AZ EN RU

Qəbul imtahanlarında Şahbuz rayonunun 9 məktəbi 100 faiz nəticə göstərib

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 89-u tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 

    Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bir çox amillərlə səciyyələnən proses, kompleks tədbirlərlə əhatə olunan, intensiv innovasiyaların tətbiqi ilə bilavasitə əlaqələnən mürəkkəb əməliyyatlar sistemindən ibarətdir, müasir tədris şəraitinin yaradılması isə bu sahədə mühüm rol oynayan başlıca faktordur. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində Şahbuz rayonu ərazisində yerləşən ümumtəhsil müəssisələrində də müasir tədris şəraiti yaradılıb. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Şahbuz rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 74-ü müəllim kimi fəaliyyətə başlamış, 27-si isə müxtəlif vəzifələrə təyin olunmuşdur. 
    Bildirilib ki, 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 9-u Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Ötən tədris ili üzrə Şahbuz rayon ümumtəhsil məktəblərindən 123 şagird məzun olmuşdur ki, onlardan da 121-i, yaxud 98 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Sənəd verənlərin 89-u, yaxud 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, 9-u 500-700 arası nəticə göstərmişdir. 1 məzun “Qızıl” nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 17 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
    Şahbuz rayonunda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Yusif Kazımlı isə Prezident təqaüdünə layiq görülmüşdür. 
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirib. 
    Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov təhsilin inkişafına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şahbuz şəhər 1 və 2 nömrəli, Badamlı qəsəbə, Şahbuzkənd, Mahmudoba, Badamlı, Ayrınc, Sələsüz, Daylaqlı, Şada, Nursu kənd tam orta məktəblərinə diplomlar təqdim edilib, xatirə şəkli çəkdirilib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.11.2022 20:39