AZ EN RU

Qədim diyarın dahi yazarı

Əgər söhbət tarixilik və poeziyadan açıldısa, qədim diyarımız olan Ordubadın və tarixi romanların peşəkar ustası, ziyalı, publisist Məmməd Səid Ordubadinin adını çəkməmək həm ədəbiyyata, həm də Ordubad bölgəsinə haqsızlıq olar.
Tarixi romanları ilə ədəbiyyata iz salan görkəmli bir yazar. Siz bu yazarı mətbuatımıza iz qoyan “Molla Nəsirəddin” jurnalında yazdığı şeirləri, felyeton və satiraları ilə xalqı cəhalətdən oyantmağa çalışarkən və yaxud da Naxçıvan, Gəncə, Şamaxı və Canubi Azərbaycanda tarixi şəxsiyyətlərin, yazarların, memarların həyatından danışarkən də görə bilərsiz.  Onun qələmində gah Cənubda üsyanlara birgə rəhbərlik edib Cənuba getdik, gah da  Atabəylər dövrünə səyahət edib Ordubadi təxəyyülünün sehrinə düşərək Nizaminin, Məhəmməd Cahan Pəhlavanın və görkəmli abidələri ilə Naxçıvanı bəzəyən Memar Əcəminin  söhbətlərinə şahid olduq.
Ordubadinin əsərlərinin adına fikir versək, görərik ki, peşəkarlıqla seçilmiş bu adlar nisbətən bizə kitabın əsas mövzusu haqqında düşünməyə və fikrimizdə bir şeylər canlandırmağa hələ kitabı oxumamamışdan köməklik edəcək. Bu adların siyahısında heç şübhəsiz yazarın yaradıcılıq irsinə daxil olan şah əsərlərindən biri olan “Qılınc və qələm” romanının adını çəkmək yerində olardı. Romandan danışarkən insan Nizami Gəncəvinin qələmi yoxsa Azərbaycanın igid oğlu, Nizaminin yaxın dostu Fəxrəddinin at belində etdiyi qəhramanlıqlar daha güclüdür, deyə düşünərək xəyallara dalır. 
Bunlardan əlavə başa düşülən dil ilə yazılan şeirlər və romanlar xalq tərəfindən daha çox sevilmişdir. Hətta Ömər Faiq Nemanzadə Məmməd Səid Ordubadinin ilk şeirlər  kitabı olan “Qəflət”in ön sözündə bu fikirləri təsdiq edərək yazırdı:  “Bugünkü halımızda camaatı oxumağa həvəsləndirməyin ən gödək yolu, bizcə, açıq dil ilə yazılan kiçik-kiçik faydalı kitablardır... “Qəflət” nəşri-savad qəsdilə çıxardığımız əsərlərin birincisidir”.
“Molla Nəsrəddin"in “Hərdəmxəyal”ı. Ordubadi özünə belə deyərdi və jurnaldakı yazılarını da bu imza ilə yazardı. Amma bu yazılar elə ustalıqla yazılmışdı ki, sanki bu hadisələr olub və Ordubadi o dövrdən bu dövrə özünün gizli zaman maşını ilə gələrək bunları yazıb. 

 Məmməd Səid Ordubadinin 70 illik yubileyində dramaturq Sabit Rəhman onu təbrik edir:
– Mirzə, o gün olsun, 150 illik yubileyinizi də bu gözəl zalda qeyd edək.
Ordubadi dözməyərək deyir:
– Gədə , sən o vaxta qalmazsan!
Digər maraqlı bir hadisə isə yazarın başına məhz “Kommunist” qəzetində işləyərkən gəlir:
O dövrün böyük maarifçiləri Nəcəf bəy Vəzirov, Abdulla Şaiq və Əbdürrəhim bəy Haqverdiyev birləşərək Ordubadiyə baş çəkirlər. Ordubadi onlarla görüşdükdən sonra cəld zəngi basıb katibəni çağırır:
– Get arxivin açarını bura gətir!
– Hansı arxivin açarını?
Nəcəf bəy Ordubadinin dillənməsinə imkan verməyərək gülə-gülə deyir:
– Ay qız, gördüyün adamların hamısı arxiv malıdır. Məmməd Səid bizi arxivə qoymaq istəyir.
Bu kimi maraqlı hadisələr  hələ çoxdur. Artıq Ordubadi ilə birgə adını çəkdiyimiz yazar və maarifpərvərlər üçün bizim edəcəyimiz yalnız onların yazılarını oxuyaraq bizə verdikləri mirasları dərk etməkdir. 
Bu gün isə təqvimdə 24 Mart, yəni dahi yazar Ordubadinin doğum günüdür. 152 illik doğum günü. Dahi yazar bu qədim torpaqda yalnız 152 ildir ki, Azərbaycana adını çatdırır. Baxmayın ki, bu 152 illik yubileyin 78 ilini yaşaya bildi. O, hələ də öz romanlarının ölməz bir yazarıdır. Hər dəfə oxuduqda o kitabdan bizə boylanan peşəkar bir yazar.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 24.03.2024 11:43