AZ EN RU

Qədim tarixi-etnoqrafik cizgilərin daşıyıcısı olan dulusçuluq sənəti Ordubadda

    Qədim xalq sənətləri xalqın yaşamını, məişətini ifadə etmək baxımından böyük əhəmiyyət daşıyır. Hər bir xalqa məxsus olan sənət növü onun mənəvi yanaşmasını da özünəxas dərəcədə ifadə edir. Fərqli sənət növlərini müşahidə edərkən onda etnosun qədim düşüncə tərzini aşkarlamaq mümkündür. Bu maddi nümunələrə xalq düşüncəsinin təsiri də danılmazdır. Hər hansı dövrdə tələbat yaranan sənət növünü inkişaf etdirən xalq dərk etdiyi dünyanın cizgilərini bu nümunələrə də hopdurmuşdur. Bu baxımdan həmin sənət növləri tarixi əhəmiyyət də daşıyır. Belə sənət növlərindən biri də dulusçuluq sənətidir. 

    Xalq yaradıcılığının həm mənəvi, həm də maddi nümunələrini özündə mühafizəkar şəkildə qoruyub saxlayan qədim Ordubad torpağı həm də xalq sənətkarlığının bir çox növlərinin yaranıb inkişaf etdiyi tarixi məkandır. Belə ki, xalq yaradıcılığı sahələrindən olan misgərlik, dəmirçilik, xarratlıq, papaqçılıq, xalçaçılıq, ipəkçilik, dulusçuluq və sair zaman-zaman bu ərazidə məkan və coğrafi amillərlə təkmilləşərək inkişaf etmişdir. O cümlədən Ordubadda müxtəlif zamanlarda məşhur dulusçular da fəaliyyət göstərmişlər.
    Dulusçuluq sənəti köklü tarixin məhsuludur. Ordubadda bu sənətin tarixi keçən əsrlərlə səsləşir. Yazılı mənbələrdə xanlıqlar dövründə Ordubadda dulusçuluğun inkişafı barədə məlumat vardır. Bu məlumatlara əsaslanaraq demək mümkündür ki, Ordubadda və onun bəzi kənd­lərində saxsı qab istehsalı ilə məşğul olmuşlar. 

    Dulusçuluq sənəti xalq düşüncəsində gizli, sirli sənət də adlanır. Torpaqdan, gildən mükəmməl əşya hazırlaya bilən insan xalqın qədim təsəvvüründə sirlərlə dolu insan, sirli sənət sahibi kimi tanınırdı. Elə bu fikri Ordubad ərazisindən toplanan xalq yaradıcılığı nümunələrində də müşahidə etmək mümkündür. “Şah Abbas və onun sənəti” adlı nağılda nağıl qəhrəmanı öyrəndiyi dulusçuluq sənəti sayəsində düşməndən qurtulur. Düşmən əlində əsir olan qəhrəman düzəltdiyi dulusçuluq məmulatının üzərinə harada əsir düşdüyünü sirli hərflər vasitəsilə həkk edərək öz yaxınlarına göndərir. Bu naxışların hərəsini bir söz kimi oxuya bilən şahın xanımı onu xilas etmək üçün qoşun göndərir, qəhrəmanı xilas edir. 
    Müasir günümüzə qədər gəlib çıxan bəzi dulusçuluq əşyalarının da üzərində müxtəlif naxışlar həkk edilmişdir. Bəlkə də, hansısa sirli dünyadan xəbər verən bu naxışlar aşkarlanarsa, tarixi əhəmiyyət daşıya bilər.
    Azərbaycanın başqa regionları ilə müqayisədə Naxçıvan və onun ərazilərində xanlıqlar dövründə dulusçuluq məmulatlarının istehsalı geniş mövqedə idi. Mənbələrdə mövcud olan məlumata görə, Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı. Ordubadda fəaliyyət göstərən, növbənöv saxsı qablar istehsal edən dulusçu emalatxanalarının sədası qonşu xanlıqlara da yayılmışdı. Tarixi mənbələrdə Ordubaddakı dulusçu emalatxanalarından birinin fəaliyyətdən düşmüş karvansarada yerləşdiyi haqqında məlumata rast gəlmək mümkündür. Hazırda ərazidə mövcud olan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılan, müxtəlif tarixi dövrlərə aid olan gildən hazırlanan məmulatlar – dulusçuluq məmulatları ərazidə bu sənətin yaranmasının və fəaliyyətinin qədim keçmişindən xəbər verir. Muzeydə islamaqədərki dövrlərə aid olan gildən hazırlanmış küp qəbir Ordubad rayonunun Sabir Dizə kəndindəki ərazidə tədqiqatçı Bəhruz İbrahimov tərəfindən aşkar olunmuşdur. Etnoqrafik məlumatlara əsasən küp qəbirlərə öləni yerləşdirməklə bərabər, çörək və su da qoyardılar. Bu da etnosun o biri aləm-dünya etiqadı ilə bağlı düşüncələrinin ilkin formalarının izləri kimi təzahür edir. Muzeydə, həmçinin saxsı su-boru kəmərinin qalıqları da qorunmaqdadır. Sonrakı dövrlərə əsasən XIX əsrə aid istehsal nümunələri də muzeyin dəyərli eksponatlarındandır. Ziyalı Vilayət Bağırovun verdiyi məlumata görə, muzeydə qorunan küplərin bəzilərindən o dövrdə su, taxıl, pendir saxlamaq, qovurma tədarükü üçün istifadə edilmişdir. 
    Dulusçuluq məmulatlarından yaxın zamanlara qədər aktiv şəkildə istifadə olunmuşdur. Müasir günümüzdə də, Naxçıvan Muxtar Respublikasının digər regionlarında olduğu kimi, Ordubad rayonunun şəhər və kəndlərində dulusçuluq məmulatlarından turşuların, dənli ərzaq məhsullarının, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasına xarakterik olan qovurmanın qışa tədarükünü təşkil etmək üçün küplərdən geniş istifadə olunur. Bu qablar həmin ərzaqların həm lazımi şəkildə qorunmasına yararlıdır, həm də sağlamlıq baxımından olduqca əhəmiyyətlidir. Mətbəx qabları arasında dizə, qazança, küvəc, piti dopuları, aşsüzən və həlimdan dadlı və ləzzətli xörəklərin hazırlanmasında istifadə olunmuşdur. Bu qablarda hazır­lanan xörəklər xüsusi dada malik olur. Dopuda hazırlanan pitinin, saxsı səhəngdə saxlanan suyun, küpdə tədarük edilən qovurmanın dadından alınan zövq əvəzsizdir. 

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin 
şöbə müdiri

 

Nəşr edilib : 12.01.2023 21:05