AZ EN RU

Qədim kəndin bahar büsatı, yaz qayğıları

Xalqımızın milli kimliyindən soraq verən canlı tarixi eksponatın- Kültəpənin sehrindəyik. Bu gün həm də müasir görkəmi, bənzərsiz bahar mənzərələri ilə gözoxşayır, könül açır bu qədim kənd. Yazın təravətli nəfəsi ilə şuxlanan yaşayış məntəqəsini qısa ekskursiya edirik. Bar verən bağçaların, bağların, bağrında cürbəcür nemətlərin boy göstərdiyi ərazilərin, köksünə qoyun-quzunun ləpir saldığı çöllərin timsalında sanki gözlərimiz önündə rəngarəng çalarlarla zəngin “Bahar” adlı albom-kataloq vərəqlənir. İnsan zəhməti ilə fəslin birgə əməyinin məhsulu olan bu kataloqun səhifələri bir-birini necə də müfəssəl şəkildə tamamlayır: Uzun pərli qanadlarını gərərək məğrur-məğrur süzən, ov görərkən ildırım sürəti ilə aşağıya şığıyan leyləklər, baharın müjdəçisi sayılan ağacların ətrafında “qovalaqaç” oynayan qaranquşlar, güldən-çiçəyə pərvazlanaraq zəhmətkeşliyi ilə sənət əsəri yaradan arılar və əkin-biçin ərazilərində yorulmadan çalışan, özlərinə baxımlı dam-daş ucaldaraq bu gözəlliklərə gözəllik qatan insanlar... Bu doyumsuz gözəllikləri seyr edə-edə düşünürəm: Ulu yaradan hər fəsilə bir ayrı gözəllik, fərqli aura, bacarıq, qabiliyyət bəxş edib. Dünyanı dümağ qarına bələyən, sərt baxışlı qışın da, haylı-küylü rüzgarı, rənglərin harmoniyası ilə könülləri nostalji duyğulara kökləyən payızın da, al-əlvan, dadlı-tamlı meyvələri süfrələrimizi bəzəyən isti yayın da həyatımızda öz dəyəri, öz anlamı var. Ancaq dünyaya bir sevgi nəğməsi kimi yayılan, bütün varlığımızı, hiss və duyğularımızı təravət rayihəsinə bürüyən, gözlərimizi gözəllik işığına qərq edən baharın yeri həqiqətən bir başqadır...

Təbiətin bəşəriyyət üçün ən böyük ərməğanlarından olan ağaclarla insanların oxşar xüsusiyyətləri çoxdur. Ağac da insan övladı kimi “dünyaya göz açandan” qulluq, qayğı, nəvaziş istəyir. Onu böyüdüb, boya-başa çatdırıb xeyrini görəndə, meyvəsindən dadıb, kölgəsində sərinlik, rahatlıq taparkən zəhmətinin hədər getmədiyini dərk edirsən. Eyni ilə minbir zəhmət bahasına böyütdüyü övladının əməlisaleh, qabiliyyətli, iş bilən olduğunu biləndə sevincdən gözləri dolan valideyn kimi. Elə Kültəpə kənd sakini, ömrünün-gününün çoxunu ağac əkməklə, min bir zəhməti hesabına ərsəyə gətirdiyi bağa qulluq etməklə keçirən Vasif Cəfərov da əməyinin nəticəsini görüb şükr edənlərdəndir. Əvvəllər həyətyanı sahəsində bu işləri aparıb bəhrəsini gördükdən sonra təsərrüfatını daha da genişləndirməyə başlayan bağbanın hazırda 5 hektara yaxın meyvə bağı var. Alma, armud, heyva, göycə, ərik, şaftalı və digərləri olmaqla, ümumilikdə, 20 meyvə sortu yetişdirən təsərrüfatçı söhbət zamanı gördüyü işin ona xüsusi zövq verdiyini deyir:

 -Atalarımız gözəl deyiblər, istəyirsən bal çörək, al əlinə bel kürək. Lakin özünə yaxşı gün-güzəran yaratmaq üçün çalışmaq, zəhmət çəkməklə yanaşı həm də gərək gördüyün işə dərindən bələd olasan. Bu mənada yaddaşımda babamın nəsihətləri canlanır. Rəhmətlik biz nəvələrini başına yığıb söhbət edərkən tez-tez dahi şairimiz Nizami Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” sözlərini xatırladardı. Böyüyüb iş-güc sahibi olandan sonra bu sözlərin mənasını dərk edə bildim. Bağ salmaq, ağac əkmək də insandan böyük zəhmətlə yanaşı bu işə dərindən bələdçilik, incəlik, dəqiqlik tələb edir. Təcrübəmə əsasən deyim ki, əkilən ağaclardan yüksək məhsuldarlıq əldə etmək üçün ilk növbədə münbit torpağa malik ərazi seçilməli, tinglər vaxtlı-vaxtında suvarılmalı, dibləri boşaldılmalı, budanmalı, zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Tingləri əsasən erkən yazda, fevral-mart aylarında, payızda isə oktyabr-noyabr aylarında əkmək məsləhətdir. Bağın meyvəsinin alıcısı da başının üzərindədir, bazara çıxarmağıma gərək qalmır, elə ərazidən gəlib alırlar. Meyvəqurutma avadanlığım da var. Məhsulu həm yaş halda, həm də qurudub satıram.

Vasif Cəfərov deyir ki, Naxçıvanın brendi sayılan göycənin alıcılıq qabiliyyətini nəzərə alaraq payız aylarında muxtar respublikada bir ilkə imza atmaq niyyətindədir. Təsərrüfatçı 5 hektara yaxın meyvə bağının 3-4 sotunu hisəsini ayıraraq göycə istixanası yaradacaq. İstixana 35 ağac əkəcək. Sentyabr-oktyabr aylarında işə başladığı təqdirdə, artıq mart-aprel aylarında ağaclarının bar verəcəyini deyir. Zəhmətkeş insan iki il bundan əvvəl bir ağacın üzərində təcrübə də aparıb və nəticəsi müsbət olub. Bu yolla yaxşı gəlir əldə edəcəyinə inanır.

Kültəpənin yenicə boy göstərən yamyaşıl tarlalarını arxada qoyub qoyun-quzu mələşən örüş sahəsinə yol alırıq. Burada bizi kəndin ən zəhmətkeş insanları-Həbib Meydanov, Aqil İbrahimov qarşılayır. Həbib deyir ki, bu qədim sahə ona ata-babadan miras qalıb:- Hazırda təsərrüfatımda 300 baş qoyun-quzu vardır. Bir neçə ildir heyvanlarımızı otarmaq üçün örüş sahəsi ayrılmadığından əziyyət çəkirdik. Nəhayət ki, bu il müraciətimizə müsbət cavab verildi və bu məqsədlə 45 hektar ərazi ayrıldı. Yay aylarında Şahbuz rayonundakı yaylaqlara üz tuturuq. İlin bu vədəsində yeganə qayğımız çiçək və brazot xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlıdır. Çalışırıq ki, vaxtında heyvanların iynəsini vurduraq ki, tələfat olmasın. Onu da diqqətimizə çatdırır ki, ailəsinin yeganə dolanışıq yolu qoyun-quzu saxlamaqdır: –Bir övladım təsərrüfatdan qazandığım məvacib hesabına Bakıda ali təhsil alır. Orta məktəbin axırıncı sinfində oxuyan digər övladımın ən böyük arzusu Xankəndidə yeni yaradılan Qarabağ Universitetinin tələbəsi olmaqdır. Uca Yaradan hər kəsi arzusuna çatdırsın.  

Kəndin mərkəzinə doğru irəliyəririk. Avtomobilin azacıq açıq qalmış pəncərəsindən içəriyə bir andaca çörək ətri dolur, maşını saxladıb aşağı düşürəm. Ətrafa nəzər saldıqda yoldan bir az kənarda qapıları açıq, üzərində “Nəriman lavaş sexi” yazılan binanın qarşısında ağ xalatlı bir neçə xanımın yerdəki çörək qırıntılarını ciddi-cəhdlə yığmaları diqqətimi çəkir. Həmin an qeyri-ixtiyarı düşüncəmdə yolda qarşısına çıxan çörək qırıqlarını əyilib götürməyən, ancaq özgə vaxt ruzi-bərəkətdən ağız dolusu danışan insanlar canlanır. Ancaq görünən odur ki, bu lavaş sexində çalışanlar uca Yaradanın bizə bəxş etdiyi, bərəkətinə and içdiyimiz çörəyə hörmətsizlik etməmək üçün əllərindən gələni əsirgəmirlər. Çox güman ki, ulu babalarımız da belə xoş mənzərələr, qədir-qiymət bilən insanlarla qarşılaşan zaman “Çörəyi ver çörəkçiy,ə birini də üstəlik” söyləyiblər. Buyurun keçin, müəssisəmizlə yaxından tanış olun, – deyən obyektin rəhbəri Mənsur Cəfərov məni munis düşüncələrdən ayırır. İstehsal sahəsi ilə qısa tanışlıq zamanı işçilərin sexi, geyimlərini səliqəli, təmiz şəkildə saxlamaları diqqətimizi çəkir. Öyrənirik ki 2008-ci ildə yaradılan sexdə gündəlik olaraq 15-20 kisə lavaş istehsal olunar. İstehsal obyekti Kültəpə ilə yanaşı, digər kəndlərin sakinlərinin də tələbatını ödəyir. Sahibkar burada bişirilən çörəyin fərqliliklərindən danışaraq deyir ki, çörəyin hazırlanmasında ancaq yerli xammaldan istifadə olunur. Özü şəxsən təsərrüfatçılardan buğdanı alaraq üyüdür və həmin undan lavaş bişirilir

Lavaş təllərini ehmalca avtomobilin arxasına yığaraq sifarişi vaxtında ünvanına çatdırmağa tələsən işgüzar insana işiniz irəli, çörəyiniz hər zaman belə bərəkətli olsun-deyib sağollaşırıq.

Kültəpə kəndindən ayrılıb şəhərə doğru qayıdarkən yolboyu bahar büsatına bürünən abad yaşayış məntəqələri yenidən gözlərim önündə canlanır. Yurdumuzun da, ömrümüzün də hər zaman yaz təravətinə bürünməsi diləyi ilə yaddaşımda Xalq şairi Məmməd Arazın misraları çınlayır:

 Baharın nə gözəl çağları gəlmiş,

Bülbülü çağırır gül səhər-səhər.

 Vətənin eşqiylə dil açıb yenə

Könlümün sazında tel səhər-səhər.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.04.2024 17:12