AZ EN RU

Qəhrəman torpağın qəhrəman gəncləri

    Bu gün fəxr hissi ilə deyirik ki, Azərbaycan gənci ona olan ümidləri hər sahədə doğruldur. Onlar Azərbaycan Bayrağını dünya arenasında keçirilən yarışlarda yüksəyə qaldırmaqla kifayətlənməyib. 200 ildir, alnımıza yazılan məğlub xalq sözünü də silib, bayrağımızı Şuşada, Xankəndidə dalğalandırdı. Onlar illər öncə düşmən zülmünə məruz qalan insanların qisasını alıb, gələcək nəsillərə bütöv Azərbaycan ərməğan etdilər. Azərbaycanın son 30 illik tarixində Ulu Öndər sevgisi ilə yetişən gənclər dünya tarixinə yeni bir səhifə açıb, zamanın axışını dəyişdilər. Bu yolda canlarını qurban verdilər, sağlamlıqlarını itirdilər, amma yollarından dönmədilər. Qarabağda düşmən gülləsi ilə dayanan ürəklər, illərdir, doğmalarının həsrəti ilə yanan Şuşanın ürəyinə təpər verdi, nuru itən gözlər sönən çırağımızı alovlandırdı, Vətən yolunda itən əllər Qarabağın əllərinə güc, fəda olan ayaqlar yeriməyə qüvvət verdi. Qarabağ fatehi adını qazanan igidlərdən bir neçəsi həmsöhbətimizdir. 

    Baş leytenant Əmrah Məmmədov özü haqqında məlumat verərək bildirdi ki, 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə, oranı bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, buranı nailiyyətlə bitirib. 2020-ci il sentyabr ayının 27-də kəşfiyyat taborunun xüsusi təyinatlı qrup komandiri olaraq Füzuli rayonu kənd Horadiz istiqamətindən döyüşə qatılıb. Gənc zabit qeyd edir ki, həmin istiqamətdə ayağından yüngül qəlpə yarası alıb, 3-4 gün hospitalda qaldıqdan sonra öz istəyi ilə təkrar döyüşə qatılıb. Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə oktyabr ayının 20-də ağır yaralanaraq hospitala təxliyə olunub. Əmrah əlavə edir: – Müharibədə hər birimiz gözüyumulu döyüşə atılır, bir ovuc torpaq təki azad olsun, deyə canımızı qurban deyirdik. Müharibə qələbə ilə bitəndə aldığımız qəlpə yarası bizi incitmir, qürur verirdi. Artıq üç ildir ki, torpaqlar azaddır və biz qürur duyuruq dövlət tərəfindən təmin edildiyimiz avtomobili idarə edəndə, mənzilimizdə yaşayanda, təltif olunduğumuz orden və medalları sinəmizdə daşıyanda. 

    Ehtiyatda olan baş leytenant Şakir Babayev də sağlamlığını Vətənə qurban verən igid oğullardan biridir. Onun söhbəti:
    – Artıq 30 ilə yaxın bir zaman idi ki, torpaqlarımız erməni işğalında can verirdi. Harada dünyaya gəlməyimizin, harada böyüyüb boya-başa çatmağımızın fərqi yoxdur. Naxçıvan da bizimdir, Şuşa da, Laçın da, Xocalı da. Vətənin bu başı, o başı yoxdur. O dərd hamımızın idi, hamımız da bir olub bu yaraya məlhəm olduq. 
    Vətən müharibəsinin iştirakçısı olub düşmənin illərdir, möhkəmləndirdiyi mövqelərini dağıdıb torpaqlarımızı düşməndən azad etdik. Bu cümləni tələffüz etmək belə insana qürur yaşadır. Hələ ki, orada olub “İrəli” əmrini gözləyib düşməndən təmizlənən yurd-yuvamızı bir-bir görəndə yaranan sevinci sözlə ifadə etmək çox çətindir. Bayrağımızın o torpaqlarda dalğalandığını görmək, oraya ayaq basmaq hər birimizin uzun illərdir, arzusu, həsrəti idi. Artıq bitdi o həsrət. Bitirdik... Biz bir olduq birləşdik və düşmənə qalib gəldik. Ermənilərin dağılmaz, keçilməz sədd adlandırdığı ohanyan xəttini cəmi bir neçə saata yarıb, ilk qələbəni əldə edib onların 30 ildə qurduğu bütün istehkamları dağıtdıq. Mifi sonlandırdıq. 

    Oruc Salmanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. O, Vətən yolunda sağlamlığını fəda edib, Zəfər yolunu Şuşada tamamlayıb “dəmir yumruğ”un bir parçası oldu. Onunla söhbətimizdə dedi:
    – Hərbçi olmaq uşaqlıq arzum olub. Ordu sıralarına daxil olan gündən ən böyük arzum Şuşaya çatmaq, o şəhər uğrunda döyüşlərdə iştirak etmək idi. Vətən müharibəsində Hadruta, oradan isə Daşaltıya qədər getdim və Şuşa əməliyyatında iştirak etdim. Mən xəyal belə edə bilmədiyim, Azərbaycanın incisi olan bir şəhərə qədəm qoydum. Orada Azərbaycanımızın üçrəngli bayrağının dalğalandığını görmək bizə qürur yaşatdı. Silahdaşlarımızdan bir neçəsi şəhidlik şərbətini içdi, qazi olanlarımız da oldu. Şuşa əməliyyatında iştirak etməyim həyatımın ən unudulmaz səhifəsi olaraq qalacaq. O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək xəyal kimi görünsə də, biz bunu bacardıq. O keçilməz meşələrdə saatlarla piyada, çiynimizdə silah, üstümüzdə ağır döyüş geyimləri dayanmadan, nəfəs almadan döyüşə-döyüşə gedirdik. Bəzən barmaqlarımızla torpağı cırmaqlaya-cırmaqlaya, bəzən isə bir kolun qanadından yapışa-yapışa çıxırdıq. Aramızda elələri var idi ki, yaralansa da, dözür, hədəfə çatmağa can atırdı. Şuşaya çatanda təcrübəli zabitlərimizin və kəşfiyyatçılarımızın əvvəlcədən verdikləri məlumatların sayəsində istəyimizə nail olduq. Qaranlıq bir gecədə gözəl Şuşamızı düşmənin murdar nəfəsindən təmizlədik. Qürurum və sevincim sonsuzdur, çünki illərdir, həsrətində olduğumuz günə çatdı xalqımız. Sağ əlini Şuşa əməliyyatında itirən Oruc bildirir ki, dövlətimiz hər bir qazinin qayğısına qalır, o da mənzil və avtomobillə təmin edilib. 
    Hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir. İnsan suyu, çörəyi ilə böyüdüyü torpağı sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair yurdunu vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla, hərbçi isə torpağının hər daşını, qayasını qorumaqla. Onlar Vətənin məğrur gəncləri adını daşıdıqları üçün fəxr edirlər. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 03.02.2024 17:58