AZ EN RU

Qədim Sədərək şəhəri

XX əsrdə Azərbaycan Respublikasının müstəqillik qazanması ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında mühüm mərhələnin başlanğıcını qoydu. Bu sürətli inkişafda tarix və mədəniyyət abidələrimizin ararşdırılmasına dövlət qayğısının gündən-günə artmasının da şahidi olurduq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyyəsi əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və dünyanın müxtəlif ölkələrinin universitetləri arasında elmi əlaqələr yaradılmışdır.

Bu elmi əlaqələrin sayəsində tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı beynəlxalq arxeoloji ekspedisiyalar təşkil edilməkdə, ölkəmizin qədim tarixinin öyrənilməmiş səhifələri üzə çıxarılmaqdadır. Bu ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiya Sədərək rayonunun qədim Kültəpə yaşayış yerində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə tədqiqatlara başlamışdır.

Sədərək yaşayış yeri ilə bağlı elmi ədəbiyyatda müxtəlif məlumatlar verilmişdir. Azərbaycanın görkəmli arxeoloqları, həmçinin xarici ölkə tədqiqatçıları bu yaşayış yerində olmuş, onun böyüklüyünə heyrət etmişdir. Yaşayış yerində ilk arxeoloji qazıntılar 2011-ci ildə Vəli Baxşəliyev və Abbas Seyidov tərəfindən kiçik bir sahədə aparılmışdır. Daha sonra müxtəlif illərdə Sədərək Kültəpəsinə beynəlxalq Azərbaycan-Amerika Birləşmiş Ştatlarının arxeoloji ekspedisiyasının üzvləri gəlmiş yaşayış yerinin planı çıxarılmış və onun 20 hektar sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin tədqiqatları zamanı Sədərək Kültəpəsindən Neolit, Eneolit və Kür-Araz mədəniyyətinə aid olduqca müxtəlif və maraqlı arxeoloji materiallar tapılmışdır. Bu tapıntılara əsasən Sədərək Kültəpəsində həyatın  e. ə. VII minillikdə başladığını demək mümkündür.

2019-cu ildə beynəlxalq Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyasının üzvləri  Sədərək Kültəpəsində üç müxtəlif yerdə yoxlama qazıntısı aparmış, Erkən Dəmir və Dəmir dövrünün inkişaf etmiş mərhələsinə aid maddi-mədəniyyət nümunələri əldə etmişlər.

Qədim Sədərək Kültəpəsi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər var. Bu rəvayətlərdə Sədərək Kültəpəsinin yerində böyük bir şəhərin varlığı, həmin şəhərin tufan nəticəsində məhv olması ilə bağlı məlumatlar  öz əksini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiyanın 2022-ci ilin may-iyun aylarında Sədərək Kültəpəsində apardığı arxeoloji qazıntılar nəticəsində bu əfsanələrin müəyyən tarixi köklərə malik olduğu ortaya çıxmışdır. Arxeoloqların tədqiqatları uğurla nəticələnmiş, Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Məlum olduğu kimi, Naxçıvanda şəhər tipli yaşayış yerləri e. ə. III minilliyin sonunda meydanada çıxmışdır. Tapıntılar sübut edir ki, bu ənənə Dəmir dövründə də davam etmişdir. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən  Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeridir. Arxeoloji araşdırmalar zamanı bu şəhərin yalnız bir qisminin- 600 kvadratmetrlik sahəsinin qalıqları aşkar olunmuşdur. 2019-cu ildən aparılan tədqiqatlar zamanı bu şəhərin tarixi də müəyyənləşdirilmişdir. Karbon nümunələrinin analizi şəhər tipli strukturların təqribən e. ə. 900-790-cı illərdə, yəni urartuların Cənubi Qafqaza yürüşlərindən xeyli əvvələ aid olduğunu müəyyən etməyə imkan vermişdir.

Diqqətçəkici məqamlardan biri də şəhərin düzənlik ərazidə salınmasıdır. Etnoqrafik məlumatlar göstərir ki, bu ərazidən vaxtilə gursulu çay axmış, şəhər çayın kənarında yerləşmişdir. Tədqiqatlar yeni başladığından şəhərin içməli su təminatı ilə bağlı fikir demək çətindir. Bu tip şəhərlərin su təminatı əsasən saxsı və ya daşdan hazırlanmış su boruları vasitəsilə olmuşdur. Daş döşəmələrin, böyük ictimai binaların aşkar olunması şəhərin qaynar və zəngin həyata malik olduğunu göstərir. Tapıntılar göstərir ki, şəhər sakinləri daşdan və gildən hazırlanmış qablardan, təsərrüfat məqsədilə isə  böyük küplərdən istifadə etmişlər.

Sədərək Kültəpəsinin Son Tunc və Erkən Dəmir dövrü təbəqəsi e. ə. XIV-IX əsrləri əhatə edir. Yaşayış yerinin digər dövrlərinə aid mədəni təbəqə hələklik aşkar edilməmişdir. Ehtimal edirik ki, Neolit və Eneolit dövrünə aid qədim yaşayış yeri şəhərin qalıqları altında qalmışdır. Eradan əvvəl III-II minilliyin ortalarında burada məskunlaşan kuti tayfaları Urartu yazılarında Etiuni adı ilə xatırlanmışdır. Assur mənbələri Urartuların şimal tayfaları ilə müharibədə məğlubiyyətindən, Urartu mənbələri isə Etiuni kralları ilə görüşlərdən məlumat verir. E. ə. I minilliyin əvvəlində düzənlik bir ərazidə formalaşan Sədərək şəhəri şəhər sakinlərinin dinc həyatından xəbər verir. E.ə. VIII əsrdə Urartuların Cənubi Qafqaza yürüşlərinin aktivləşməsi şəhər sakinlərini Sədərək qalasını inşa etməyə vadar etmişdir. Sədərək qalası, Qızqala, Oğlanqala kimi möhtəşəm müdafiə sistemlərində möhkəmlənən ulu əcdadlarımız düşmənə əzmlə müqavimət göstərmişdir. Etiunilər Urartu mənbələrində ən çox xatırlanan tayfalardan biridir. Azərbaycanın qərb bölgələrində və Naxçıvanda məskunlaşan bu tayfalar ölkəmizin torpaqlarını yadellilərdən mərdliklə qorumuşlar. Sədərək həm indi, həm də qədimdə doğma Naxçıvanımızın qeyrət qalası olmuşdur. 

Gələcək araşdırmalar zamanı Sədərək şəhərinin digər strukturları da aşkar olunaraq  ortaya çıxarılacaq, Azərbaycan, o cümlədən Naxçıvan tarixinin yeni səhifələrini üzə çıxarmağa imkan verəcəkdir.

Vəli Baxşəliyev

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Nəşr edilib : 07.06.2022 12:54