AZ EN RU

Qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti ilə seçilən Ordubad

    Naxçıvan şəhərindən mütəmadi işləyən avtobuslar vasitəsilə adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinən Ordubad şəhərinə səyahət etmək mümkündür. Ordubad şəhərini şimal və şimal-şərq tərəfdən əhatə edən sərt sıldırımlı dağların mənzərəsi, Bəlkə dağının və Bərəkə qayasının görüntüsü şəhərə xüsusi yaraşıq qatır. Bu qeyri-adi şəhərin mərkəzinə doğru irəlilədikcə burada müasirliyin və tarixi gözəlliyin sehrinə qapılır insan. Tarixi binalar, muzeylər, nəhəng çinarlar, qədim meydanlar şəhərin simasını gözəlləşdirir. Sərşəhər (Şəşəri), Ambaras, Mingis, Kürdətal (mərkəz), Üçtürləngə kimi qədim məhəllələr, XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri  Ordubadın qədim tarixi və mədəniyyətindən xəbər verir. Hər məhəllənin meydanı, məscidi, çeşməsi  vardır.  Memarlıq üslubu, xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən, özünəməxsus yaşayış evləri, materialı cəviz ağacından olan taqqılbablı qapılar, qədim şəbəkə sənətinin izlərini özündə daşıyan abidələr şəhəri daha da cazibədar edir.
    Mənbəyi qar sularından mayalanan buz kimi sərin çeşmələri, kəhrizləri, təmiz dağ havası, meyvə bağları, istedadlı ziyalıları, qonaqpərvər, safürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları da  valeh edib. XX əsrin əvvəllərində buranı ziyarət etmiş səyyah Nefodov yazmışdı: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. 
    Ölkəmizdən kənarda da adla tanınan Ordubad limonu, sucuğu, qayğanağı, quru meyvələri bu bölgəni əvəzedilməz edir. Şəhərin mərkəzi meydanında, Cümə məscidinin sağında yerləşən çayxana nəinki Ordubad sakinlərinin, eləcə də bura gələn qonaqların əsl istirahət məkanıdır. Burada yaşı əsrlərə bərabər olan çinarların kölgəsi bu istirahəti daha da mənalı edir. İqliminə görə ilin bütün fəsillərində gözəl olan Ordubadın  cəlbedici xüsusiyyətlərindən biri də vaxtilə ipəkçilik və ticarət mərkəzi kimi məşhur olmasıdır. Tarixi mənbələrə əsasən Naxçıvan və Kirandan sonra üçüncü şəhər sayılan Ordubad XIII əsrdən başlayaraq Azərbaycanın 260 tümən illik hasilatının toplandığı 21 iri şəhəri sırasına daxil olub. Ordubad  həm də Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. İndi də öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyub nəsillərdən-nəsillərə ötürür. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri, dəniz səviyyəsindən 3900 metrdən də artıq hündürlükdə yerləşən Qapıcıq dağının ətəyində, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya abidəsi əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini özündə daşıyır. Qiymətli su mənbəyi olan kəhrizlər buranın qədim tarixindən soraq verir. Başqa bölgələrdən fərqli olaraq yeraltı tunellər şəklində tikilən kəhrizlərin bir çoxu  qırx pilləlidir.  
    XIX əsrə aid Ordubad hamamı, XVII əsrin orijinal tikililərindən sayılan Qeysəriyyə (Zorxana), XVIII əsr Pir Eyvaz türbəsi ulu keçmişimizin tarixi yadigarlarındandır. Ordubadda Malik İbrahim türbəsi, Əfqan qalası, Babək qalası, Şah dağı, Cahartac abidələri, Kürdətal məhəllə qəbiristanlığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu da qədim tarixi soraqlayır. Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını heyrətə gətirir. 1275-ci ildə tikilən məscidin giriş qapısına vurulmuş lövhədə 1604-cü ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb.
    Azərbaycan maarifçisi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqinin, Azərbaycanın görkəmli yazıçısı Məmməd Səid Ordubadinin, o cümlədən görkəmli kimyaçı Yusif Məmmədəliyevin vətəni olan Ordubad şəhərində Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin, maarifçi Məhəmməd Tağı Sidqinin  ev-muzeyləri, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi buraya gələnlərin ən çox ziyarət etdikləri yerlər sırasındadır. Təkcə Ordubadda deyil,  onun Aza, Tivi, Əylis, Nüsnüs və başqa kəndlərində olan abidə və məscidlər təkcə dini ziyarətgah baxımından deyil, tikinti-memarlıq xüsusiyyətlərinə görə də seçilir. Həmçinin füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi Göygöl, Pəzməri və digər kəndlərində olan buz kimi şəlalələr təbiət qoynunda dincəlmək istəyənlər üçün əsas məkanlardır. Ordubad təkcə tarixi abidələri ilə deyil, zəngin mətbəx nümunələri ilə də insanları cəlb edir. Tanınmış səyyah  Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə”  kitabında yazırdı: “Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”. 
    Ölkə başçısı cənab İlham Əliyevin 2024-cü il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamı bu qədim, tarixi şəhərə, onun vətənpərvər, qonaqpərvər insanlarına verilən yüksək qiymətin bariz ifadəsidir. Bu gün də özünün yüksək intellektli ziyalıları, zəhmətsevər insanları, dövlətçiliyə sədaqətli əhalisi ilə tanınan Ordubad tarix-mədəniyyət qoruğu kimi ölkəmizin tarixinin, mədəniyyətinin inkişafına bundan sonra da öz töhfəsini verəcək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 03.03.2024 20:00