cənazəsini qarşılayarkən qurban kəsəcək. İki oğlunu Vətənə qurban verən valideynlər Ali Baş Komandana “müharibəni dayandırmayın, son damla qanımıza kimi döyüşək, ta ki azad olsun yurdumuz” tipli teleqramlar vuracaq. Heç kimin ağlına gəlmirdi ki, təqaüddə olan babalar müavinətini, torpağa alın tərini qatıb ruzi qazananlar illik ruzilərini orduya bağışlayacaq. Bir evdə beş oğul varsa beşi də müharibəyə getməyə can atacaq. Bütün bunlar yaxın keçmişdə Azərbaycanda baş verirdi. Biz bunları kitablardan oxumadıq, kinofilmlərdə görmədik, yaşadıq. 44 günlük Vətən müharibəsində yaşadıq. Bunlar 30 illik işğaldan bezən xalqın öz qüruru və şərəfi uğrunda mübarizəsi, həm də susqunluğu, bitərəfliyi ilə işğalçıya dəstək verən dünyanın ədalətsizliyinə etirazı idi.
    Azərbaycan xalqı 44 gün ərzində təkcə Ali Baş Komandanı, ordusu, həkimi ilə deyil, müəllimi, kəfən pulunu Silahlı Qüvvələrə Yardım Fonduna köçürən təqaüdçüsü, satdığı meyvələri əsgər kolonuna bağışlayan kəndlisi ilə də tarix yazdı. 
    Yenə bir qaranlıq gecə igid Azərbaycan əsgərinin şücaəti, rəşadəti ilə nura qərq oldu. Yenə bir sabahımız qələbə xəbəri ilə açıldı. İgid oğullarımız sentyabrın 27-ni tariximizə öz qanları ilə yazdı. Yeni bir tarixi gün, yeni bir qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. Torpaqlarımız erməni vandalları tərəfindən işğal ediləndən illər sonra 2016-cı ilin Aprel döyüşlərində xalqımız həsrətində olduğu qələbə xəbəri ilə açdı bir yaz səhərini. İki il sonra 2018-ci ilin may səhərində isə qədim Naxçıvanımızdan qələbə soraqlı müjdələr qanad açdı doğma Azərbaycanımıza. 27 sentyabr günündən başlayaraq 44 gün ərzində el bir oldu, “Biz birlikdə güclüyük” şüarı Qarabağımızın azadlıq çağırışına döndü. Bu müharibədə qazanılan qələbə  zamanın axışını dəyişdi. Regionun və dünyanın tarixini yenidən yaratdı. Alman faşizmindən daha qəddar olan erməni faşizminə “dəmir yumruğ”umuzla sarsıdıcı zərbə vurduq. Postsovet məkanında 1945-ci ildən sonra ilk Qələbə paradı da Bakıda keçirildi. Vaxtilə ermənilərin “Bakıya öz tanklarımızla gedəcəyik” “xəyalını” ordumuz tərəfindən ələ keçirilən məğlub ordunun tanklarını parada gətirərək gerçəyə çevirdik. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. Bütün dünya mediası oğullarımızın igidliyindən, qəhrəmanlığından yazdı. “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Demək çətindir. Bir müxbir kimi dünyanın bir sıra ölkə­lərini gəzmişəm, müharibə zonalarını müşahidə etmişəm. Beləsini görməmişəm. Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə də öləni əldən buraxırdılar. Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!” Tariximizin qanla yazılan səhifəsi, qürur günlərimiz 44 günlük Vətən müharibəsində rus mətbuatında dərc olunmuş bir məqalədən bu sətirləri oxuduqca insan  qürurlanmaya bilmir .
     Biz azərbaycanlı olduğumuz üçün fəxr edirik. Çünki keçmişi zəfərlərlə dolu qəhrəman bir xalqın, beş əsr öncə vahid Azərbaycanı, yüz il öncə Şərqdə ilk demokratik dövləti, 34 il əvvəl isə qanı ilə tarix yazan, tankların önünə əliyalın atılan ataların, igid oğullar böyüdüb Vətənə qurban verən anaların övladlarıyıq. Kimliyindən, harada dünyaya gəlməyindən asılı olmayaraq, biz bir olduq. Vətən müharibəsində qədim Naxçıvanın ər igidləri aslan kimi döyüşüb başımızı uca etdilər, bizə qələbəni gətirdilər. 90-cı illərdə burada dünyaya gələn, güllə səsi dinləyə-dinləyə böyüyən oğullar düşmənin başına od ələdi. 
    Bu gün qürur hissi ilə deyirik ki, təməli Naxçıvanda dahi rəhbər tərəfindən qoyulan milli ordumuzun igidləri xalqımızın illərdir, qanayan yarasına məlhəm oldu. Müzəffər Ordu adını qazandı. Vətən müharibəsində qədim yurdumuzun igidləri də buradan Qarabağa üz tutub savaşa qatıldılar, Şuşa, Hadrut fatehi adını aldılar. Naxçıvanın qəhrəman övladları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində qəhrəmanlıq göstərdilər. 
    Ötən ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatında suverenliyimizi bərpa edən ordumuz tarixə yenə öz qanı ilə imza atdı. İgid Vətən oğulları cəmi 23 saat 44 dəqiqəyə suverenliyimizi bərpa etdi, 30 il ərzində həllini gözləyən böyük bir problem ortadan qaldırıldı. İgid Azərbaycan əsgəri “uf” demədən canını Vətən torpağının bir qarışına qurban verdi. Evlərimizə bayrağa bükülü şəhid tabutları gələndə, bağrımız yansa da, başımızı dik tutduq. Çünki bilirdik ki, ordumuz bütöv Azərbaycanı yaradan Şah İsmayılın, dünyaya dərs keçən Atabəy Eldəgizin, əsgəri ilə çiyin-çiyinə döyüşən Polad Həşimovun, öz qəhrəmanlığı ilə dillərə dastan olan Mübariz İbrahimovun davamçıları olduqlarını sübuta yetirdilər. Onlar son 200 ildə başımıza gətirilən müsibətlərin qisasını alaraq, soydaşlarımızın – şəhidlərimizin sümüklərinin göynərtisinə son verdilər. 1990-cı ilin 20 yanvarında sovet ordusunun tanklarının qarşısına qorxmadan, əliyalın çıxıb sümükləri xıncım-xıncım olan oğulların, Xocalıda beş övladının hər birini bir qarlı təpədə itirən ananın, dünyaya göz açmağa macal tapmadan anasının bətnindən çıxarılıb süngüyə keçirilən körpələrin, baltaya tuş gələndə ərşi aləmə qalxan Topxana meşəsinin, ağ günləri qaraya dönən Ağdamın  sinəsinə erməni bayrağı sancılanda bağrı yanan Vətənin, yarımcan edilən Azərbaycanın qisasını aldılar. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 20.01.2024 17:42