AZ EN RU

Qədim sənət yaşadılır

    Respublikamızın müxtəlif bölgələrində toxuculuğun geniş yayılması, toxuculuq alətlərinin (hana, cəhrə, daraq və sair) hazırlanması, əhalinin məişət ehtiyaclarının ödənilməsi məqsədilə (nehrə, toxmaq, həvəngdəstə, tabaq, beşik, çömçə-qaşıq və sair) ağac məmulatlarından geniş istifadə olunub. Yurdumuzda bu sənət müxtəlif ustalar tərəfindən hələ də yaşadılır. 

    Culfa rayonu, Milax kənd sakini Elşən Novruzov uzun illərdir ki, bu əşyaları düzəltmək ilə məşğuldur. Onun düzəltdiyi ət daşı, oxlov, toxmaq, vərdənə, çörək daşı, həvəngdəstə, dəstər və digər mətbəx əşyaları hamı tərəfindən maraqla qarşılanır. Həmsöhbət olduğumuzda dedi ki, hər ağacdan bu əşyaları düzəltmək olmur. Toxmağı düzəltmək üçün gərək ən azı üç il öncədən kəsilmiş və yaxşı qurudulmuş tut ağacının odunu olsun. Əşyaları hazırlamaq üçün istifadə etdiyimiz ağaclar çox sulu yerdə bitən olmasa yaxşıdır. Həyətyanı sahəsində əkib-böyütdüyü ağaclardan, bəzən isə qonşu kəndlərdən ağac tədarük etdiyini deyən müsahibim bildirdi ki, əsasən, qurumuş ağacları kəsib istifadə edir. Hazırladığı məhsulları Mərkəzi Bazarda satışa çıxarır. 
      Elşən usta onu da  qeyd edir ki, təkcə taxtadan yox, daşdan də bəzi əşyalar hazırlayır. 
    Ət daşı, su daşı, dəstər  hazırlamaq üçün Qazançı qalasından daş gətirdiyini bildirən müsahibim dedi ki, ət daşını hazırlamağa çox vaxt və zəhmət tələb olunur. Qədimdən qalan və sadəcə, Naxçıvan mətbəxinə aid olan daş küftəsini bişirmək üçün ət daşı və tut ağacından düzəldilmiş toxmaq istifadə edilir. 
    Müsahibim su daşı da hazırladığını qeyd edir və vurğulayır ki, xüsusi daşlardan hazırlanan su daşına tələbat çox olsa da, çətin başa gələn bu əşyanı hazırlamaq çoxlu vaxt aparır: 
    – Müasir dövrdə bir çox mətbəx əşyaları ixtira edilsə də, qadınlarımız hələ də həvəngdəstə, dəstər kimi qədim əşyalara maraq göstərirlər. Dəstəri hazırlamaq üçün də Qazançı qalası yerləşən ərazidən daş gətirirəm. Bu əşyanı hazırlamağa iki oval daş lazım olur. Daşları elə yonmaq lazımdır ki, onlar paralel istiqamətdə hərəkət edə bilsin. Əl tutan yerini isə müxtəlif ağaclardan qoymaq olar. Dəstər vasitəsilə qovut, yarma  hazırlanır. Hələ qədim zamanlarda qadınlarımız bu alət vasitəsilə daşduzu üyüdürdülər. Müharibə dövründə arpanı, buğdanı, qarğıdalını  dəstərdə üyüdür, un halına çevirib bir tikə çörək bişirirdilər. Usta onu da deyir ki, bu gün də bəzi evlərdə bu alətlər qalır. Qadınlarımız qədimdən qalan adətləri davam etdirir.
    Xalqımızın milli mətbəxi zənginliyi, zövqlülüyü, qeyri-adi estetik görünüşü ilə yanaşı, müxtəlif əşyaları ilə də fərqlənir. Xanımlarımız tərəfindən bu gün də istifadəsinə önəm verilən bu mətbəx əşyaları isə özlüyündə milli mətbəx mədəniyyətimizin qədimliyindən  soraq verir. Bu mədəniyyətin unudulmamasında isə haqqında bəhs etdiyim Elşən Novruzov kimi sənətkarlarımızın da öz payı var.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 24.07.2023 20:25