AZ EN RU

Qədim mənbələrdə oğuz yurdu – Naxçıvan

    Qazaxıstan Respublikasının beynəlxalq Impact Factor araşırmalar jurnalı olan “International Scientific-practical journal ENDLESS LIGHT in SCIENCE”nin 2023-cü ilin birinci nömrəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, 15 kitab, monoqrafiya, dərs və metodik vəsaitlərinin, 150-dən artıq elmi məqalənin müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Qədim mənbələrdə Oğuz yurdu Naxçıvan” adlı elmi məqaləsi çap edilmişdir. 

    Məqalədə, əsasən, Səbuhi İbrahimov nəsilliklə elm aləminin parlaq nümayəndələri olan qədim Oğuz yurdu Naxçıvan ziyalılarının yaradıcılıq fəaliyyətlərinin bütün istiqamətlərində inkişaf edərək müəyyən nailiyyətlər əldə etdiklərini qeyd edir. Tədqiqatda XIII əsrdə  Fəzlullah Rəşidəddin tərəfindən yazılmış “Came-ət-təvarix” kitabı mühüm əhəmiyyət kəsb edir. Bu kitabın Oğuz türklərinə aid bölməsində Azərbaycan toponimlərindən, Oğuzun yürüşlərindən bəhs olunur. Eyni zamanda qədim Oğuz yurdu olan Naxçıvan  bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təqdim edilir.
    Fəzlullah Rəşidəddin “Came ət-təvarix” kitabındakı “Oğuznamə”də oğuz türklərinin atası Oğuzun yürüşləri təsvir olunur. Müəllif deyilən əlyazma kitabında Naxçıvanı Arran və ya Şirvan vilayəti tərkibində verir.   
    Qədim Oğuz yurdu olan Naxçıvana dair bədii ədəbiyyatımızdakı qeydlər həmişə əsərlərin süjet və kompozisiyasına uyğun olaraq müəyyən kontekstdə verilmişdir. Məsələn, Heradotun “Tarix” kitabından bizə məlum olan “Astiyaq” və “Tomiris” əfsanələrində hadisələr eramızdan əvvəl Azərbaycan ərazisində cərəyan edir. Həmin əfsanələrdə konkret olaraq “Naxçıvan” adı çəkilməsə də, bölgədə baş verən tarixi hadisələr təsvir edilir. 
    Məqalədən də gələn elmi nəticə deməyə əsas verir ki, müdriklik və hikmət xəzinəsi olan “Oğuznamə”lər kitab mədəniyyətimizin ən qədim nümunələrindəndir. Eramızın VI əsrində “Oğuznamə”nin kitab halında olması haqqındakı tarixi məlumat onun daha əvvəlki dövrə aid olduğunu söyləməyə haqq verir. Belə bir tarixi məlumat vardır ki, XIII əsrdə Misirdə məmluk bəylərinin oxuduğu bir “Oğuznamə” kitabının kənarında VIII əsrin birinci yarısında yaşamış, əslən Azərbaycandan olan görkəmli sərkərdə Əbu Müslümün belə bir qeydi varmış ki, bu kitab mənə ulu babam Buxtu xandan qalıbdır. Başqa bir “Oğuznamə” isə IX əsrin ilk illərində fars dilindən ərəb dilinə tərcümə edilmişdir. S.Əlizadə öz tədqiqatlarında bildirir ki, “Oğuznamə” sübut edir ki, IX-XII əsrlərdə – Azərbaycanda ərəb və fars dillərinin zorakı yazılı dil hüququnu ələ keçirdiyi bir vaxtda, hətta çox-çox əvvəllər oğuz dili ədəbi-bədii fəaliyyətdə olmuş, zəngin bəşəri mündərəcəsi, ictimai-tarixi kəsəri, yüksək ədəbi-estetik səviyyəsi ilə seçilən ədəbiyyat yaratmışdır. XI yüzilliyin tanınmış şairi Mənuçöhr Damğaninin aşağıdakı mənalı beyti bir daha deyilənləri təsdiqləyir:

    Mənə o türkmənsayağı çox yaxşı, 
    Dediyin türk və oğuz şeirindən oxu

    Belə ki, məqalədə “Oğuznamə”lərdən biri olan və VII əsr anadilli ədəbiyyatımızın nadir nümunəsi sayılan, orta əsr türk xalqlarının “milli pasportu” adlandırılan “Kitabi-Dədə Qorqud” eposunda isə artıq konkret olaraq qədim Oğuz yurdu olan Naxçıvan bölgəsinin toponimləri verilir. Abidənin “Uşun qoca oğlu Səyrək boyu” adlanan onuncu boyunda belə qeydlərə rast gəlirik: “...sonra Şirokus kənarındakı Göycə dənizinədək sahəni çapıb-taladılar. Böyük qənimət əldə etdilər. Əyrəyin yolu Əlincə qalasına düşdü. Qara təkur orada bir qoruq düzəltdirmişdi. Quşlardan bu dairəyə qaz, toyuq, heyvanlardan  keyik, dovşan  doldurub, buranı oğuz igidləri üçün  tələ etmişdi”.
    Məqalədə həmçinin 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında 20 aprel 1997-ci il tarixli Fərmanına əsasən dastanın yubileyinin beynəlxalq miqyasda keçirilməsi qeyd olunur. Göstərilir ki, “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvan diyarı ilə, xüsusilə bağlıdır. Dastanda təsvir edilən bir sıra hadisələr bilavasitə Naxçıvan ərazisində baş verir. Bunu dastanda adıçəkilən coğrafi obyektlərin, əsasən, Naxçıvanda və onunla qonşu olan ərazilərdə olması da sübut edir. Məlumdur ki, oğuzların bir qolu Azərbaycanın cənubunda, o cümlədən Naxçıvan ərazisində məskunlaşmışdı. Qədim oğuz ellərinin, bir növ, mərkəzində yerləşən Naxçıvan diyarında “Kitabi-Dədə Qorqud” boyları və onların personajları ilə bağlı 50-dən çox toponim müəyyənləşdirilmişdir.
    Elmi məqalənin sonunda isə belə bir nəticəyə gəlinir ki, qədim Oğuz yurdu olan Naxçıvan və onun haqqında geniş bilgilər verən əlyazma mətnləri dəyərli mənbələrə söykənir. Tarixi keçmişimizi özündə əks etdirən Naxçıvana dair əlyazma mətnləri müxtəlif dil və yazı xətt nümunələri ilə seçilsə də, əsas və dəyərli mənbə materialları kimi qəbul edilmişdir. 
    Araşdırmada qədim Oğuz yurdu olan Naxçıvan haqqında bilgilər, bölgənin zəngin tarixi-ictimai keçmişi, mədəniyyət ocaqları, ədəbiyyat xəzinəsi, elmi yeniliklərin genişlənməsi, ona göstərilən diqqət, elm adamlarının həyat və yaradıcılığı öz əksini tapmışdır. Məqalə Naxçıvanşünaslıq baxımından böyük elmi-tarixi əhəmiyyətə malikdir və gələcək elmi araşdırmalar üçün əsaslı mənbə kimi gənc tədqiqatçılar üçün yeni elmi istiqamətlər açacaqdır.

   Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, professor

Nəşr edilib : 08.02.2023 21:43