AZ EN RU

Qədim Cümə məscidində əsaslı təmir-bərpa işləri davam etdirilir

    Son illər muxtar respublikamızda tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəldilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa edilməsi hər kəsi sevindirir. Bu qədim abidənin təmir-bərpası zamanı muxtar respublika rəhbəri bir neçə dəfə inşaat meydançasında olmuş, dəyərli tövsiyələrini vermişdir.
    Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan qədim Cümə məscidi öz əzəməti ilə diqqəti cəlb edir. Həmin bina nadir memarlıq abidəsi kimi hər zaman rayona gələn qonaqları heyrətə salıb. Memarlıq görkəmi ilə diqqəti cəlb edən bu tikili XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-cü ildə I Şah Abbasın beş sətirlik fərmanının mətni yazılıb. 
    Bu ibadət ocağının memarlıq quruluşu saxlanılmaqla burada dindarlar üçün lazımi şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində də geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemi yaradılacaq.
     Onu da qeyd edək ki,  məsciddə fasad divarlarının və binadaxili divarların yenilənməsi, məscidin dam örtüyünün yenidən qurulması, ətrafdakı yöndəmsiz binaların təmir-bərpa edilməsi başa çatdırılıb. 

Abbas SEYİD

Nəşr edilib : 10.03.2022 20:32