AZ EN RU

Qədim diyarımızda mərasim evləri və məscidlərin tikintisi ənənə halını alıb

    Muxtar respublikamızda da dövlət-din münasibətləri ardıcıl şəkildə həyata keçirilir. Müstəqillik illərində 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilmiş, Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunmuşdur. Hazırda muxtar respublikada 214 məscid vardır. Dindarların biliklərinin artırılması sahəsində də işlər görülmüş, 407 din xadiminə vəsiqə verilmişdir. Mövcud dini-mədəni irsin və görülən işlərin nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Muxtar respublikamızın şəhər və kəndlərində dövlət tərəfindən inşa edilən mərasim evləri ilə bərabər sakinlərin, yerli iş adamlarının, şəhid yaxınlarının öz vəsaitləri hesabına tikdirdiyi mərasim evləri yas mədəniyyətini daha yaxşı səviyyəyə gətirmək, sakinlərin həmin günlərdəki işlərini asanlaşdırmaqla bərabər kənd və şəhərlərin hüsnünə gözəllik də qatır. Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur rayonunun mərkəzində və kəndlərdə belə mərasim evlərinin inşasına, məscidlərin yenidən qurulmasına illərdir ki, başlanılıb. Növbəti belə addım rayonun Ələkli kəndinin sakinləri tərəfindən atılıb. Kənd sakinlərinin təşəbbüsü və öz vəsaitləri hesabına “Şəhidlər” məscidi inşa olunur. Ötən günlərdə məscidin təməli atılıb. Kəndin yurdumuzdan kənarda yaşayan imkanlı şəxsləri də bu humanist işə öz yardımlarını göstərəcəklər. 
    Məscid Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilir. Qeyd edək ki, Ələklinin igid oğulları diyarımızın igidləri ilə birlikdə Vətən müharibəsində iştirak edib və bu savaşda beş igid oğul şəhidlik zirvəsinə ucalıb. Onlardan biri “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. 
 

Nəşr edilib : 07.08.2023 19:49