AZ EN RU

Qədim türk yurdu Naxçıvan muxtariyyətinin 100-cü ilinə qədəm qoyur

Ötən il dekabrın 30-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda Naxçıvanın Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutması, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynaması, əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verdiyi qeyd olunub. Xüsusilə Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq muxtar respublikanın 100 illik yubileyinin geniş qeyd edilməsi öz əksini tapıb.

    Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı belə bir dövlət sənədinin imzalanması çox böyük əhəmiyyət daşıyır. Çünki 1924-cü ildə Naxçıvana Azərbaycanın tərkibində muxtar respublika statusunun verilməsi tarixi zərurətdən yaranmışdı, eyni zamanda bu cür yüksək statusa malik olmasına baxmayaraq, son iki yüz ildən artıq bir dövrdə davamlı olaraq haqqında əsassız ərazi iddialarının irəli sürüldüyü bir bölgə kimi Naxçıvan daim ermənilər və onların havadarları tərəfindən ön planda saxlanılıb. Ən yaxın tarixin təcrübəsi də göstərir ki, əgər ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev Naxçıvanda olmasa idi, bu qədim Azərbaycan torpağı da işğala məruz qalacaqdı . Hər halda o dövrün reallıqları bunun üçün münasib idi. Təsadüfi deyil ki, Sərəncamın preambula hissəsində də məxsusi olaraq vurğulanır: “… Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.
    Təbii ki, il ərzində 100 illik yubiley tədbirlərinin keçirilməsi muxtar respublikada bir çox sahələrin tarixi inkişaf yoluna yenidən nəzər salmağa imkan verəcək. Amma bunlar içərisində ən önəmlisi muxtar respublikaya muxtariyyət statusunun verilməsini zəruri edən səbəblər idi ki, bu səbəblər içərisində ən birincisi də, az əvvəl dediyimiz kimi, qədim diyara olan əsassız ərazi iddialarıdır. Və burada istər-istəməz belə bir sual ortaya çıxır ki, həqiqətənmi ermənilərin Naxçıvana torpaq iddialarının kökündə bu qədim diyarın strateji mövqedə yerləşməsi dayanır? Düşünürəm ki, 4 il bundan əvvəl “Şərq qapısı” qəzetində oxuculara təqdim etdiyimiz bir yazıdan bəzi hissələri xatırlamaqla ermənilərin Naxçıvana iddialarının digər səbəblərini də görmək mümkündür. 
    Deməli, tarixi mənbələrə görə, 1787-1791-ci illərdə rus-türk müharibəsi başa çatdıqdan sonra 1799-cu ildə Rusiya imperatriçəsi II Yekaterinanın verdiyi fərman əsasında ermənilər Krım yarımadasından köçürülərək “Şimali Qafqazın qapısı” hesab edilən Rostov qalasının ətrafına yerləşdirilir. Don çayının sahilinə köçürülən ermənilər yerləşdikləri yerə “Yeni Naxçıvan” adı verirlər. 1838-ci ildən sonra isə bu ərazini “Naxiçevan-na Donu” adlandırırlar. 1928-ci ildə isə bu kiçik qəsəbə Rostov-Don şəhərinin bir hissəsinə çevrilməklə “Proletarnıy” rayonu adlandırılır və hazırkı adı da belədir. Əslində isə ruslar ermənilərin bu həyasız təbliğatının bir gün onların özlərinə qarşı da istifadə olunacağını dərk edib bu addımı atıblar.
    ABŞ-da yaşayan “Unudulmuş genosid”, “Erməni təbliğatının ikiüzlülüyü və yalanı” kitablarının müəllifi milliyətcə gürcü Feliks Sersvadze 2005-ci ildə Nyu-Yorkda nəşr olunmuş “Ermənistan və Dağlıq Qarabağ. Miflərin formalaşdırılması” kitabında yazır ki, 1799-cu ildə erməni arxiyepiskopu İosif Donda erməni muxtariyyəti təşkil etmək qərarına gəlir. Bu məqsədlə o həmin əraziyə Türkiyə və Krımdan köçürülmüş on minlərlə erməni gətirdi və hətta gələcək muxtariyyətin paytaxtı kimi – Don üzərindəki Naxçıvan adlı şəhər də saldı. Rusiya hakimiyyətindən əla güzəştlər aldı: erməni əmlakının Krımdan dövlət hesabına daşınması, iribuynuzlu mal-qaranın saxlanması üçün bir neçə min desyatin torpaq, 10 il ərzində vergilərdən sərbəst olmaq, erməni gənclərinin rus ordusunda xidmətdən azad edilməsi. Bundan başqa, hər ev sahibinə 30-40 desyatin torpaq, ev tikmək üçün pulsuz inşaat materialları ayrıldı. Toxum, mal-qara və iş alətləri 10 illiyinə verilirdi… Rusiya hakimiyyət dairələri erməni icması üçün böyük güzəştlərə gedir, hətta şəhər salmağa icazə verirdilər, lakin muxtariyyət yaratmağa qətiyyətlə icazə vermədilər. Yuxarıda adıçəkilən Don üzərindəki Naxçıvan şəhəri sonradan Rostov-Don şəhərinin tərkibində “əridi” və itdi. Amma Donda yaşamaları ermənilərə özlərini “Don kazakları” adlandırmaları üçün bəhanə verdi…
    Maraqlıdır, ermənilər niyə yerləşdikləri bu yeri “Yeni Naxçıvan” adlandırmalı idilər?
    Hamımıza məlumdur ki, qədimdən də qədim olan Naxçıvan Nuh Peyğəmbərin quruya ilk ayaq basdığı torpaqdır. Yəni bəşər sivilizasiyasının ikinci yaranışı bu müqəddəs yerdən başlayır. Ermənilər də hər kəsə özlərini qədim sivilizasiyanın bir hissəsi olduqlarını sübut etmək üçün Nuhun övladlarının soyundan gəldiklərini sırımağa çalışırlar. Erməni alimləri Nuhun Vətəni olan Naxçıvanı “Naxiçevan” formasına salmaqla sözü iki hissəyə ayırır və “Nax” hissəsini “birinci”, “ilkin”, “icevan” hissəsini isə “çıxış yeri”, “dayanacaq” kimi izah edirlər. Halbuki ermənicə “ilkin” ifadəsinin qarşılığı “himnakan”, “çıxış yeri”, “dayandığı yer” ifadəsinin qarşılığı isə “vayrejk”dir. Ancaq indiyə kimi heç kim Naxçıvanın adına heç bir mənbədə “Himnakan vayrejk” kimi rast gəlməyib. Türk dillərində isə, xüsusən Azərbaycan türkcəsində bu ifadə çox sadə və asan “Nuh çıxan yer” kimi izah olunur.
    Məncə, əlavə şərhə ehtiyac yoxdur. Artıq 2024-cü ildir və Naxçıvan öz muxtariyyətinin 100-cü ildönümünü qeyd edir. Bu gün Naxçıvan qalib Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bölgə maraqlarından çıxaraq Şərq-Qərb tranzitində açar rolunu oynayan region kimi diqqət çəkir. Zəngəzur dəhlizinin açılmasından sonra mühüm nəqliyyat habına çevriləcək qədim diyar həm də Cənubi Qafqazın iqtisadi inkişafına və təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.  

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 17.01.2024 15:02